Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AMİU) professoru, Nəzəri mexanika kafedrasının
müdiri, texnika elmləri doktoru Knyaz Ələsgər
oğlu Əliyevin bu günlərdə, işlədiyi təhsil
ocağında anadan olmasının 70 illik,
elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyi
keçirilmişdir. Yubileydə iştirak edən,
respublikamızın görkəmli elm xadimləri,
akademiklər, K.Əliyevin müəllim və tələbələri,
onun 50 illik elmi-pedaqoji fəaliyyətini çox
yüksək qiymətləndirdilər, həmkarları, dostları
və tələbələr arasında dərin hörmətə malik
olduğunu qeyd etdilər. Deyildi ki, bu cür
hörməti, sevgini o, dərin elmi zəkası, səmərəli
elmi axtarışları, yüksək insani keyfiyyətləri və
ən vacibi halal əməyi ilə qazanmışdır.
K.Əliyev
1940-cı il martın 21-də Qərbi Azərbaycanın
(indiki Ermənistanın) Amasiya rayonunda anadan
olmuşdur. O, 1957-ci ildə Amasiyanın Güllübulaq
kənd orta məktəbini qızıl medalla bitirmişdir. O
dövr azərbaycanlılara qarşı erməni xislətinin
dirçəliş dövrü idi. Onun bilik və bacarığı
azərbaycanlılara, onların inkişafına qarşı
aparılan erməni siyasətinə yeniyetmə
azərbaycanlının layiqli cavabı idi. Bununla da
o, rayonun orta məktəb şagirdləri, özündən sonra
gələn nəsillər üçün örnək oldu.
Elə həmin il o, əla qiymətlərlə Azərbaycan
Politexnik İnstitutunun (indiki Azərbaycan
Texniki Universiteti - AzTU) mexanika
fakültəsinə daxil olmuşdur. 1962-ci ildə AzPİ-ni
Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar
və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə
bitirərək, mühəndis-mexanik sənətinə
yiyələnmişdir. Lakin müəllimləri, görkəmli
alimlər - professorlar H.Məmmədov, N.Qədirov və
İ.Bəxtiyarov onda olan dərin biliyi, istedadı və
öz biliklərini çatdırma qabiliyyətini görmüş,
K.Əliyevin bir ali məktəb müəllimi kimi Vətənə,
xalqımıza daha çox fayda verəcəyini
qiymətləndirmiş, onu Nəzəri mexanika
kafedrasında müəllim-assistent vəzifəsində
saxlamışlar. Sonrakı təcrübə alimlərimizin
uzaqgörənliyini təsdiq etmişdir.
Knyaz müəllim öz həyat və fəaliyyətində babası,
rəhmətlik Hacı Əlinin "Elmsiz adam kor kimidir.
Əlindən tutub uçuruma salmaq olar. Oxumağın
qədrini bilin ki, axirətdə də rahat olasınız",
nəsihətini əsas götürərək ömrünü elmə, təhsilə
həsr etmişdir. O, Azərbaycan vətəndaşlarının bu
istiqamətdə inkişaf etmələri üçün əlindən gələni
əsirgəmir. Kimliyindən asılı olmayaraq, istər
elmdə və təhsildə, istərsə də insan
fəaliyyətinin digər sahələrində, əsl ziyalı kimi
təmənnasız kömək onun həyat amalıdır.
K.Əliyev 1969-cu ildə professor İ.Bəxtiyarovun
rəhbərliyi altında namizədlik dissertasiyasını,
1986-cı ildə isə Leninqrad (indiki
Sankt-Peterburq) Politexnik İnstitutunda
"Çoxrabitəli bircins və qarışıq mühitlər üçün
elastiklik" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edib. Keçmiş SSRİ-nin
görkəmli alimləri, professorlar D.İ.Şerman,
G.R.Çerepanov, V.A.Palmov və b. onun elmi işini
yüksək qiymətləndiriblər. XX əsrin 70-80-ci
illərində Azərbaycanda (və eləcə də SSRİ-də)
iqtisadiyyatın inkişafı elmi-texniki tərəqqidən
əsaslı şəkildə asılı olmuşdur. Məhz bu dövrlərdə
Knyaz müəllim mexanika elminə özünün əsaslı
töhfələrini vermiş və bu sahədə elmin qabaqcıl
nümayəndələri siyahısına daxil olmuşdur.
