Mənim üçün dünyaya pəncərə olan, bir növ
fəaliyyətimin salnaməsi hesab etdiyim
"Azərbaycan müəllimi" qəzetində çalışdığım 38 il
ərzində çoxunun ilk qələm məhsulunun çapına
kömək etmişəm. Qonorarın maddi kömək olduğu
dövrdə hər ay iki-üç məqaləsinin işıq üzü
görməsinə çalışdığım alimlər içərisində yaxşılıq
və xeyirxahlığı unutmayanlar üç-dörd nəfərdir.
Onlardan biri professor Fərrux Abbas oğlu
Rüstəmovdur. Qubada direktor işləyəndə, sonra
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki
ADPU) aspirant olanda, hazırda kafedra müdiri,
fakültə dekanı kimi vəzifə sahibi olanda da eyni
cür, sabit təbiətlidir: insanlara diqqətli,
dostlara sədaqətli, böyüklərə mehriban
münasibətlidir.
Həyat
son mənzili - dayanacağı bəlli olmayan bir sürət
qatarına bənzəyir; qəribə bir aləmdir; çoxsaylı
dayanacaqlarda mənzil başına çatmış sərnişinlər
bir daha o qatara qayıda bilmirlər. Bu qatarda
azmı-çoxmu yol gedirik, kimlərəsə yol yoldaşı
oluruq, ünsiyyət yaradırıq və bizdən sonra bu
qatara kimlər əyləşmirlər?! Ömrün sürət
qatarında gedənlərin izi qalmır, yaddaş
dünyasında isə çox şey iz buraxır, nəsil-nəsil
insanların bəhrələndikləri mənəvi-maddi
sərvətlərsə qalır. Ömrünü bu sərvətlərin
öyrənilməsinə sərf edənlər, dünya elmini
araşdıranlar xoşbəxtdirlər, - fikrinin
tərəfdarıyıq. Və qələm məhsulumuzda belə bir
soydaş barədə söhbət açacağıq.
Bu gün, islahatlar aparılan bir zamanda
Azərbaycan təhsilinin dünya, o cümlədən Avropa
təhsilinə inteqrasiya olunduğu vurğulanır. Təbii
ki, ortaya sual çıxır: Görəsən, Şərq elmi
yaranması və inkişafı üçün Qərb elmindən
qaynaqlanmışdır? Bu sualın cavabının axtarılması
məsələyə geniş kontekstdə baxılmasını tələb
edir. Məqsəd Şərqlə Qərbi qarşı-qarşıya qoymaq
deyil. Məsələ Şərq və Qərb xalqları mənəvi
mədəniyyətinin tarixini açıqlamaq, onların hər
birinin ictimai fikir tarixinin, o cümlədən
pedaqoji fikir salnaməsinin qədimliyi və
zənginliyini obyektiv dəyərləndirməkdir. Sovet
İttifaqı dağıldıqdan sonra siyasi və dövləti
müstəqillik qazanmış xalqların öz soykökünə
qayıdışı, tarixini və mədəniyyətini yeni
rakursda öyrənmələri təbii və qanunauyğun
sayılmalıdır.
Ümummilli liderimiz Heydər Əliyevin göstəriş və
tövsiyələri ilə tarix və mədəniyyətimizin,
ictimai şüurun ayrı-ayrı formaları ilə bağlı
sərvətlərin milli-bəşəri dəyərlər yönümündən
tədqiqi genişləndirildi. Bu baxımdan dünya
xalqlarının pedaqoji fikir tarixinin tədqiqi,
ali və orta ixtisas təhsili müəssisələrində
öyrədilməsi dünya təhsilinə inteqrasiya olunduğu
bir zamanda aktual və vacib bir məsələnin
həllinin reallaşdırılmasıdır. Ölkə
pedaqoqlarının bu istiqamətlərdə son illər
gördükləri işlər təqdirəlayiqdir. Pedaqoji
elmlər doktoru, professor Fərrux Rüstəmovun
çapdan buraxdırdığı "Şərqdə pedaqogika tarixi"
(2002), "Qərb pedaqogika tarixi" (2003) və "Yeni
dövrün pedaqogika tarixi" ("2004), N.Kazımov və
Ə.Həşimov, F.Sadıqov, Ə.Ağayev və başqalarının
pedaqogika kitabları Azərbaycan pedaqogika
tarixi elmini zənginləşdirən çox dəyərli
əsərlərdir.
