Dekabrın 27-də paytaxtın Nərimanov rayonunda
yerləşən "Günəş" şadlıq sarayında Bakıdakı
Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11-illik
musiqi məktəbinin 30 illik yubileyi ilə bağlı
tədbir keçirildi.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Uşaq
Teatrının bədii rəhbəri və direktoru İntiqam
Soltan tədbiri giriş sözü ilə açaraq musiqi
məktəbi haqqında geniş məlumat verdi. Bildirdi
ki, Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyində olan və 1980-ci ildə əsası qoyulmuş
bu məktəb hər il cəmiyyətə ixtisaslı kadrlar
hazılayır. Dünya işığından məhrum olmuş
insanların musiqi sahəsindəki istedadlarını üzə
çıxarır.
Bu təhsil ocağının direktoru Əsab Əliyev tədbirə
gələn qonaqlara təşəkkürünü bildirdi. Qarşıdan
gələn Yeni il və Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə qonaqları təbrik
etdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondu
tərəfindən 2008-ci ildə əsaslı təmir olunaraq
kollektivin ixtiyarına verilib.
Tədbirdə iştirak edən Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndələri Natiq Mustafayev,
Səid Hacıyev, Mədəniyyət və Turizm İdarəsindən
Bətulə Məmmədəliyeva, Qızbəs Talıbova, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin
Sosial Müdafiəsi Baş İdarəsindən İbrahim
Heydərov, Ömər Abdullayev, Respublika gözdən
əlil uşaqlar üçün orta internat-məktəbin
direktoru Namidar Hüseynquliyev, Gözdən Əlillər
Cəmiyyətinin sədri Səmiyar Abdullayev və digər
qonaqlar çıxış edərək məktəbin 30 illik yubileyi
münasibətilə başda təhsil ocağının rəhbəri Əsab
Əliyev olmaqla bütün kollektivi təbrik etdilər,
onlara hədiyyələr verdilər.
Məktəbin musiqi müəllimləri Kifayət
Mikayılovanın, Vüsalə Məmmədovanın və Rəfayıl
İsmayılovun təqdimatında bir-birindən maraqlı
mahnılar ifa olundu.
Rəşad ZİYADOV |