Minillərin süzgəcindən keçərək yaddaşlarda
yaşamaqda olan bir məlum həqiqət var ki,
insanları səadətə, xoşbəxtliyə aparan bütün
yollar məktəbdən başlanır.
Hər bir xalqın varlığı onun məktəbinin necəliyi,
müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq
xoşbəxtdir ki, onun yaxşı, müdrik müəllimləri
var. Elə bu yazımızda da respublikamızın ən
uzunömürlü, qocaman müəllimlərindən ikisi
haqqında söhbət açmaq istəyirik.
Sabirabaddakı Cavad kənd orta məktəbinin 91
yaşlı riyaziyyat müəllimi
Düz
91 il bundan əvvəl Sabirabad rayonunda Kür və
Araz çaylarının qovuşduğu yerin lap yaxınlığında
yerləşən qədim tarixə malik Cavad kəndində
Abasovlar ailəsində bir oğlan uşağı dünyaya
gəlib. Valideynləri onun adını Yusif qoydular.
O, bu torpaqda ayaq açıb yeriyib, tay-tuşları
ilə oynayaraq qayğısız uşaqlıq illəri yaşayıb.
Nəhayət, 1927-ci ildə kəndlərindəki yeddiillik
məktəbin 1-ci sinfinə daxil olub. Yusif bu
məktəbi "5" qiymətlə bitirib.
1934-cü ildə atası Umudəli kişi dünyasını
dəyişib. Bax, elə bundan sonra onun qayğılı
günləri başlandı. Ailə vəziyyəti nə qədər çətin
olsa da o, ruhdan düşməyib. Təhsilini davam
etdirmək arzusu, istəyi onu 1936-cı ildə
Sabirabad şəhərində açılmış pedaqoji məktəbə
aparıb. Amma Sabirabad Pedaqoji Məktəbi
tezliklə bağlandı. Bu vəziyyət də Yusifi
təhsilini davam etdirmək arzusundan çəkindirə
bilməyib. Az sonra o, Kirovabad (indiki Gəncə)
şəhər pedaqoji texnikumuna daxil olub. Məktəbi
"5" qiymətlərlə bitirib.
1940-41-ci dərs ilində Yusifi Kürdəmir
rayonundakı Ərəb-Qubalı kənd yeddiillik məktəbə
fizika-riyaziyyat müəllimi təyin ediblər.
1941-ci il mayın 11-də ordu sıralarına
çağırılıb. Bu odlu-alovlu müharibə illəri Yusif
müəllimin yaddaşına əbədi həkk olunub. O,
1942-ci ilə kimi alman faşistlərinə qarşı
ölüm-dirim savaşında əzmlə vuruşub. Lakin gərgin
döyüşlərin birində ağır yaralanaraq düşmənə əsir
düşür. Müharibə qurtarana kimi əsirlikdə qalan
Yusif Abasov qələbəmizdən sonra Vətənə, doğma
Cavad kəndinə qayıdaraq yenidən pedaqoji
kollektivə qovuşur. Məktəblərində dərs deməyə
davam edir. Amma o, təhsilini artırmaq, ali
təhsil almaq iddiasından əl çəkmir.
1946-cı ildə Yusif müəllim keçmiş V.İ.Lenin
adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
qiyabi şöbəsinə daxil olur və riyaziyyat
ixtisası üzrə tam kursu bitirir.
1946-cı ildən bu günə kimi Cavad kənd 1 nömrəli
orta məktəbdə riyaziyyat müəllimi kimi işləyən
Yusif Abasov balalarımıza bu fənni sevə-sevə
öyrədir.
74 illik pedaqoji staja malik Y.Abasov işlədiyi
bu illər ərzində yüzlərlə savadlı, bilikli
şagirdlər yetişdirib. Onlara bu çətin riyaziyyat
fənninin sirli-sehrli yollarını öyrədib.
Bu gün 91 yaşlı Yusif müəllim fəxrlə deyir ki,
mənim adım-sanım, şanım-şöhrətim, varım,
dövlətim, mükafatım şagirdlərimdir. Onlarla fəxr
edirəm. Dərs dediyim şagirdlərdən bir çoxu
alimdir, riyaziyyat müəllimidir, mühəndisdir,
hətta onlardan dövlət vəzifəsində çalışanlar da
var.
Bəli, Yusif Abasov yaşının bu müdrik çağında da
doğma məktəbdən, müəllim yoldaşlarından, ən
əsası sevimli şagirdlərindən ayrılmaq istəmir.
Əvvəlki şövqlə Cavad kəndinin uşaqlarına
riyaziyyatdan dərs deyir. Hazırda onun 12 saat
dərs yükü var.
Yevlaxdakı "Aran" qəsəbə 1 nömrəli orta
məktəbinin 90 yaşlı kimya müəllimi
Bəhram
Bəhramov qismətinə yazılmış ömrünün dolanbac
yolları ilə irəliləyə-irəliləyə illəri, ayları
adlayaraq 90 illik uzun bir məsafə qət edib.
