Mayın
21-də Bakıdakı 239 nömrəli orta məktəbdə ENO
"Ətraf mühit peyki" proqramı çərçivəsində tədbir
keçirildi. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə bərabər, Heydər Əliyev Fondunun,
Səbail Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Sədaqət Əzimova qonaqları salamlayaraq belə
tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirdi. Bildirildi ki, ENO, yəni "Ətraf
mühit peyki" layihəsi əsasında həyata keçirilən
bu proqrama dünyanın 150 ölkəsindən 5 mindən çox
məktəb qoşulub. Layihəyə əsasən bu gün biz
məktəbin həyətində və kənarında müxtəlif ağac və
bitki kolları əkməyi planlaşdırmışıq.
Çıxış edənlər belə layihələrin şagirdlərə və
gənclərimizə müsbət təsir etdiyini bildirdilər.
Qeyd edildi ki, təbiəti qorumaq, ona zərər
yetirməyə çalışanlarla daim mübarizə aparmaq
hamının vətəndaşlıq borcudur.
Tədbir şagirdlərin və müəllimlərin birlikdə
ağac əkməsi ilə başa çatdı.
Niyazi RƏHİMOV |