Lənkəran Dövlət Universitetində Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə keçirilən tədbir belə adlanırdı.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf İsgəndərov tədbiri
açaraq iştirakçıları təbrik etdi. O bildirdi ki,
2010-cu il Azərbaycan tarixinə iqtisadi və
sosial həyatın bütün sahələrinin inkişafında
kəskin sıçrayış və tərəqqi ili kimi daxil
olmuşdur. Ümummilli lider Heydər Əliyev
zəkasının işığından güc almış Azərbaycan onun
siyasi varisi cənab İlham Əliyevin rəhbərliyilə
işıqlı sabahlara inamla addımlayır. Rektor
ölkəmizdə milli təhsil quruculuğu
strategiyasının uğurla həyata keçirildiyini də
vurğulamış və bu istiqamətdə Lənkəran Dövlət
Universitetində görülmüş işlər haqqında məlumat
vermişdir.
Dil və ədəbiyyat kafedrasının dosenti,
filologiya elmləri namizədi, Prezident
təqaüdçüsü Mirhaşım Talışlı çıxışında bu gün
müstəqil Azərbaycan Respublikasının bütün dünya
azərbaycanlılarının doğma yurdu və etibarlı
dayağı olduğunu bildirmiş, həmrəylik gününə və
Yeni ilə həsr etdiyi şeirlərini söyləmişdir.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal
Kələntərli, universitet valideynlər şurasının
sədri Sərhad Məmmədov, valideynlər adından
Heybət Mirzəyev, universitetin iqtisadiyyat və
idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri
namizədi Əlixan Bədəlov Yeni il arzularını
bildirməklə qeyd etdilər ki, Azərbaycan
həqiqətləri bu gün bütün dünyaya çatdırılır.
Çıxış edən tələbələrdən Əlirza Məhərrəmov,
Sevinc Şirzadova, tələbə-gənclər təşkilatının
sədri Seymur Murtuzayev bu həqiqətlərin dünyaya
yayılmasında tələbə-gənclərin də xidməti
olduğunu söylədilər. Qeyd edildi ki, ulu öndər
Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi
strategiya dəyişməz olaraq qalır və bu siyasi
kurs uğurla davam edir.
Tədbirdə "Azərbaycan, doğma Vətənim mənim!" adlı
ədəbi-bədii kompozisiya göstərildi. Yeni ilə
həsr olunmuş şeirlər, mahnılar səsləndi,
səhnəciklər, viktorinalar keçirildi.
TEMPUS proqramı çərçivəsində ingilis dili,
informatika və ümumi layihələr üzrə
olimpiadaların qaliblərinə, yubileyləri qeyd
olunmuş universitet əməkdaşlarına, ictimaiyyətin
nümayəndələrinə Fəxri fərmanlar və qiymətli
hədiyyələr verildi.
Tədbirdə elm və təhsil müəssisələrinin, rayon
ictimaiyyətinin nümayəndələri iştirak
edirdilər.
Hacı Etibar ƏHƏDOV |