Mayın 21-də Qafqaz Universitetində bu ali
təhsil müəssisəsinin Daimi İnkişaf və Karyera
Planlama Mərkəzi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin
birgə təşkilatçılığı ilə "Əmək sərgisi"
keçirildi. Artıq ənənə şəklini almış sərginin
təşkilində məqsəd tələbə və məzunların ölkə
iqtisadiyyatının müxtəlif sektorlarında uğurla
fəaliyyət göstərən şirkətlər haqqında ətraflı
məlumat almalarına şərait yaratmaq, iş
dünyasındakı yeniliklərlə onları tanış etmək və
ixtisaslarına uyğun işlə təmin etmək idi. Sərgi
həm də onun iştirakçısı olan şirkətlərə Qafqaz
Universiteti, buradakı tədris sistemi, tələbə və
məzunlar haqqında məlumat vermək məqsədi
güdürdü. "Əmək sərgisi"ndə Bakı və Sumqayıt
şəhərlərində, Abşeron rayonunda fəaliyyət
göstərən 70 müəssisə və təşkilat 921
ixtisaslaşmış vakant yerlə iştirak edirdi.
Universitetin tədris korpusunun birinci
mərtəbəsindəki foye və auditoriyalarda açılmış
sərginin iştirakçıları arasında FAB boyaları,
"Qaradağ sement", "Azerelektronik", Unibank,
Parabank, "Nurgün motors", "İmproteks motors" və
s. kimi tanınmış şirkət və müəssisələr var idi.
Sərgidə
universitetin gələcək karyerasını uğurlu qurmaq
üçün münasib iş axtaran 2500-dən çox tələbə və
məzunu iştirak edirdi.
Baş Məşğulluq İdarəsinin rayon məşğulluq
mərkəzləri üzrə təşkil olunmuş sərgidə tələbə və
məzunlara həmin rayonların ərazisindəki müəssisə
və təşkilatlar haqqında zəngin informasiya
təqdim olunmuşdu. Hər müəssisə və təşkilat üçün
ayrılmış guşədə rəngarəng buklet və kitabçalar,
elektron məlumat vasitələri sərgilənirdi.
"Əmək sərgisi"nin açılış mərasimində əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini
Natiq Məmmədov, Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç çıxış edərək tədbirin
əhəmiyyətini yüksək qiymətləndirdilər,
təşkilatçılara təşəkkür edib tələbə və məzunlara
iş seçimində uğurlar arzuladılar.
Qeyd olundu ki, son illər Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti
orqanları tərəfindən gənclərin sosial
müdafiəsini gücləndirmək, tələbə gənclərin və
məzunların əmək bazarına inteqrasiyasını təmin
etmək məqsədi ilə Bakı, Gəncə, Lənkəran və
Mingəçevir şəhərlərindəki ali məktəblərdə
"Karyerada ilk addım" devizi altında tədbirlər
təşkil olunur. 2009-cu ildə keçirilmiş həmin
tədbirlərdə 470 müəssisə 2351 boş iş yeri ilə
iştirak etmiş, nəticədə 431 nəfər məzun və
tələbə işlə təmin olunmuşdur.
Eyni zamanda 256 nəfər peşə hazırlığı kurslarına
cəlb olunmaqla qeydiyyata alınmış, 5755 nəfər
məzun və tələbə tərəfindən müəssisələrə şəxsi
məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli
işlərlə təmin olunmaq məqsədi ilə 201 məzun və
tələbə əmək birjalarında qeydiyyata alınmışdır.
Sonra nazir müavini, rektor və onları müşayiət
edən qonaqlar sərgi ilə tanış oldular.
Yusif ƏLİYEV |