Orta ümumtəhsil məktəblərində İKT-nin tətbiqi
genişlənərək şagirdlərdə informasiyalaşmış
cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla
işləmə bacarıqları və kompüterdən istifadə
vərdişləri xeyli artmışdır.
Bakıdakı 9 nömrəli orta məktəbin direktoru
Zinyət Əhmədova bildirdi ki, təhsil ocağında
informatika kabineti yaradılıb. Tədris zamanı
şagirdlərdə ətraf aləmin informasiya baxımından
təhlil və qərar qəbul etmək bacarıqlarının
formalaşdırılması, onların informasiya
texnologiyalarından istifadəyə hazırlanması tam
təmin olunur.
Tədris ilinin ilk günündən I və IV siniflərdə
dərs deyən informatika müəllimləri Gülnurə
Əhmədova və Elnarə Məmmədova şagirdlərdə bu
fənnə qarşı böyük həvəs yaradıblar. Şagirdlərdən
Xalidə, Rüstəm, Tofiq və başqaları kompüterlə
sərbəst davranır, sadə əməliyyatları icra edir
və İKT-nin sirlərinə həvəslə yiyələnirlər.
Şakir CƏFƏROV |