"Sizin
qəhrəmanlığınız bu gün həyata atılan, orduda
xidmətə gedən və hərbi xidmətə hazırlaşan
gənclər üçün örnəkdir, nümunədir.
Vətən yolunda canlarını qurban vermiş, şəhid
olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı,
onların qəhrəmanlığı bütün xalqımız üçün, o
cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir,
dərsdir".
Heydər ƏLİYEV
Hörmətli oxucular, bu nömrəmizdən başlayaraq
Azərbaycanın Milli Qəhrəmanları haqqında
məlumatları sizə təqdim edirik. Bu gün Milli
Qəhrəmanlarımızın gənc nəslə örnək olaraq geniş
təbliğ olunması aktual bir mövzudur. Elə bunları
nəzərə alaraq hərbi-vətənpərvərlik işinin
təbliğini əsas götürərək qəzetimizdə 210 Milli
Qəhrəman haqqında, Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzi ilə birgə layihə əsasında
yazılar dərc edirik.
Abbasov Mehdi Yusif oğlu
1960-cı
il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya
rayonunun Yeniyol kəndində anadan olmuşdu.
1976-cı ildə Yeniyol kənd orta məktəbini
bitirmişdi. 1977-ci ildə Mehdinin ailəsi erməni
təzyiqinə məruz qalaraq, Qazaxıstan
Respublikasının Tülkübas rayonunun Kulan
kəndinə köçmüşdü. Mehdi 1980-ci ildə Çimkənd
Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə, daha
sonra Karaqanda Pedaqoji İnstitutuna daxil olur.
O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon
Komitəsinin qərarı ilə daxili işlər orqanlarında
işləməyə göndərilir. Bir müddət burada müxtəlif
vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov
1991-ci il iyunun 28-də Azərbaycan
Respublikasının DİN-in sərəncamına göndərilir.
O, burada baş leytenant rütbəsində rota
komandiri kimi DİN-in XTMD-də xidmətə başlayır.
O, dəfələrlə DİN-in mükafatlarına layiq
görülmüşdü. Mehdinin son döyüşü 1992-ci il
yanvarın 13-də oldu. Məlikcan postu ətrafında
gedən döyüşdə Mehdi snayper gülləsi ilə başından
ağır yaralandı. Həmin gün o, qəhrəmancasına
həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş
leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən
sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Abdullayev
Şövqiyar Cəmil oğlu
1969-cu il aprelin 5-də Göyçə mahalının
Basarkeçər rayonunun Nərimanlı kəndində anadan
olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta
məktəbini "əla" qiymətlərlə bitirmiş, Azərbaycan
Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan
Texniki Universiteti) daxil olmuşdu. O, birinci
kursu bitirdikdən sonra ordu sıralarına
çağırılır. 1989-cu ildə Monqolustanda hərbi
xidmətini başa vurub Bakıya qayıdır. O zaman
artıq Ermənistan-Azərbaycan münaqişəsi
başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma
ata-baba yurdlarından - Qarabağdan, Qərbi
Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev
Vətənimizin belə bir dar günündə 1992-ci ildə
könüllü olaraq Milli orduya yazılır. Ağdamda
təşkil edilmiş tank briqadasında ekipaj
komandiri təyin edilir. 1992-ci il avqustun
27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir
düşməkdən xilas edir, özü isə Vətən uğrunda
qəhrəmanlıq göstərərək həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 saylı Fərmanı ilə
Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Abdullayev
Rövşən Əbdülhüseyn oğlu
1969-cu il yanvarın 16-da Lerik rayonunda
doğulmuşdu. Orta məktəbi burada bitirdikdən
sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdü.
Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali
Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə
ali məktəbi "əla" qiymətlərlə leytenant rütbəsi
ilə bitirir və onu təyinatla Rostov şəhər DİŞ-ə
göndərirlər. Lakin Rövşən təyinatını çox
çətinliklə Azərbaycana dəyişdirir. O,
Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq
daxili qoşunların tərkibinə qatılır. Gənc zabit
bir müddət sonra Zəngilana göndərilir.
R.Abdullayev 70 nəfərdən ibarət tağımın
komandiri təyin edilir. Rövşənin son döyüşü
1993-cü il sentyabrın 13-də oldu. Zəngilan
rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə
igidlik göstərərək əbədiyyətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 saylı Fərmanı ilə
leytenant Abdullayev Rövşən Əbdülhüseyn oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Lənkəran şəhər qəbiristanlığında dəfn olunub.
Lənkəran şəhərində abidəsi ucaldılıb. Lerikdə
adına mədəniyyət evi və küçə var.
Abdullayev
Maşallah Babakişi oğlu
1950-ci il mayın 27-də Goranboy rayonunun
Kəpənəkçi kəndində anadan olmuşdu. Səkkizillik
təhsilini doğma kəndlərində almış, sonra
təhsilini fəhlə-gənclər məktəbində davam
etdirmişdi. Maşallah 1969-cu ildə hərbi xidmətə
çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan
tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında
işləməyə başlayır. 1973-cü ildə Bakı Bədən
Tərbiyəsi Texnikumuna qəbul olur, 1975-ci ildə
oranı bitirdikdən sonra təyinatla təhsil aldığı
Kəpənəkçi kənd orta məktəbinə müəllim
göndərilir. Məlum hadisələr zamanı erməni
quldurlarına qarşı mübarizəyə qoşulan
M.Abdullayev ilk könüllülərdən olur. Ağcakənd
kəndinin ermənilərdən təmizlənməsində xüsusi
xidmətlər göstərir. 1992-ci ildə Respublika
Müdafiə Nazirliyi nəzdində briqada komandirinin
müavini vəzifəsinə təyin edilərək Tərtər,
Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor
rütbəsinə qədər yüksələn Maşallah Abdullayev
1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
İgidliyə görə general M. Əsədov adına mükafata
layiq görülüb.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 saylı Fərmanı ilə
Abdullayev Maşallah Babakişi oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Abdullayev
Namiq Vahid oğlu
1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar
kəndində anadan olmuşdu. 1991-ci ildə Avşar kənd
orta məktəbini bitirmişdir. Namiq 1992-ci ilin
dekabrında cəbhəyə yola düşür. 1993-cü il
fevralın 9-da erməni silahlı dəstələri Xocavənd
rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə
böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü
hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab
gətirə bilməzdi. Amma aslan ürəkli, Vətən
qeyrətli övladlarımız ölümün gözünə dik baxdılar
və hücumu dəf etməyə çalışaraq onlarla erməni
quldurunu məhv etdilər. Namiq isə son anda
əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın
altına atdı, düşmənin zirehli texnika heyətini
məhv etdi. Beləliklə də Vətənimizin bu cəsur
oğlu şəhidlik zirvəsinə yüksəldı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı
ilə Abdullayev Namiq Vahid oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Avşar kənd qəbiristanlığında dəfn edilib. Avşar
kənd orta məktəbi onun adını daşıyır.
|