2010-cu
il mənim həyatımda uğur və zirvə ili oldu! Həm
bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün
uğur və nailiyyətlərimə görə öncə
valideynlərimə, müəllimlərimə və sonra da məni
əhatə edən yaxşı insanlara çox minnətdaram.
Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai
rayonundakı 204 nömrəli orta məktəbdə biologiya
müəllimi kimi başladım. Hazırda da bu məktəbdə
çalışıram. 2008-2009-cu tədris ilində "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi oldum. Pedaqoji
fəaliyyətimdə çox nailiyyətlərim olub, ancaq
2010-cu ildə mənim bu fəaliyyətlərimin sırasına
yeniləri də əlavə olundu: Biologiya fənn
proqramının müəlliflərindən biri oldum,
Biologiya fənn kurikulumunun hazırlanması və
dərsliklərin qiymətləndirilməsi işçi qrupunun
üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin
məsləhətçisi, Kurikulum Portalının veb-masteri.
2010-2011-ci tədris ilinin 10 və 11-ci siniflər
üçün "Ümumi biologiya" dərsliyinin həmmüəllifi
olmaq şərəfinə də nail oldum. Dəfələrlə müxtəlif
yerli və xarici ölkələrin konfrans, seminar və
"dəyirmi masa"larında iştirak edərək yenə də
müxtəlif diplom və sertifikatlara layiq
görüldüm. 2010-cu ildə Lomonosov adına Moskva
Dövlət Universitetinin Moskva Pedaqoji
Universiteti ilə birlikdə təşkil etdiyi uzaqdan
təhsil yoluyla ixtisasartırma kursunu bitirdim.
Onu da qeyd edim ki, mənim həyatımda 2010-cu
ilin ən yaddaqalan və ən önəmli hadisələrindən
biri Beynəlxalq Müəllim Günü ərəfəsində
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə ölkəmizdə təhsilin
inkişafındakı xidmətlərinə görə bir qrup təhsil
işçisinə verilən "Əməkdar müəllim" fəxri adı ilə
təltif olunanların siyahısında mənim də adımın
olması idi. Mən və mənim ailəm bu xəbəri
eşitcək çox şad olduq. Anam və atam da bu
sevincimə şərik olub, mənim üzərimdə çəkdikləri
zəhmətlərinin hədər getmədiyini və mənimlə fəxr
etdiklərini bildirdilər. Biz ailəvi olaraq bunu
ölkə başçısının təhsilə, təhsil işçilərinə
davamlı olaraq göstərdiyi diqqət və qayğının
yeni nümunəsi kimi qarşılayıb, müəllim əməyinə
verilən yüksək qiymət kimi dəyərləndiririk.
Əməyimə, çoxillik fəaliyyətimə verilən böyük
dəyərə görə möhtərəm Prezidentimiz İlham
Əliyevə, hər zaman dəstəyini, köməyini hiss
etdiyim təhsil naziri Misir Mərdanova, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyevaya, işlədiyim məktəbin dəyərli
kollektivinə, direktorumuz Ziba Rzayevaya öz
dərin minnətdarlığımı bildirirəm. Bu adın çox
böyük məsuliyyəti var - bu adı layiqincə öz
üzərində daşımaq məsuliyyəti! Mən bu məsuliyyəti
öz üzərimdə hiss edir və bu adı daha uca və
yüksək zirvədə saxlamaqdan ötrü bütün
imkanlarımı səfərbər edərək təhsil islahatımızı
nəinki respublikamızda, hətta xarici ölkələrdə
də layiqincə təmsil edəcəyəm. Necə ki, bunu
davamlı olaraq edirəm.
Bütün həmkarlarımı qarşıdan gələn yeni 2011-ci
il münasibətilə ürəkdən təbrik edirəm. Əziz
müəllimlər, qoy bu yeni ildə sizin ürəyinizdə
olan yaşayıb-yaratmaq odu, öyrətmək eşqi heç
vaxt sönməsin. Bir daha sizləri təbrik edir,
sizlərə uzun ömür, cansağlığı və pedaqoji
fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları
arzulayıram! Müəllim bir ziyadır! Elə həmin
ziyadan bol-bol içən pöhrələr də bu gün
qol-budaq atıb, onun xoşbəxt müəllim əməyinin
bəhrəsini görən insan kimi şöhrət tapmasına
səbəb olur! 2011-ci il həmişəki kimi UĞUR ilimiz
olsun!
Almaz HƏSRƏT |