Mayın 18-də AMİ-nin Ağcabədi filialında
yazıçı-publisist, respublikanın əməkdar
jurnalisti Ziyəddin Sultanovun "Göylərdən gələn
gəlin" sənədli povestinin təqdimat mərasimi
keçirildi.
Tədbiri
giriş sözü ilə açan filialın direktoru,
professor X.Məmmədov bildirdi ki, "Xalq
qəzeti"nin xüsusi müxbiri Ziyəddin Sultanov
respublikamızda qüdrətli qələm sahibi kimi
tanınmaqdadır. Onun indiyə kimi bir-birindən
sanballı "Məni də sevən var", "Ömür keçdi, gün
keçdi", "Qarabağ gündəliyi", "Qarabağın qara
günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn
var", "Burdan bir atlı keçdi", "Kəklik", "Bir
qonağam bu dünyada", "Əsirlər, girovlar,
itkinlər", "Qarabağ müharibəsi:
faktlar...hadisələr...düşüncələr" və "Göylərdən
gələn gəlin" kimi əsərləri geniş oxucu
kütləsinin ixtiyarına verilmişdir.
Qeyd edildi ki, "Göylərdən gələn gəlin" sənədli
povestinin təqdimat mərasimini məhz bu gün qeyd
etməyimiz təsadüfi deyildir. 18 may tarixi Laçın
rayonunun erməni qəsbkarları tərəfindən işğal
edildiyi gündür. Müharibənin dəhşətli
gündəliyini vərəqləyən, bu gün təqdimatına
toplaşdığımız "Göylərdən gələn gəlin" əsəri
Laçında doğulub, boya-başa çatan, xalqımızın
qeyrətli qızı Səma Kərimovanın həyat
salnaməsidir.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad
edildi.
"Xalqın fəryad səsi" adlı məqalə ilə məruzə edən
dosent S.Məmmədov "Göylərdən gələn gəlin"
sənədli povestinin tərkib hissələrini bir-bir
xarakterizə edərək əsər haqqında müfəssəl
məlumat verdi.
"Gənclərin
hərbi vətənpərvərlik tərbiyəsində əsərin rolu və
əhəmiyyəti" mövzusunda məruzə edən M.Səlimov
öncə əsər müəllifinin şəxsi keyfiyyətlərindən
bəhs edərək bildirdi ki, bu gün bizim
tələbələrimizin böyük bir qismi Ziyəddin
Sultanovdan çox şey öyrənməyə səy edir.
Gəncliyin onun yaradıcılığına olan böyük marağı
bizə bunları söyləməyə imkan verir.
"Göylərdən gələn gəlin" povestinin dil
xüsusiyyətlərindən bəhs edən F.Mikayılova əsərin
sadə, bəzək-düzəksiz, canlı xalq dilində
yazılmasını, az sözlə dərin məna ifadə etmək
xüsusiyyətini əsər müəllifinin böyük uğuru kimi
qiymətləndirdi.
Gənc oxucular adından çıxış edən filialın
pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi
ixtisası üzrə əyani şöbənin I kurs tələbəsi
Məryəm Mürsəlova əsərin tələbələr arasında
sevilməsindən, əsər qəhrəmanının gənc nəslə
böyük örnək olmasından ürəkdolusu danışdı.
Milli Məclisin deputatı, şair T.Rzayev
Z.Sultanovun təbiətən duyğulu və narahat adam
olmasını belə xarakterizə etdi: Ziyəddin
Sultanovun duyğulu olması ona Tanrı bəxşişi,
narahatlığı isə peşəsinin ona aşıladığı hissdir.
Onu da qeyd etdi ki, məhz bu iki hissin
birləşməsi "Göylərdən gələn gəlin"i araya-ərsəyə
gətirdi. O, çıxışına davam edərək bildirdi ki,
hər bir xalq öz qəhrəman övladları ilə fəxr
edir. Bu gün Səma kimi övladının yenilməzliyini,
müqəddəs azəri qanına haram qatmaması kimi
fədakarlığı görən xalq, millət nə üçün qürur
duymamalıdır. Bəli, əsər xalqımızın milli
vətənpərvərlik ruhuna yeni ruh qataraq, böyük
tərbiyəvi təsir gücünə malik olmaq əzmilə
gündəmdə durur. Çıxış əsnasında ölkə
Prezidentinin uğurlu siyasi addımlarından bəhs
edən millət vəkili yaxın gələcəkdə işğal altında
olan torpaqlarımızın azad ediləcəyindən inamla
danışdı.
Laçın
RİH başçısının I müavini İlham Quliyev, Ağcabədi
RİH başçısının humanitar məsələlər üzrə müavini
Əbülfət Tapdıqov "Göylərdən gələn gəlin"in
məziyyətlərindən danışaraq əsər müəllifinə dərin
təşəkkürlərini ifadə etdilər.
Şəhid Səma xanımın anası Sevda Kərimova əsər
müəllifinə, ümumilikdə bugünkü anım mərasimində
əməyi olan hər bir kəsə dərin təşəkkürünü
bildirərək, övladının az qala dastanlaşan həyat
tarixçəsinin bədii simvoluna çevrilən "Göylərdən
gələn gəlin"in ona təsəlli olmasını, nəhayətsiz
ana kədərinə son verməsini dilə gətirdi.
Mərasimin sonunda "Göylərdən gələn gəlin"
sənədli povestinin müəllifi Ziyəddin Sultanov
ilk öncə qeyrətindən vəcdə gəlib haqqında əsər
yazdığı Səmanı dünyaya gətirən qadının
qarşısında baş əydiyini ifadə etdi. Sonra tədbir
iştirakçılarına, qonaqlara, əsərinin
təqdimatının təşkili və yüksək səviyyədə idarə
olunması üçün filial rəhbərliyinə dərin
təşəkkürünü bildirdi.
Bir müəllif kimi əsərin ədəbi ictimaiyyətdə belə
bir əks-səda doğurmasından sevindiyini bildirən
yazıçı bunun səbəbini içimizdəki vətənpərvərlik
hissinin nə qədər doğma və ali hiss olması,
bitib-tükənməzliyi ilə əlaqələndirdi. O
qətiyyətlə bildirdi ki, Qarabağ mövzusu,
param-parça edilmiş vətən torpaqlarının nigaran
taleyi kiçikdən-böyüyə hər birimizi hər zaman
düşündürməlidir.
Sonra müəllif əsərlə bağlı oxucularının
suallarına cavab verdi.
Rəşad ZİYADOV |