Professor K.Əliyevin elmi fəaliyyəti
çoxşaxəlidir: Mexanika üzrə onun işlədiyi nəzəri
metodlar maşınqayırmada, inşaatda, neft və qaz
istehsalında istifadə olunan bəzi hissələrin
müxtəlif variantlı yüklənmələrindən asılı olaraq
gərginlik hallarının tədqiqində xüsusi yer
tutur. Mötəbər elmi-texniki konfranslarda
(Moskva, Sankt-Peterburq, Daşkənd və s.) onun
məruzələri diqqətlə izlənilir.
Knyaz müəllim 1994-95-ci illərdə Türkiyənin
Batman, İzmir universitetlərində mühazirələr
oxumuş, məşğələlər aparmışdır. Bu təvazökar alim
öz bilik və müəllimlik bacarığı ilə türkiyəli
tələbələrinin də dərin rəğbət və məhəbbətini
qazanmışdır. Onların bir qismi hələ də Knyaz
müəllimlə əlaqə saxlayır, ondan məsləhətlər
alır.
Professor K.Əliyev 1993-cü ildən Təhsil
Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika"
bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru)
və doktorluq (elmlər doktoru)
dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın
üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın
sədridir.
Knyaz müəllimin elmi-pedaqoji fəaliyyəti nəinki
Azərbaycanda, keçmiş Sovet İttifaqında, hətta
okeandan o tərəflərdə də pozitiv əks-sədasını
vermişdir. Amerika Bioqrafiya İnstitutu
tərəfindən 1997-ci ildə dərc olunmuş dünyanın
2000 ən görkəmli elm və ictimai xadimini əhatə
edən beynəlxalq sorğu kitabında-ensiklopediyada
ona xüsusi yer ayrılmış, elmi-pedaqoji
fəaliyyətinə yüksək qiymət verilmişdir. O,
2009-cu ildə yenə də Amerika Bioqrafiya
İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə
təltif edilmişdir.
Professor K.Əliyevin elmi və pedaqoji fəaliyyəti
ölkə başçısı tərəfindən də layiqincə
qiymətləndirilmişdir. 2006-cı ildə möhtərəm
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
professor K.Əliyev "Əməkdar müəllim" fəxri adına
layiq görülmüşdür. O, dəfələrlə Təhsil
Nazirliyinin fəxri fərmanları ilə təltif
edilmişdir.
Elmi-pedaqoji fəaliyyəti müddətində
respublikamızda elmi-pedaqoji kadrların
hazırlanmasında Knyaz müəllimin müstəsna rolu
olmuşdur. O, 35 ilə yaxındır ki, AMİU-nun Nəzəri
mexanika kafedrasına rəhbərlik edir. 100-dən
artıq elmi məqalənin, dərs vəsaitinin
müəllifidir. Onun rəhbərliyi altında 10-dək alim
yetişmişdir.
Knyaz müəllim həm də gözəl ata, nümunəvi ailə
başçısı və sədaqətli həyat yoldaşıdır.
Professor K.Əliyev öz həyatını elmi-pedaqoji
fəaliyyətə həsr etməyini, azərbaycanlı gənclərin
intellektual səviyyəsinin yüksəldilməsinə
töhfələr verməsini həyatının ən mənalı anları
hesab edir və bununla fəxr edir. Onun
tələbələri, rəhbərliyi altında elmi dərəcələr
almış alimlər respublikamızın təhsil sistemində,
idarəetmənin müxtəlif sahələrində, istehsalatda
çalışır və ölkəmizin tərəqqisində öz bilik və
bacarıqlarını əsirgəmirlər.
Sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq
uğurları diləyirik, Knyaz müəllim!
N.RƏSULOV,
AzTU-nun professoru |