2010-cu ilin 24-26 may tarixlərində Bakı
şəhərində Azərbaycan-Latviya Təhsil Forumu
keçirildi.
Mayın
24-də forum iştirakçıları öncə Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə gül
dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı
ziyarət olundu. Tədbir iştirakçıları daha sonra
Şəhidlər xiyabanına gedərək Azərbaycanın
azadlığı və suverenliyi uğrunda mübarizədə
canlarından keçmiş Vətən övladlarının məzarları
üzərinə qərənfillər düzdülər.
Sonra Bakı Dövlət Universitetində
Azərbaycan-Latviya Təhsil Forumunun açılış
mərasimi oldu. Forumdan əvvəl Latviya
Respublikasının təhsil və elm naziri xanım
Tatyana Koke və rəhbərlik etdiyi nümayəndə
heyəti universitetdəki Heydər Əliyev muzeyi
ilə tanış oldular. Muzeydə ulu öndərin zəngin
həyat və fəaliyyətindən, BDU-da təhsil aldığı
illərdən bəhs edən sənədlərlə, fotoşəkillərlə
tanışlıq qonaqlarda xoş təəssüratlar yaratdı.
Azərbaycan və Latviya ali təhsil müəssisələrinin
informasiya stendləri ilə tanışlıqdan sonra
forum öz işinə başladı.
Təhsil naziri Misir Mərdanov forum
iştirakçılarını salamlayaraq Latviya
Respublikasının təhsil və elm naziri Tatyana
Kokeni və onun rəhbərlik etdiyi nümayəndə
heyətini Azərbaycanda görməyindən məmnunluq
hissi keçirdiyini söylədi. Nümayəndə heyətinin
tərkibində Latviya Respublikası Təhsil və Elm
Nazirliyinin məsul şəxslərinin, bu ölkənin bir
neçə universitet və qeyri-universitet tipli
özəl ali təhsil müəssisəsi rektorları və digər
əməkdaşların olduğunu deyən təhsil naziri onları
forum iştirakçılarına təqdim etdi.
Azərbaycanla Latviya arasında mövcud dostluq
əlaqələrindən söz açan təhsil naziri ölkələrimiz
arasında belə bir yüksək səviyyədə keçirilən
Təhsil Forumunun hər iki tərəf üçün mühüm
əhəmiyyət kəsb etdiyini söylədi. Nazir forumun
keçirilməsində əsas məqsədin Latviyanın ali
təhsil sistemi ilə tanış olmaq, bu ölkənin
təhsil qurumları ilə Azərbaycanın təhsil
qurumları arasında əlaqələr qurmaq, ali
məktəblər arasında müqavilələr, sazişlər
imzalamaq, elm sahəsində əməkdaşlıq, həmçinin
müəllim- tələbə mübadilələri həyata keçirmək və
digər məsələlərin müzakirə edilməsi olduğunu
qeyd etdi. Forumun, eyni zamanda hər iki
ölkənin ali təhsil müəssisələrinin nümayəndələri
arasında əməkdaşlıq üzrə təcrübə və
perspektivlərin müzakirə edilməsi baxımından da
səmərəli olacağını bildirdi.
Təhsil naziri Misir Mərdanov sonra "Azərbaycanda
təhsil" mövzusunda geniş məruzə-təqdimatla çıxış
etdi.
Nazir öncə ölkəmiz haqqında qonaqlara məlumat
verərək, 2009-cu ilin yekunlarına görə
Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf
edən ölkələr sırasında olduğunu bildirdi.
Ölkəmizin bütün sahələrdə uğurlu inkişafından
danışan təhsil naziri xalqımızın ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə də toxundu. Qeyd olundu ki,
konflikt nəticəsində Azərbaycanın tərkib hissəsi
olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon
işğal olunmuş, 1 milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün düşmüş, 20 mindən çox
insan həlak, 50 min nəfər əlil olmuşdur. Bu
hadisələrdə Azərbaycanın təhsil sisteminə də
böyük ziyan dəymiş, işğal olunmuş ərazilərdə 1
ali məktəb, 3 ali məktəb filialı, 6 orta
ixtisas, 693 orta və texniki peşə məktəbi, 855
uşaq bağçası dağıdılmışdır. Həmin faktları
qonaqların nəzərinə çatdıran nazir qeyd etdi ki,
ölkə başçısı cənab İlham Əliyevin bu problemin
həlli istiqamətində apardığı işlər dünya
ölkələrinin də diqqətindədir. Təhsil naziri
tezliklə torpaqlarımızın geri qaytarılacağına
ümidvar olduğunu bildirdi.
