| 
								
								Dekabrın 30-da Təhsil Nazirliyində Lisenziya 
								komissiyasının iclası keçirilib. 
								
								İclasda Xəzər Universiteti, bu ali təhsil 
								müəssisəsinin nəzdindəki "Dünya" məktəbi və Bakı 
								Biznes Universitetinin fəaliyyətinə verilmiş 
								lisenziyanın müddətinin uzadılması məsələləri 
								müzakirə edilib. 
								
								Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir 
								Mərdanov mərasim iştirakçılarını 31 dekabr - 
								Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 
								il münasibətilə təbrik edib. Nazir Xəzər 
								Universiteti, bu ali təhsil müəssisəsinin 
								nəzdindəki "Dünya" məktəbi və Bakı Biznes 
								Universitetinin fəaliyyəti haqqında fikirlərini 
								bildirib. Son illərdə ölkəmizin bütün 
								istiqamətlərdə, o cümlədən də təhsil sahəsində 
								ciddi nailiyyətlər qazandığını vurğulayan Misir 
								Mərdanov Azərbaycanda yüksək ixtisaslı 
								mütəxəssislərə olan tələbatdan söz açıb. Bu 
								baxımdan hər iki universitetin əldə etdiyi 
								uğurlara toxunan təhsil naziri bu ali təhsil 
								müəssisələrini bitirmiş bir çox məzunların 
								dünyanın nüfuzlu universitetlərində təhsillərini 
								müvəffəqiyyətlə davam etdirdiklərini nəzərə 
								çatdırıb. 
								
								Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin 
								müdiri Həbib Zərbəliyev hər iki universitetin 
								fəaliyyətini araşdıran ekspert qruplarının işi 
								barədə ətraflı məlumat verib. 
								
								Xəzər Universiteti üzrə ekspert qrupunun sədri 
								Fialə Abdullayeva, Bakı Biznes Universiteti üzrə 
								ekspert qrupunun sədri Əfqan Abdullayev, Təhsil 
								Nazirliyinin Akkreditasiya şöbəsinin baş 
								məsləhətçisi Məhərrəm Səfərov və Lisenziya 
								komissiyasının digər üzvləri tədris ocaqlarının 
								maddi-texniki bazası, tədris şəraiti, pedaqoji 
								heyəti, beynəlxalq  əlaqələri,  ixtisaslar  üzrə 
								hazırlıq səviyyəsi barədə fikirlərini 
								bildiriblər. 
								
								Sonra iclasda müzakirə olunan məsələlər 
								ətrafında fikir mübadiləsi aparılıb, Lisenziya 
								komissiyasının üzvlərini maraqlandıran suallara 
								aydınlıq gətirilib. 
								
								Sonda Lisenziya komissiyası Xəzər Universiteti, 
								bu ali təhsil müəssisəsinin nəzdindəki "Dünya" 
								məktəbi və Bakı Biznes Universitetinin 
								fəaliyyətinə verilmiş lisenziyanın müddətinin 
								uzadılması barədə qərar qəbul edib. |