Keçdiyi yollar, qət etdiyi bu məsafə heç də
hamar və rahat olmayıb. O, həyatda çox böyük
çətinliklər, məhrumiyyətlərlə üz-üzə qalıb. Amma
bu maneələri əzmlə dəf edib. Haqqında söhbət
açdığımız Bəhram Bəhramov Ağdaş rayonunun Yuxarı
Qarxun kəndində dünyaya göz açıb. 1927-ci ildə
kəndlərindəki 7 illik məktəbin 1-ci sinfinə
daxil olub. Burada bütün fənlərdən yüksək
qiymətlər alıb. 1935-ci ildə Ağdaş Pedaqoji
Texnikumuna qəbul olur. 1938-ci ildə pedaqoji
məktəbi müvəffəqiyyətlə bitirir. Onu Bakı
şəhərinə 1 illik rus dili kursuna göndərirlər.
Həmin kursu bitirdikdən sonra Yevlax rayonunun
Qaramanlı kənd məktəbində 2 il rus dili müəllimi
işləyir. 1939-cu ildə Bəhram müəllim ordu
sıralarına çağırılır. Doğma Vətənindən uzaqlarda
Jitomir vilayətinin Juqanskaya qəsəbəsində,
146-cı topçu alayında qulluq etməyə başlayır.
Sonra döyüşən ordu ilə birlikdə Qərbi Ukrayna,
Bessarabiya, Polşa və Rumıniyanın faşist
işğalından azad edilməsində iştirak edir. Lakin
bu ölkələrin soyuq hava şəraitinə tab
gətirməyərək ağır xəstələnir. Hərbi xəstəxanada
3 ay müalicə olunduqdan sonra 1940-cı ildə onu
ordudan tərxis edirlər. Doğma Yuxarı Qarxun
kəndində bir neçə ay rus dili müəllimi
işlədikdən sonra onu Yevlax RXMŞ-də baş
inspektor təyin edirlər. 1941-ci ilin noyabrında
isə Bəhram müəllimə maarif şöbəsinin müdiri
vəzifəsi həvalə olunur.
1943-cü ilin yanvarında isə o yenidən
odlu-alovlu cəbhəyə, sovet ordusu sıralarında
döyüşə yola düşür.
Bir neçə aydan sonra onu 4-cü Ukrayna cəbhəsi
328-ci piyada diviziyası, 1105 atıcı polkunun I
alayında minomyot vzvoduna komandir təyin
edirlər. 1943-cü ilin mayında Krasnodar
ölkəsinin Jabinskaya şəhərində gedən ağır
döyüşlər zamanı 7 yerdən yaralanır. Bir müddət
müalicə olduqdan sonra 1944-cü ilin avqustunda
onu ordudan tərxis edirlər. Elə həmin il Yuxarı
Qarxun kənd orta məktəbinə direktor təyin
edilir. 1948-ci ildə isə o Qaramanlı 7 illik
məktəbinə direktor vəzifəsinə göndərilir.
1951-1952-ci illərdə Bəhram müəllim yenidən
Yevlax RXMŞ-nə baş inspektor təyin olunur. Elə
həmin il Yevlax rayon Sovetinin deputatı
seçilir.
1952-1953-cü dərs ilində "28 Aprel" sovxoz 7
illik məktəbində direktor, bir il sonra isə
direktor müavini işləyir.
1996-cı ildə "Aran" qəsəbə orta məktəbinə
direktor təyin edilir.
B.Bəhramov 2001-ci ildə öz ərizəsi ilə direktor
vəzifəsindən azad edilir. Elə o ildən bu günə
kimi "Aran" qəsəbə 1 nömrəli orta məktəbdə kimya
müəllimi kimi fəaliyyət göstərir.
İndi onun dərs dediyi, yetişdirdiyi
şagirdlərinin sorağı ölkəmizin müxtəlif
guşələrindən gəlir.
Onu da deyək ki, Bəhram müəllim Azərbaycan
müəllimlərinin III qurultayının nümayəndəsi
olub. Dövlətimiz onun əməyini zaman-zaman yüksək
qiymətləndirib. Hazırda onun sinəsini 17 orden
və medal bəzəyir. Onların arasında "1941-1945-ci
illər" qələbə medalları, "Qabaqcıl maarif
xadimi" və s. döş nişanları da var.
Hər zaman müəllim adını şərəf və ləyaqətlə
qoruyan B.Bəhramov əlinə jurnal götürüb sinfə
girdiyi vaxtdan 70 ildən çox bir dövr keçir. O,
bu gün də övladlarımıza kimya elminin sirlərini
öyrədir. Hazırda onun 14 saat dərs yükü var.
Ədalət DAŞDƏMİRLİ |