Mayın 26-da Azərbaycan Texniki Universitetində
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə
təşkilatçılığı ilə reallaşdırılan ali məktəb
tələbələrinin XV Respublika fənn olimpiadasının
yekun turuna həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini İradə Hüseynova olimpiadanın yekun
turunda tələbələrin 11 fənn üzrə (riyaziyyat,
fizika, kimya, informatika, Azərbaycan dili,
Azərbaycan tarixi, Azərbaycan coğrafiyası,
ingilis dili, fransız dili, alman dili və rus
dili) biliklərini sınayacaqlarını bildirdi.
2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun
turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə
qazandığını söyləyən nazir müavini XV fənn
olimpiadasının yekun turunda 34 ali məktəbdən
630 tələbənin iştirak edəcəyini nəzərə çatdırdı.
İradə Hüseynova olimpiadanın yekun turuna Bakı
şəhərindəki ali təhsil müəssisələri ilə yanaşı,
Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və
Mingəçevir şəhərlərində yerləşən ali məktəblərin
də qatıldığını dedi. Təhsil nazirinin müavini
olimpiada iştirakçısı olan qeyri-dövlət ali
məktəblərinin sayının artdığını da qeyd etdi.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini
Şaiq Əsgərov Təhsil Nazirliyi ilə birgə
keçirilən tədbirlərin xüsusi əhəmiyyət
daşıdığını vurğuladı. Ş.Əsgərov ali məktəb
tələbələrinin XIV Respublika fənn olimpiadası
qaliblərinin mükafatlandırılmasının nəzərdə
tutulduğunu diqqətə çatdırdı.
Daha sonra ali məktəb tələbələrinin XIV
Respublika fənn olimpiadasında müxtəlif fənlər
üzrə I (11 nəfər), II (22 nəfər), III (33 nəfər)
yerlərə layiq görülmüş tələbələrə, qalibləri
hazırlaşdıran müəllimlərə və münsiflər heyətinin
sədrlərinə Təhsil Nazirliyinin hədiyyələri və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin pul mükafatları
təqdim edildi. Həm də ötən il bu olimpiadada
fərqlənmiş daha 30 nəfər həvəsləndirici
mükafatlara layiq görüldü.
Şakir CƏFƏROV |