Respublikamızda
idmanın bütün növləri kimi şahmat da böyük bir
inkişaf mərhələsindədir. Şahmatçılarımız
beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil
edərək Vətənə medallar qazandırır, bayrağımızı
ucaldır, himnimizi səsləndirirlər. Belə
idmançılarımızdan biri də Bakıdakı 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin
yetirməsi, beşqat Azərbaycan çempionu, Avropa
çempionatının mükafatçısı və nəhayət, 2010-cu
ildə Yunanıstanda 18 yaşlı qızlar arasında
keçirilən yeniyetmələrin Dünya çempionatının
qızıl mükafatçısı, şahmat üzrə beynəlxalq
dərəcəli usta Nərmin Kazımovadır. O, Təhsil
Nazirliyinin 2010-cu ildə keçirdiyi "İlin ən
yaxşı qız şahmatçısı" nominasiyasının
qalibidir.
Nərmin 1993-cü ildə Ordubad rayonunun Əylis
kəndində anadan olub. 2002-ci ildə şahmatla
məşğul olmağa başlayan Nərmin, öz çalışqanlığı
və istedadı ilə müəllimlərinin diqqətini cəlb
edir və çox keçmir ki, uğurları hamını
sevindirir. İstər təhsil aldığı Bakıdakı 111
nömrəli orta məktəbdə, istərsə də şahmat
məktəbində nizam-intizamı və çalışqanlığı ilə
yaşıdlarından fərqlənən Nərmin, dünya çempionu
olmaq, bayrağımızı beynəlxalq səviyyəli
yarışlarda uca tutmağı öz qarşısına məqsəd
qoymuşdur və bu məqsədə doğru addım-addım
irəliləyirdi.
Nərminin dediklərindən: Məndə şahmata marağı
anam yaratdı və məni yaxşı şahmatçı olacağıma
inandırdı. İlk dəfə şahmat məktəbinə gələndə
buradakı ab-hava məni həvəsləndirdi və nədənsə
məndə özümə qarşı böyük bir inam yaratdı.
Həvəslə, yorulmadan məşqlər edirdim və
çalışırdım həm müəllimlərimin, həm də
valideynlərimin etimadını doğruldum. İlk
illərdə yarışlara qatılsam da, elə böyük
nəticələr əldə etməmişdim. Buraxdığım səhvlərdən
nəticə çıxarmaq üçün var gücümlə çalışırdım.
Mənimlə bərabər, deyərdim ki, məndən də çox
əziyyət çəkən isə məşqçi-müəllimim Rəsul
İbrahimov idi. Lakin 2005-ci ildə ilk dəfə
respublika çempionu olanda çəkdiyimiz
əziyyətlərin hədər getmədiyini anladım.
Sevincimin hədd-hüdudu yox idi. Bunu sözlə ifadə
etmək çox çətindir. Bundan sonra uğurlarımı
təkrarlamağı və daha böyük nailiyyətlər əldə
etməyi qarşıma məqsəd qoydum. Bu işdə
məktəbimizin direktoru Natiq Ələkbərov bizə hər
bir şəraitdə köməklik göstərir, problemlərimizlə
maraqlanırdı. Çox keçmədi ki, qələbələr
qazandım və hər dəfə uğur əldə edəndə özümə
inamım daha da artdı. Artıq uduzmağı qəbul etmək
istəmirdim, çalışırdım adi oyunlarda belə heç
kimə məğlub olmayım. Bilirsiz, qələbələri
xatırlamaq daha asandır, nəinki məğlubiyyətləri.
Uşaq olarkan hər bir qalibiyyətin öz dəyəri var.
Azərbaycan çempionu titulu alanda çox
sevinirdim. Düzdür, bu uğur o qədər də böyük
deyildi, amma mənim üçün çox vacib bir qələbə
kimi yadda qalırdı. Düzünü desəm, məğlubiyyəti
mənim üçün yadda saxlamaq çox çətindir. Çünki
məğlubiyyətlə barışmaq istəmirəm.
