Dekabrın
24-də Bakıdakı 276 nömrəli orta məktəbdə
Azərbaycan Yazıçılar Birliyinin üzvi,
H.B.Zərdabi mükafatı laureatı, Prezident
təqaüdçüsü, filologiya elmləri üzrə fəlsəfə
doktoru, yazıçı Kamran Nəzirli ilə görüş
keçirildi. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi və valideynlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Bəhram Şiriyev qonaqları salamlayaraq belə
tədbirin keçirilməsinin şagirdlərə müsbət təsir
göstərdiyini bildirdi. O, Kamran Nəzirlinin
həyat və yaradıcılığı haqqında geniş məlumat
verərək bildirdi ki, yazıçı "Sevgi nağılı",
"Doğmalar arasında", "Cəmiyyət siyasətin
güzgüsüdür", "Şeytan işığı", "Qoca uşaq", "Araz
ömrümün axarı" və başqa kitabların müəllifidir.
Bildirildi ki, K.Nəzirli tərcüməçilik fəaliyyəti
ilə də məşğul olur və Amerika və ingilis
ədəbiyyatının klassik nümayəndələrinin bir çox
əsərlərini doğma dilimizə tərcümə edib.
B.Şiriyev yazıçının ayrı-ayrı dövrlərdə mətbuat
sahəsində çalışdığını, müxtəlif beynəlxalq
festival və simpoziumlarda ölkəmizi təmsil
etdiyini vurğuladı.
Sonra söz Kamran Nəzirliyə verildi. O, insanın
təbiətə və cəmiyyətə münasibətinin məktəbdə
formalaşdığını bildirdi. Qeyd etdi ki, bu gün
məktəb, sözün əsl mənasında, ailə institutunun
görə bilməyəcəyi ən mühüm funksiyaları belə
yerinə yetirə bilər. Məktəblə cəmiyyətin, o
cümlədən cəmiyyətin aparıcı qüvvələri olan
ziyalıların, yazıçıların, ictimai xadimlərin
münasibətləri, əlaqələri möhkəmlənməli və sıx
olmalıdır. Biz hansı zövqü, hansı estetik-etik
dəyəri görmək istəyiriksə, onu ilk növbədə,
məktəbdə axtarmalıyıq. O, belə görüşlərin
əhəmiyyətindən və təsir gücündən söz açaraq
tədbiri hazırlayan hər bir şəxsə və xüsusilə
məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
Şagirdləri maraqlandıran sualları cavablandıran
K.Nəzirli milli, klassik və dünya ədəbiyyatından
danışdı.
Sonda şagirdlərin iştirakı ilə hazırlanan
bədii-musiqili görüşdə xatirə şəkilləri
çəkildi.
Niyazi RƏHİMOV |