Bu günlərdə Naxçıvan Dövlət Universitetinin
tələbələri SİFE (Students İn Free Enterprise -
Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində)
beynəlxalq tələbə proqramı üzrə Bakı şəhərində
keçirilən V Respublika çempionatından qələbə ilə
qayıtmışlar.
SİFE - ali təhsil müəssisələri və biznes
strukturları arasında qlobal partnyorluq,
tərəfdaşlıq və əməkdaşlıq təşkilatıdır. Dünya
universitetləri arasında belə əlaqələrin
qurulması nəticəsində tələbə komandaları azad
sahibkarlığın prinsiplərini öyrənir, öz
ideyalarını praktikada tətbiq edir və əldə
etdiyi bilikləri digərləri ilə bölüşür.
Bakı şəhərində 22-23 apreldə keçirilən builki
çempionatda komandamız daha inamla çıxış etmiş,
bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin
SİFE çempionu adını qazanmışdır.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında
SİFE komandasının çempionatda iştirakının yekunu
müzakirə edilmişdir. Universitetin rektoru,
akademik İsa Həbibbəyli komandanın üzvlərini və
məsləhətçilərini qələbə münasibətilə təbrik
etmiş, layihələrin hazırlanmasında tələbələrə
dəstək olan yerli şırkətlərə və sahibkarlara
təşəkkürünü bildirmişdir.
Sevindirici haldır ki, 2010-cu ilin oktyabr
ayında Los Ancelesdə keçirilməsi nəzərdə tutulan
SİFE Dünya Çempionatında ölkəmizi Naxçıvan
Dövlət Universitetinin komandası təmsil
edəcəkdir. İnanırıq ki, bu çempionatda da
komandamız uğurla çıxış edəcək, ölkəmizi
layiqincə təmsil etməyə çalışacaqdır.
Mehriban SULTAN |