Azərbaycanın təhsil sistemi haqqında geniş
məlumat verən nazir Misir Mərdanov ölkəmizdə
təhsilin ən prioritet sahələrdən biri olduğunu
söylədi. Təhsilin bütün pillələri əhatə
olunmaqla hazırlanmış xüsusi cədvəllər, təhsil
sistemi haqqında məlumatlar ekranda forum
iştirakçılarına nümayiş etdirildi. Təhsillə
bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini
qeyd edən nazir bunların hər biri barədə
ayrı-ayrılıqda danışdı. Məruzə-təqdimatda son
illərdə təhsilin inkişafı sahəsində əldə edilən
nailiyyətlərdən geniş bəhs olundu. Azərbaycanda
ali təhsilin inkişafı, yeniləşməsi ilə bağlı
görülən işlər barədə də ətraflı danışıldı.
Ölkəmizin təhsil sistemi barədə müfəssəl məlumat
verən nazir Misir Mərdanov çıxışının sonunda
forumun Azərbaycanla Latviyanın təhsil sahəsində
əlaqələrinin genişləndirilməsində, inkişaf
etdirilməsində mühüm rol oynayacağını bildirdi.
Çıxış üçün söz alan Latviya Respublikasının
təhsil və elm naziri Tatyana Koke nümayəndə
heyətinin adından səmimi qarşılandıqlarına görə
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanova təşəkkür etdi. Azərbaycanla təhsil
sahəsində əməkdaşlıqda maraqlı olduqlarını
söyləyən Tatyana Koke bu forumda böyük həvəslə
iştirak etdiklərini bildirdi.Nazir ölkələrimizin
ali təhsil sistemində oxşar cəhətlərin olduğunu
dedi. Sonra latviyalı nazir forum
iştirakçılarını öz ölkəsinin təhsil sistemi ilə
ətraflı tanış etdi. Xanım Tatyana Koke
Latviyanın çoxillik təhsil ənənələrinə malik
universitetləri barədə məlumat verdi, ölkəsində
elmi-tədqiqat işlərinə böyük maraq
göstərilməsindən danışdı. Latviya
Respublikasının ali məktəblərində 13
azərbaycanlı gəncin təhsil aldığını deyən
nazir onların sayının artmasını arzuladı.
Tatyana Koke forumun hər iki ölkənin təhsil və
elm sahələrində mühüm işlərin həyata
keçirilməsində, xüsusilə ali təhsil müəssisələri
arasında birbaşa əlaqələrin yaranmasında,
alimlərin bir-biri ilə işgüzar münasibətlərinin
qurulmasında, birgə elmi-tədqiqatların
aparılmasında, müəllim-tələbə mübadiləsində
mühüm rol oynayacağına ümidvar olduğunu
bildirdi.
Forumda çıxış edən Bakı Dövlət Universitetinin
rektoru, akademik, millət vəkili Abel
Məhərrəmov Azərbaycanın ən qocaman ali təhsil
ocaqlarından biri olan BDU-nun 90 illik tarixi
dövründə əldə olunan nailiyyətlərdən danışdı.
Riqa Texniki Universitetinin rektoru, akademik
İvars Knets və Xəzər Universitetinin rektoru,
professor Hamlet İsaxanlı tərəfindən də
təqdimatlar edildi.
Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki
Universiteti arasında protokol imzalandı.
Forumda daha sonra Azərbaycan və Latviya təhsil
işçilərinin təqdimatları oldu. Təqdimatda öz
əksini tapmış məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
***
Mayın 25-də forum iştirakçılarının ölkəmizin
bir sıra ali təhsil müəssisələrində
professor-müəllim heyətləri ilə görüşləri
keçirildi. Azərbaycan-Latviya Təhsil Forumu
mayın 26-da başa çatdı.
Samirə KƏRİMOVA |