Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya
Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və
Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə
Moskvada və Rusiyanın bir sıra regionlarında
Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə
aksiyaları keçirilmişdir.
Yeni
il ərəfəsində Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin əməkdaşları və RAGT-ın üzvləri
Moskvanın bir neçə uşaq evində, bərpa mərkəzində
olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və
digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram
tədbirləri təşkil olunmuşdur.
Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli
bərpa mərkəzlərində, 12 nömrəli uşaq evində,
Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski
adına Elmi Cərrahiyyə Mərkəzində, habelə
"Yujnoye Butovo" əlil uşaqların Sosial
Reabilitasiyası Mərkəzində keçirilmişdir. Yaxın
günlərdə 48 nömrəli uşaq evində və 7 nömrəli
uşaq evi-internatda da bu cür aksiyalar təşkil
ediləcəkdir.
Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla
xanım Əliyevanın Yeni il bayramı münasibətilə
təbrikləri çatdırılmış, Şaxta babanın və digər
nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı
bayram proqramından sonra hədiyyələr təqdim
olunmuşdur.
Hədiyyə zənbilinə Şərq şirniyyatı, meyvələr,
geyim, kitablar qoyulmuşdu. Uşaq evlərindən
birinə televizor, digərlərinin hər birinə
kompüter, musiqi mərkəzi, MP-3 pleyerlər
hədiyyə edilmişdir. Heydər Əliyev Fondu
tərəfindən Bakıdan göndərilmiş şirniyyatlar
da uşaqların sevincinə səbəb olmuşdur.
Rusiyanın digər regionlarında -
Sankt-Peterburqda, Yekaterinburqda, Vladimir,
Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk,
Lipetsk, Tümen, Yaroslavl vilayətlərində,
habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları
keçirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə
xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu
aksiyalar Fondun fəaliyyətinin və iş
istiqamətlərindən birinin məntiqi davamıdır.
Heydər Əliyev Fondunun nümayəndəliyi artıq 4
ildir Rusiyada xeyriyyə aksiyaları keçirir,
valideyn himayəsindən məhrum uşaqlar, xəstə
körpələr üçün nağılları reallığa çevirir.
Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin əməkdaşları ilə yanaşı, Leyla
Əliyevanın bir il əvvəl yaratdığı Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının üzvləri də
fəal iştirak edirlər.
Fondun aksiyalarının keçirildiyi uşaq evlərinin
rəhbərləri, ilk növbədə, mənəvi dəstəyə ehtiyacı
olan uşaqlara göstərilən diqqət və qayğıya görə
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını
bildirmişlər. Onlar vurğulamışlar ki, bu cür
xeyriyyə aksiyaları xalqlarımız arasında dostluq
və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə
kömək edir. Uşaqların sevinci isə bu tədbirlərin
təşkilatçıları üçün ən böyük mükafatdır.
AzərTAc |