Bakıdakı 193 nömrəli orta məktəbdə tanınmış
rejissor Ziya Şıxlınski ilə məktəbin pedaqoji
kollektivi və şagirdlərinin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Rahim
Hüseynov açaraq sənətkarın həyat və
yaradıcılığı barədə məlumat verdi. Bildirdi ki,
Azərbaycanın tanınmış rejissoru Ziya Şıxlınski
40 il bundan qabaq bu məktəbdə oxumuşdur.
Sonra söz qonağa verildi. Ziya Şıxlınski
məktəbdə oxuduğu müddətdə yaddaqalan
xatirələrdən və hazırda rejissorluq
fəaliyyətindən ətraflı danışdı.
Həmin gün sənətkarın iştirakı ilə XI sinif
şagirdi Günel Həsənovanın rəsm əsərlərindən
ibarət sərgiyə baxış da keçirildi. Məlum oldu
ki, Günel Həsənovanın 150-yə qədər rəsm əsəri
var. Arzusu Azərbaycan Rəssamlıq Akademiyasında
oxumaqdır. "Dünya uşaqların gözü ilə" rəsm
sərgisində iştirakına görə sertifikat alıb.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində
keçirilən fotosərgidə iştirakına görə isə II yer
tutub. Bugünkü rəsm əsərlərində isə Bakı
şəhərinin qədim guşələrindən olan İçərişəhər,
Qız qalası və Novruz bayramına aid məqamlar
təsvir olunurdu.
Sonda rejissor Ziya Şıxlınski Günel Həsənovanın
rəsm əsərlərindən ibarət olan bu sərgidən razı
qaldığını bildirdi. Məktəblilərin suallarına
cavab verən qonaq onlarla xatirə şəkli çəkdirdi.
Şakir CƏFƏROV |