Uğurlar əldə etdikcə artıq tanınmağa başlayırsan
ki, bu da təbii haldır. Ancaq populyarlıq insana
mənfi təsir göstərməməlidir. Düşünürəm ki, bu,
insanın özundən asılıdır. Yənı insan öz
populyarlığından düzgün istifadə edə bilsə, onun
mənfi cəhətləri az görünər. Mən bu günümə,
qazandığım ada, nəticələrə, həyatda tutduğum
yerə, hər şeyə görə şahmata borcluyam.
Populyarlıqdan mənfi bir şey görməmişəm. Mən
necə var idim, elə də qalmışam və çalışacam
ömrümün axırına qədər mənfi deyilən şeylərdən
uzaq olum və normal bir həyat sürüm. Dünyanın
tanınmış şahmatçısı olmaq istəyirəm və buna
çatana qədər var gücümlə çalışacağam. Nəinki
mən, hər bir azərbaycanlı gənc istəsə bunun
öhdəsindən gələ bilər. Bunun üçün Prezidentimiz
cənab İlham Əliyev hər cür şərait yaradıb və biz
gənclər bundan maksimum istifadə etməyə
çalışmalıyıq. Mən bütün imkanlardan istifadə
etməyə çalışıram və gələcəkdə təhsilimi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında davam etdirib respublikamıza
xidmət etməyi arzulayıram. Uğurlarıma görə
valideynlərimə, müəllimlərimə və hörmətli nazir
Misir Mərdanova öz təşəkkürümü bildirirəm.
Nərminin məşqçi-müəllimi Rəsul İbrahimov da onun
haqqında fikirlərini bizimlə bölüşdü. O,
Nərminin böyük potensiala malik olduğunu və öz
üzərində ciddi çalışdığını qeyd etdi. Bildirdi
ki, Nərmini başqalarından fərqləndirən əsas
cəhət onun daim axtarışda olmasıdır. Qeyd etdi
ki, şahmatda uğur qazanmağın əsas səbəbi çox
çalışmaqdır. Təbii ki, istedad olmasa çalışmağın
da bir o qədər faydası olmaz. Nərmin bu
kompleksləri yaxşı cəmləşdirərək həm
istedadıyla, həm də çalışmaqla uğur qazanır.
Onunla uzun müddət işləmək mənə xüsusi zövq
verir. N.Kazımova dünya çempionu olanda özümü
çox xoşbəxt hiss edirdim. Düzdür, ona qədər də
bir çox qələbələr qazanmışdı. Ancaq dünya
birincisi olmaq tamam başqa bir hissdir. Bu
titula görə Nərmini təbrik edirəm və ona öz
təşəkkürümü bildirirəm.
Nərmin haqqında söz açan məktəbin direktoru
Natiq Ələkbərov şagirdlərinin dünya çempionu
olmasından qürur hissi keçirdiyini bildirdi.
N.Ələkbərov Nərminin məktəbə gəldiyi günü yaxşı
xatırladığını və onun valideynlərinə - Nərmin
dünya çempionu olacaq, - deyəndə bəlkə də heç
kim bunu bir o qədər ciddi qəbul etmirdi. Lakin
zaman hər şeyi həll etdi. Natiq müəllim haqlı
idi. Nərmin doğrudan da dünya çempionu oldu.
N.Ələkbərov məktəbin uğurlarının davamlı
olacağından və gələcəkdə yeni-yeni nailiyyətlər
əldə edəcəklərindən ümidvar olduğunu nəzərə
çatdırdı. Qeyd edildi ki, təhsil ocağı həm
respublika səviyyəsində, həm də beynəlxalq
yarışlarda uğurla çıxış edir. Düzgün qurulmuş iş
və gərgin əmək sayəsində məktəb həm Təhsil
Nazirliyinin, həm də Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin bir çox diplom və mükafatları ilə
təltif olunub. Təsadüfü deyil ki, məktəbin
yetirmələri təkcə 2010-cu ildə beynəlxalq
yarışlardan dörd medal əldə ediblər. O, idmana
dövlət tərəfindən göstərilən diqqət və qayğını
yüksək qiymətləndirərək hörmətli Prezident İlham
Əliyevə və təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirdi.
Bəli, bir ömrü də belə səhifələdik.
Səhifələdikcə qürur hissi keçirdik. Çünki
Azərbaycanın sağlam düşüncəli, cəsur ürəkli
gəncləri var.
Niyazi RƏHİMOV |