M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin (MDU) qlobal proseslər
fakültəsində "Qlobal tədqiqatların aktual
problemləri" mövzusunda beynəlxalq elmi konfrans
və fakültənin yaradılmasının 5 illiyinə,
həmçinin dialoq və inkişaf naminə ümumdünya
mədəni müxtəliflik gününə həsr edilmiş təntənəli
bayram yığıncağı keçirilmişdir.
Tədbirin açılışında konfransın Təşkilat
Komitəsinin sədri, MDU-nun rektoru, Rusiya
Elmlər Akademiyasının həqiqi üzvü Viktor
Sadovniçi, Rusiyanın və xarici ölkələrin aparıcı
alimləri, ictimai xadimlər, o cümlədən, Dünya
Mədəniyyət Fondunun prezidenti Federiko Mayor və
qloballaşmaya aid tədqiqatların əsasını
qoyanlardan biri, professor Roland Robertson
çıxış etmişlər.
Konfransın əsas məqsədi qlobal tədqiqatlar
sahəsində Rusiya və dünya təcrübəsini
ümumiləşdirmək, habelə müxtəlif ölkələrin
intellektual potensialını cəmləşdirmək, milli,
regional və qlobal səviyyələrdə sosial inkişafa
və əməkdaşlığa dair tövsiyələr hazırlamaqdan
ibarət idi. Konfransda elmi ictimaiyyətin
davamlı inkişaf yolunda qarşılıqlı fəaliyyətinin
zəruri olması da qeyd edilmişdir. İnsan və onun
qlobal dünyada üzləşdiyi problemlər, təhsilin,
tərbiyənin və gələcəyin aktual məsələləri diqqət
mərkəzində olmuşdur.
Konfrans çərçivəsində "Qlobal tədqiqatlar:
fəlsəfi-metodoloji aspektlər" və "Qlobal
tədqiqatlar: təbii-elmi və riyazi aspektlər"
seksiyaları üzrə müzakirələr aparılmışdır.
Fəlsəfə elmləri namizədi, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun böyük elmi
işçisi, Rusiya EA Fəlsəfə İnstitutunun
doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin
vitse-prezidentinin müşaviri, "Qlobalistikada
kim kimdir və nə nədir" elm və təhsil Ekspert
Şurasının üzvü Ariz Gözəlov və AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun kiçik elmi
işçisi, Rusiya EA Dövlət və Hüquq İnstitutunun
stajoru, Rusiya Fəlsəfə Cəmiyyətinin elmi katibi
Kamilə Gözəlovanın birgə təqdim etdiyi
"Qloballaşma müasir dövrdə dövlətin islahatı
kimi (sosial-hüquqi təhlil)" mövzusunda məruzə
də böyük maraqla qarşılanmışdır.
Elmi konfransın materialları əsasında nəşr
ediləcək kitaba AzərTAc-ın Baş direktoru, Rusiya
Fəlsəfə Cəmiyyətinin üzvü Aslan Aslanovun
hazırladığı, konfransa təqdim edilmiş
"Qloballaşma dövründə informasiya cəmiyyəti"
mövzusunda məruzə də daxil ediləcəkdir.
AzərTAc |