Cəmiyyətin
inkişafında böyük rol oynayan texnikanın,
müxtəlif istehsal sahələrinin təbiətə, insan
həyatı üçün mühüm olan ətraf mühitin zənginlik
və əsrarəngizliyinə mənfi təsiri artıq bəllidir.
İntellekt əsrində bütövlükdə dünyada ətraf
mühitin - ekologiyanın mühafizəsi çox böyük
əhəmiyyəti olan bir problemə çevrilmişdir. Təkcə
mütəxəssisləri deyil, bəşəriyyəti narahat edən
bu qlobal problemin həlli bütün insanların birgə
səyi nəticəsində mümkün ola bilər. Odur ki,
ətraf mühitin mühafizəsi ilə bağlı
dövlətlərarası razılaşmalar imzalanmışdır. XX
əsrdə, xüsusən İkinci Dünya müharibəsindən sonra
bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da
genişlənmiş, 250-dən artıq beynəlxalq müqavilə
imzalanmışdır. Kompüter əsrinin fakt və
hadisələrinin təhlili göstərir: insanların
fəaliyyəti nəticəsində torpaq, su, hava xeyli
dərəcədə çirklənmişdir. Bu qlobal problemin
həlli bu gün daha böyük həyati bir mahiyyət
daşıyır. Dünya iqlim tiplərindən böyük bir
qismini özündə birləşdirən Azərbaycanda ekoloji
problemlərə böyük diqqət var: ölkədə ayrıca
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yaradılıb. Respublikanın Prezidenti İlham Əliyev
hələ 2009-cu ildə ölkənin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasda
ekoloji məsələlərə bir daha diqqəti cəlb etmiş,
başa vurmaqda olduğumuz ili "Ekologiya ili" elan
etməyi məsləhət bilmişdi. Beləliklə, Azərbaycan
tarixinə həm də "Ekologiya ili" kimi həkk olunan
bu il ərzində müxtəlif miqyaslarda tədbirlər
keçirildi, təbiətin qorunması və
zənginləşdirilməsi istiqamətli işlər görüldü.
Təbiət, ətraf mühit çirklənmişdir. Bu məsələnin
həlli üçün, ilk növbədə, ekoloji maarif işi
canlandırılmalı, təhsil sistemində ekoloji
biliklər öyrədilməli, gənclikdə ekoloji təfəkkür
formalaşdırılmalıdır. Ətraf mühitin - insanın
yaşadığı məkanın ekoloji zənginliyinin
qorunması, zənginləşdirilməsi indiki gəncliyin
üzərinə düşən tarixi vəzifədir. Gənclik təbiətin
çirklənmə mənbələrini, tullantıların, nəqliyyat
vasitələri vasitəsilə atmosferə keçən 60-dan çox
zərərli maddələrin insan orqanizminə vurduğu
ziyanı bilməlidir.
Bakı Dövlət Universitetinin "Gənc istedadlar"
liseyinin dekabrın 23-də keçirdiyi "Orta
ümumtəhsil məktəblərində fənlərin tədrisinin
ekoloji aspektləri" mövzusunda elmi-praktik
konfrans bu və ya digər məsələlərin şərhi,
təbliği və həlli yollarının təhlili baxımından
maraqlı oldu.
Konfransı giriş sözü ilə BDU-nun rektoru, Milli
Məclisin üzvü, akademik Abel Məhərrəmov açaraq
ekoloji məsələlərə aydınlıq gətirdi, dünyada,
eləcə də Azərbaycanda bu qlobal problemin
həllinə dövlət və hökumət miqyasında böyük
əhəmiyyət verildiyini, iş görüldüyünü söylədi.
Aydın oldu ki, BDU-da ekologiya fakültəsinin
yaradılması qərara alınıb. Ali təhsil - elm
ocağının müvafiq kafedralarında yüksək ixtisaslı
kadrlar hazırlanmaqla yanaşı, ətraf mühitin
mühafizəsi problemlərinə aid elmi-tədqiqat
işləri də aparılır.
Tədbirdə təkcə BDU-nun fakültə dekanları və
kafedra müdirləri, liseyin müəllim və şagird
kollektivlərinin üzvləri deyil, liseyin
əməkdaşlıq etdikləri XXI əsr - Beynəlxalq Təhsil
və İnnovasiya Mərkəzinin, "Bağça-məktəb-lisey"
kompleksinin nümayəndələri də iştirak
edirdilər. BDU-nun Ekoloji kimya kafedrasının
müdiri, professor Sevinc Hacıyevanın "Kimya
dərslərində şagirdlərdə ekoloji dünyagörüşünün
formalaşdırılması", ali məktəbin Onurğalılar
zoologiyası və bioekologiya kafedrasının müdiri,
professor Qara Mustafayevin "Azərbaycan
Respublikasının orta ümumtəhsil məktəblərində
ekoloji təhsilin vəziyyəti", universitetin Ətraf
mühiti mühafizə və təbii ehtiyatlardan istifadə
kafedrasının müdiri, professor Şövqü Göyçaylının
"Orta məktəblərin coğrafiya dərsliklərində
ekoloji biliklərin məzmunu" mövzularında
çıxışları konfrans iştirakçıları tərəfindən
maraqla qarşılandı.
XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin biologiya müəllimi Sevda Abiyevanın
"Orta məktəbdə bioekoloji problemlərin
öyrədilməsi", "Bağça-məktəb-lisey" kompleksinin
coğrafiya müəllimi Təranə Fərzəliyevanın
"Coğrafiya fənninin tədrisində şagirdlərin
ekoloji tərbiyəsi" və "Gənc istedadlar"
liseyinin direktoru, professor Qasım Hüseynovun
"Orta məktəbdə üzvi kimyanın tədrisi prosesində
ekoloji təhsil" mövzularında çıxışları ayrı-ayrı
fənlərin tədrisində ekoloji təhsil və tərbiyə
imkanlarının təcrübi baxımdan şərhi ilə
əhəmiyyətli oldu.
Gənclik ekoloji problemə biganə deyil, - bu
fikir "Gənc istedadlar" liseyinin IX sinif
şagirdi Mahirə Səfərəlizadənin "Doğma Bakımızı
çirklənmədən qoruyaq" adlı çıxışında ifadəsini
tapdı.
Problemin ayrı-ayrı tərəflərinə aydınlıq
gətirilən elmi-praktik konfrans "Gənc
istedadlar" liseyinin biologiya müəllimi
Səbribəyim Əliyevanın rəhbərliyi ilə şagirdlərin
ifasında "Biz təbiəti sevirik" kompozisiyası ilə
başa çatdı.
Ş.HƏTƏMOĞLU |