26-27 may tarixlərində Bakıdakı "Ankara məktəbi"
məktəb-liseyində ölkənin ümumtəhsil
məktəblərində təhsil alan xüsusi istedada malik
şagirdlərin son seçim turu keçirildi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrası
üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planına
əsasən keçirilən seçimdə məqsəd istedadların
aşkara çıxarılması, onların yaradıcılıq
potensialının daha da inkişaf etdirilməsi,
istedad bankının formalaşdırılmasıdır.
Seçim
turu mayın 26-da şagirdlərin riyaziyyat fənni
üzrə yarışa qoşulmaları ilə açıldı. Mərasimdə
təhsil naziri Misir Mərdanov iştirak edirdi.
Şagirdləri salamlayan təhsil naziri dərs ilinin
sonunda belə bir tədbirdə iştirak etməsindən
məmnunluq duyduğunu bildirdi. Azərbaycan
Respublikası Prezidentinin təhsilin inkişafı ilə
bağlı 16 Dövlət Proqramı təsdiq etdiyini, həmin
proqramlardan birinin istedadlı uşaqların
seçilməsi və onların inkişafına şərait
yaradılması ilə bağlı olduğunu deyən nazir
bugünkü tədbirin də məhz həmin proqram
çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı.
Nazir bildirdi ki, istedadların seçimi ilə bağlı
tədbirlər artıq üçüncü ildir ki, həyata
keçirilir və hər dərs ilinin sonunda yekun seçim
turu təşkil olunur.
Daha sonra nazir qeyd etdi ki, seçim turu iki
gün ərzində riyaziyyat, fizika, kimya və
biologiya fənləri üzrə aparılacaq. Riyaziyyat
üzrə son seçim turunda VIII-X siniflərdə təhsil
alan 353 şagird iştirak edir. Nazir turun 3 saat
ərzində keçiriləcəyini, həmin vaxtda şagirdlərin
50 tapşırıq həll edəcəklərini, cavabların
münsiflər heyəti tərəfindən
qiymətləndiriləcəyini açıqladı. Nazir bildirdi
ki, son seçim mərhələsinin tapşırıqları
istedadlı uşaqlara hesablanıb. Onlar kifayət
qədər mürəkkəb və xüsusi istedad tələb edən,
eyni zamanda məntiqlə bağlı tapşırıqlardır.
Təhsil naziri maraqlı fakt kimi onu da qeyd etdi
ki, iştirakçılar arasında 4-cü sinifdə təhsil
alan şagird də var. O, IX sinif şagirdləri ilə
birlikdə öz gücünü sınayır. Digər əsas bir
məqamı da diqqətə çatdıran Misir Mərdanov
seçimdə iştirak edən şagirdlərin sayının
getdikcə artdığını, builki iştirakçıların
sayının əvvəlki 2 ildəki iştirakçıların birgə
sayına bərabər olduğunu vurğuladı. Çıxışının
sonunda nazir xüsusi istedada malik uşaqlar üçün
nəzərdə tutulan digər tədbirlərdən də söz açdı
və seçim turunun təşkilində əməyi olanlara
minnətdarlığını bildirdi, qarşıdakı yarışda
şagirdlərə uğurlar arzuladı.
Seçim turu mayın 27-də başa çatıb.
Yusif ƏLİYEV |