Heydər Əliyev Fondu "Buta" sarayında uşaq
evlərində və internat-məktəblərdə təlim-tərbiyə
alan, şəhid, qaçqın və məcburi köçkün
ailələrindən olan, yetim və valideyn
himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən
uşaqlar üçün Yeni il şənlikləri keçirir.
Dekabrın
29-da Fondun prezidenti, Azərbaycanın birinci
xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
növbəti bayram şənliyində iştirak etmiş, qızları
Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və
fərəhini bölüşmüşdür. Mehriban xanım və qızları
uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil
çəkdirdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif
illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il bayramlarında uşaqlarla bir yerdə
olmasından, Prezident İlham Əliyevin və Mehriban
xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən
film göstərildi.
Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm
saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba
"sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.
Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar
bütün istedad və bacarıqlarını sərf edirdilər.
Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl
bayram şənliyini onlara bəxş edən Heydər Əliyev
Fonduna, onun prezidenti Mehriban xanıma
minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün
şənlik iştirakçıları arasında qaçqın və məcburi
köçkün ailələrindən olan uşaqlar, qayğıya
gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi
məktəblərdə təlim-tərbiyə alan balaca
soydaşlarımız əksəriyyət təşkil edirdilər.
Respublikamızın tanınmış estrada müğənniləri,
məktəblilərin özfəaliyyət kollektivləri, rəqs
qrupları, gənc istedadlar oynaq, şux mahnıları,
rəqsləri ilə bayram şənliyini daha da
rövnəqləndirirdilər. Rəqqaslara qoşulan,
məharətlərini göstərən, özlərini möcüzələr
aləmində hiss edən uşaqların sevinci hədsiz idi.
Çünki tanınmış sənətçilərin, klounların,
sehrbazların, cizgi filmləri personajlarının,
nağıl qəhrəmanlarının bir-birindən maraqlı
çıxışları məhz onlara ünvanlanmışdı.
Fondun
əməkdaşlarının tədbir iştirakçılarına
münasibəti, hər kəsə qayğı ilə yanaşmaları da
uşaqların və valideynlərin diqqətindən
yayınmadı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
ƏLİYEVA bayram şənliyində çıxış edərək dedi:
- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli
müəllimlər.
Mən sizi Yeni il münasibətilə səmimi-qəlbdən
təbrik edirəm. Çox şadam ki, bu il də Yeni ili,
Yeni il sevincini sizinlə birlikdə paylaşırıq.
Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc
görürəm. Arzum odur ki, hər zaman siz belə
gülərüz, belə xoşbəxt olasınız.
Yeni il bütün başqa bayramlardan fərqli bir
bayramdır. Uşaqların ən sevimli bayramıdır.
Mənim də ən sevimli bayramlarımdan biridir.
Adətən Yeni ili insanlar ən yaxın doğmaları,
ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox
xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq,
mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik.
Bu gün bu saraya gələrkən dövlətimizin
başçısının, Prezident İlham Əliyevin də mənə
tapşırığı oldu. O, sizə təbriklərini,
salamlarını və məhəbbətini çatdırır.
Bu gün Azərbaycanda sizin üçün bütün şərait
yaradılıb. Ümidvaram ki, siz dərslərinizi yaxşı
oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam
böyüyəcəksiniz və valideynlərinizi, bizi,
böyüklərinizi hər zaman uğurlarınızla
sevindirəcəksiniz.
Bu günlər bütün dünyada uşaqlar Yeni il
bayramını qeyd edirlər. Biz də Heydər Əliyev
Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram
əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm
sarayı belə gözəl bəzədik, sizi bura dəvət
etdik. Ümidvaram ki, siz bu şənlikdən razı
qaldınız, sevinc hiss etdiniz. Ona görə də mən
yenə sizi təbrik etmək istəyirəm. Yeni il
bayramının bir özəlliyi də vardır. Adətən
insanlar - həm böyüklər, həm uşaqlar Yeni il
gecəsi ürəyində bir arzu tuturlar. Mənim arzum
odur ki, ürəyinizdə olan bütün istəklər
gerçəkləşsin, Yeni ildə həyata keçsin. Bir daha
hamınızı səmimi-qəlbdən təbrik edirəm, sizə
cansağlığı, yeni uğurlar və xoşbəxtlik
arzulayıram. Sağ olun.
***
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu
istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür
etdilər.
Balacalar Mehriban xanımla xatirə şəkli
çəkdirdilər.
Şənliyin sonunda hər bir uşağa Heydər Əliyev
Fondunun Yeni il hədiyyələri təqdim olundu.
Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində
silinməz xatirəyə çevrildi. Fondun Yeni il
şənliklərində ümumilikdə 2 minədək uşaq və
yeniyetmənin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq
tədbirlər görülmüş, şənlikdə iştirak edən
uşaqların "Buta" sarayına təhlükəsiz
gəlib-getməsi üçün 12 rahat avtobus ayrılmışdır.
AzərTAc |