Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Almaniyanın GTZ Təşkilatının dəstəyi və
iştirakı ilə Davamlı İnkişaf Cəmiyyəti müəllim
və şagirdlər arasında vaxtaşırı olaraq
bilgilənmə işləri aparır. Cəmiyyətin xətti ilə
22 may Ümumdünya Biomüxtəliflik günü və
cari ilin ölkəmizdə "Ekologiya ili" elan
olunması ilə əlaqədar mayın 17 və 19-da Bərdə
və Füzuli rayonlarında "Biomüxtəlifliyin
Davamlı İdarə Olunması Cənubi Qafqazda
Texniki Əməkdaşlıq Proqramı" layihəsi
çərçivəsində müəllim və şagirdlər üçün
treninqlər keçirilib. Sözügedən layihədə məqsəd
Cənubi Qafqaz ölkələrində biomüxtəlifliyin
davamlı idarə olunması üçün mühitin
yaradılmasına kömək etməkdir. Layihə habelə
orta məktəb müəllim və şagirdlərinin ekoloji
biliklərinin artırılmasını, əhalinin ekoloji
maarifləndirilməsini və ekoloji mədəniyyətin
formalaşdırılmasını nəzərdə tutur.
Mayın 17-də Bərdə rayonundakı Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-liseydə,
mayın 19-da isə Füzuli rayonunun Əhmədbəyli
kəndində yerləşən RTŞ-ın akt zalında keçirilmiş
treninqləri milli məsləhətçi, Bakıdakı 204
nömrəli məktəbin müəllimi Almaz Həsrət və
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ornitologiya şöbəsinin mütəxəssisi Əbülfət
Səmədov aparıblar. Uğurla keçən seminarda Bərdə
və Füzuli rayonlarının təhsil işçilərinə 22 may
Biomüxtəliflik günü ilə əlaqədar təlim
vəsaitləri paylanıb.
S.SƏFƏROVA |