Artıq 19 ildir ki, dünya azərbaycanlıları 31
dekabrı həmrəylik günü kimi bayram edirlər. Ulu
öndər Heydər Əliyev tərəfindən 1991-ci ilin
dekabr ayında Naxçıvan MR-də təsis edilmiş bu
bayram illər keçdikcə geniş vüsət aldı, bütün
dünyada yaşayan soydaşlarımızı silkələdi,
oyatdı, milli birliyə çağırdı. Bu müqəddəs
bayram bütün azərbaycanlıları azərbaycançılığa,
milli mənəvi dəyərlərimizi qoruyub saxlamağa,
xalqına, millətinə, tarixinə, dilinə, dininə,
doğma Vətəninə sədaqətli olmağı tövsiyə edir.
Dünyanın müxtəlif ölkələrində məskunlaşan
soydaşlarımızı birliyə, həmrəyliyə dəvət edən bu
bayram Diaspora quruculuğunu möhkəmləndirməyə
əsas verir.
Açığını deyim ki, sayı 50-60 milyona çatan
azərbaycanlıların həmrəyliyinə XX əsrin
sonlarında - daha doğrusu, ulu öndər Heydər
Əliyevin xalqın tələbi və təkidi ilə ikinci dəfə
hakimiyyətə qayıdışından sonra önəm verilməyə
başladı. Ona qədər soydaşlarımız heç vaxt
bir-biri ilə həmrəylik nümayiş etdirməmiş,
lobbiləşə bilməmiş, ayrı-ayrı ölkələrdə kortəbii
fəaliyyət göstərən Azərbaycan icmalarının
fəaliyyəti əlaqələndirilməmişdir. Buna görə də
ümummilli liderimizin uzaqgörənliyi nəticəsində
dünya azərbaycanlılarının bir araya gəlməsi,
həmrəylik nümayiş etdirməsi adicə aksiya
olmayıb, həm də zaman-zaman bu xalqın üzləşdiyi
faciələrdən ibrət dərsi götürmək, vahid, milli
ideologiyaya sədaqət nümayiş etdirmək baxımından
çox əhəmiyyətlidir.
Tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi,
müstəqil Azərbaycan dövlətinin banisi,
dövlətçiliyimizin möhkəmlənməsində misilsiz
xidmətləri olan Heydər Əliyevi ulu Tanrı bizə,
millətimizə, xalqımıza bir nur göndərmişdi. O
nur qaranlıqları yarır, xalqımızı daha işıqlı
gələcəyə aparır. Ulu öndər qeyri-adi qüdrət
sahibi olduğuna görə qarşısına qoyduğu ali
məqsəd xalqına, millətinə, tarixinə, dilinə,
dininə, Vətəninə yüksək səviyyədə sədaqətlə,
namusla xidmət etmək, millətinin imzasını dünya
xalqlarının imzaları sırasında ön sıralara
çıxarmaq olub. Ulu öndər xarici ölkələrə rəsmi
səfərlərində yüksək dövlət rəsmiləri ilə
görüşlər keçirməklə yanaşı, vaxt tapıb həmin
ölkələrdə yaşayan azərbaycanlılarla da təmasda
olur, onların problemləri ilə maraqlanır və
harada yaşamalarından, işləmələrindən asılı
olmayaraq azərbaycanlı olmalarını unutmamağı
tövsiyə edir, - mən azərbaycanlı olmağımla fəxr
edirəm - deyirdi.
Dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq,
onların azərbaycanlı olmalarını bir daha
yaddaşlara həkk eləmək böyük cəsarət tələb
edirdi. Heydər Əliyev bu arzusuna da çatdı.
Dünya azərbaycanlılarının I və II
qurultaylarının Bakıda - Azərbaycanda
keçirilməsini görülən işlərin uğuru kimi
qiymətləndirmək olar. Bu gün inamla demək olar
ki, dahi rəhbərin müdrikliyi və uzaqgörənliyi
sayəsində Avropa, Asiya, ABŞ, Avstraliya və
başqa ölkələrdə yaşayan azərbaycanlılar
özlərinin icmalarını, birliklərini yaradaraq
bir-biri ilə həmrəylik nümayiş etdirir,
adət-ənənələrimizi, dilimizi, mənəvi-əxlaqi
dəyərlərimizin qorunub saxlanılması
istiqamətində birlikdə fəaliyyət göstərirlər.
Ulu öndər özünün bütün fəaliyyəti boyunca
çalışmışdır ki, taleyin hökmü ilə qismətlərinə
qərib-qürbət ölkələrdə yaşamaq düşmüş
soydaşlarımız bir araya gəlsinlər, onlarda
vətənpərvərlik duyğuları alovlansın. Onlar öz
tarixini, Vətəni Azərbaycanı sevsin, onunla fəxr
etsinlər.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı
möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəylik Gününü əziz
bayramlardan biri kimi dəyərləndirir və ona
diqqəti daha da artırır. Dövlət başçısı İlham
Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlılar arasında birlik və həmrəyliyin
möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik
və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə
kimi daim ön plana çəkir və diqqətdə saxlayır.
Buna görə də Diaspor quruculuğu sayəsində
aparılan işlər artıq öz müsbət nəticələrini
verir. Bu gün Azərbaycan Respublikasında
Beynəlxalq Diaspora Mərkəzinin yaradılması və
formalaşması möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin dəstəyi ilə gözəl nəticələr
verməkdədir.
Bu əziz bayram münasibəti ilə dünya
azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir,
onları daha da möhkəm birliyə çağırıram.
Əvəz MAHMUD LƏLƏDAĞ |