Dekabrın 24-də "Gülüstan" sarayında Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)
təsis olunmasının birilliyi münasibətilə tədbir
keçirilmişdir.
ATGTİ-nin
sədri Şahin İsmayılov təşkilatın fəaliyyəti və
qarşıda duran vəzifələr barədə danışmış,
dövlətin gənclərə göstərdiyi diqqət və
qayğısından bəhs etmişdir. Bildirmişdir ki,
qurum tələbələr arasında şəbəkəni
genişləndirmək, onların asudə vaxtlarını daha
səmərəli təşkil etmək istiqamətində fəaliyyət
göstərərək, yerli və beynəlxalq tədbirlərdə
tələbələrin fəal iştirakını təmin etmişdir.
ATGTİ hazırda 39 ali təhsil müəssisəsinin tələbə
gənclər təşkilatını (TGT) ətrafında birləşdirir.
Təşkilat tələbələri təhsilə və elmi tədqiqat
işlərinə həvəsləndirmək üçün konfranslar,
müsabiqələr, elmi-əyləncəli oyunlar, seminarlar
və təlim kursları təşkil etmişdir. Ötən dövrdə
ATGTİ beynəlxalq əlaqələrin qurulması
istiqamətində mühüm irəliləyişlər əldə etmişdir.
Belarusun Tələbə Şurası ilə niyyət protokolu
imzalanmış, Belçika, Yunanıstan, Rusiya,
Almaniya və Bolqarıstana səfərlər edilmişdir.
ATGTİ-nin sədri demişdir ki, təşkilat fəaliyyəti
dövründə 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim
20 yaşım var", Beynəlxalq Sülh Gününə həsr
olunmuş "Sülh içində yaşa!" aksiyaları,
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ictimaiyyətə tanıdılması
məqsədi ilə "Qəhrəmanlarımızı tanıyaq və
tanıdaq" şüarı altında idman yarışları, milli
filmlərin gənc nəsillərin yaddaşında uzun illər
həkk olunması üçün "Milli kinolarımızı
unutmayaq" mövzusunda layihə və digər tədbirlər
həyata keçirmişdir.
ATGTİ-nin İdarə Heyətinin qərarı ilə Prezident
İlham Əliyev "Azərbaycan Tələbələrinin Dostu"
mükafatına layiq görülmüşdür. Mükafatı
təşkilatın sədri Ş.İsmayılov Prezident
Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanova təqdim
etmişdir.
Tədbirdə çıxış edən Elnur Aslanov ATGTİ-nin
üzvlərini təbrik etmiş, onların fəaliyyətini
yüksək qiymətləndirmiş, dövlətin gənclərə diqqət
və qayğısından danışmış, Azərbaycanın cari ili
də uğurla başa vurduğunu diqqətə çatdırmışdır.
Prezident Administrasiyasının şöbə müdiri
bildirmişdir ki, ATGTİ qısa bir zamanda ölkədə
nüfuz qazanmış bir təşkilatdır. Dövlət başçısı
İlham Əliyevin ötən il qurumun təsis edilməsi
münasibətilə təşkil olunmuş tədbirə məktub
ünvanlaması və Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin həmin
tədbirdə iştirakı Azərbaycanda TGT-yə olan
diqqətin bariz nümunəsidir. Azərbaycan gəncləri
Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə
əhatə olunmuşlar və ölkəmizin gələcəyi məhz
onların əlindədir.
Təhsil naziri Misir Mərdanov vurğulamışdır ki,
təşkilatın yaranması və formalaşması üçün bir il
çox az müddətdir. Buna baxmayaraq, təşkilat
irəliyə doğru böyük addımlar atmışdır. İnanıram
ki, qurumun üzvlərinin sayı getdikcə daha da
artacaq, strukturu möhkəmlənəcək və Azərbaycanın
xoşbəxt gələcəyini təmin edəcək gənclər məhz
sizin sıralarınızdan çıxacaqlar. Təşkilat 120
min gənci ətrafında birləşdirir. Ölkəmizdə
gənclər siyasəti prioritet hesab olunur. Dövlət
tərəfindən gənclərə böyük qayğı göstərilir.
Gənclər və idman naziri Azad Rəhimov dövlətin bu
sahəyə diqqətindən danışmış, ATGTİ-yə uğurlar
arzulamışdır. Bildirmişdir ki, bu bir ildə
təşkilat ətrafında 120 min gənci toplamağı
bacarmış və uğurlu layihələr həyata keçirmişdir.
Azərbaycanın xoş gələcəyi üçün gənclərimiz
həmrəy olmalıdırlar. ATGTİ-nin üzvləri çox
maraqlı təşəbbüslərlə çıxış edirlər və bu,
Azərbaycan gəncliyinin yüksək intellektindən
xəbər verir.
Təşkilatın ötən bir ildə gördüyü işlər ilə bağlı
slaydfilm nümayiş etdirildikdən sonra TGT
sədrlərinin fəalları diplomlarla
mükafatlandırılmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
AzərTAc |