Mayın 25-də Bakıdakı 20 nömrəli orta məktəbdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümü münasibətilə Azərbaycan Təhsil
Şurası və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
"Məktəbli gənclərin şəxsiyyət kimi
formalaşmasında musiqi təhsilinin rolu"
mövzusunda birgə konfransı keçirildi.
Təhsil Şurası İdarə Heyətinin üzvlərinin, musiqi
təhsili ilə bağlı alim-mütəxəssislərin, paytaxt
məktəblərinin musiqi müəllimlərinin iştirak
etdiyi konfransı Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev açaraq rəhbərlik etdiyi
qurumun vaxtaşırı olaraq təhsilin müxtəlif
problemlərinə həsr edilmiş elmi-nəzəri və
təcrübi konfranslar keçirdiyini, müzakirə olunan
problemlərlə bağlı irəli sürülən təkliflərin
ümumiləşdirilərək təhsili idarəetmə orqanlarına
çatdırıldığını bildirdi və həmin silsilədən
keçirilən növbəti konfransın mövzusunun
aktuallığını qeyd etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin
müavini Məhəbbət Qarabağlı konfransda çıxış
edərək təhsil idarəsinin fəaliyyətindən, paytaxt
məktəblərində təhsilin keyfiyyətini yüksəltmək
istiqamətində həyata keçirilən tədbirlərdən,
şagirdlərin şəxsiyyət kimi yetişməsi üçün
görülən işlərdən bəhs etdi.
Konfransda Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev "Ümumtəhsil məktəblərində
musiqi fənninin tədrisi vəziyyəti və onun
təkmilləşdirilməsi yolları" mövzusunda məruzə
etdi.
Sonra konfransda məruzə ətrafında çıxışlar oldu.
Söz alan pedaqoji elmlər doktoru, professor
Vidadi Xəlilov, bəstəkar, professor Oqtay
Rəcəbov, Azərbaycan Milli Konservatoriyası
tərkibində Musiqi Kollecinin direktoru,
professor Nazim Kazımov, Bakıdakı 177 nömrəli
məktəbin direktoru Həqiqə Məmmədova, ayrı-ayrı
təhsil ocaqlarının musiqi müəllimləri musiqi
tədrisi sahəsindəki mövcud vəziyyətdən,
problemlər və onların aradan qaldırılması
yollarından danışdılar, təkliflər irəli
sürdülər.
Konfransın sonunda bəstəkar Oqtay Rəcəbovun
"Tıq-tıq xanım" operasının incəsənət gimnaziyası
şagirdlərinin ifasında təqdimatı oldu.
Y.ƏLİYEV |