***
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü
(Moskva, 1998), akademik M.Mehdizadə və "Gənc
alimlər" mükafatları laureatı Fərrux Abbas oğlu
Rüstəmovun 50 yaşı tamam olur. Qərbi
Azərbaycanın Göyçə mahalının Cil kəndində
dünyaya gəlmiş F.Rüstəmov 42 yaşında pedaqoji
elmlər doktoru alimlik dərəcəsi almış hələlik
ilk pedaqoqumuzdur. O, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun pedaqoji fakültəsini
bitirib. Qubada müəllim və məktəb direktoru
işləyib, ordu sıralarında həqiqi hərbi xidmətdən
sonra ADPU-nun aspiranturasında oxuyub.
Sələfləri - professor Ə.Seyidov, akademik
M.Mehdizadə, professor M.Muradxanov, professor
H.Əhmədov, professor A.Kərimov, professor
Y.Talıbov, professor B.Əhmədov və başqalarının
tədqiqat ənənələri və fəaliyyətlərinin layiqli
davamçısı olan F.Abbas oğlu genişmiqyaslı
araşdırmalar müəllifidir. Həmin araşdırmaların
nəticəsi olan əsərlərin - monoqrafiyaların,
kitab və kitabçanın sayı 35-dən çoxdur. 200-dən
çox elmi məqalə və tezis, 200-ə qədər
elmi-pedaqoji, publisistik yazısı işıq üzü
görmüşdür.
Bu müxtəlif həcmli və problemli əsərlərin nəşri
coğrafiyası çox genişdir: Moskva, Tbilisi,
Təbriz, Səmərqənd, Çeboksarı...
Professor F.Rüstəmov həm də "Pedaqoji
tədqiqatlar" elmi-pedaqoji jurnalının redaktoru,
"Pedaqoji Universitet Xəbərləri"
(pedaqoji-psixoloji elmlər seriyası) elmi
məqalələr məcmuəsinin məsul katibidir. Hazırda
ADPU-nun Ümumi pedaqogika kafedrasının
professoru kimi fəaliyyət göstərən F.Abbas oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
pedaqoji fakültəsinin dekanıdır.
Azərbaycanın pedaqoq alimləri sırasında
özünəməxsus yeri və rolu olan Fərrux Rüstəmovun
son dörd kitabı dünya pedaqoji fikir tarixini
öyrənmək baxımından dəyərli əsərlərdir.
Ötən əsrin 70-ci illərinə qədər türk xalqlarının
ən qədim abidələri Orxon-Yenisey abidələri
sayılırdı. Qızıl şahzadənin tanınması özünü
sivil elan edən xalqları fakt qarşısında qoydu:
türklərin hələ b.e.ə. V əsrdə əlifbası olmuşdur.
XIX əsrdə Fransada tapılmış marala bənzər
iribuynuzlu keyik kitabəsi üzərindəki yazının
1993-cü ildə türk alimləri tərəfindən oxusu isə
başqa bir faktı aşkara çıxardı: "Atəşə inanaraq
tək Tanrını dərk etdilər" yazısının 4 min 500 il
yaşı vardır!
Bu qəbildən olan faktlar, mövcud materiallar
qədim Şərqin ilk elmi biliklərin vətəni olmasını
təsdiqləyir. Fərrux Rüstəmov "Şərqdə pedaqogika
tarixi" əsərində Babil, Hindistan, Çin, Fələstin
ölkələri xalqlarının "bəşəriyyətə misli-bərabəri
olmayan bir təcrübə qoyub" getdiklərini qeyd
etmişdir. Mərhum filosof Z.Məmmədovun: "Orta
əsrlərdə Qərb ölkələrində - xristian aləmində
din ictimai şüurun digər formaları üzərində
hakim kəsildiyi, fəlsəfənin "sxolastikanın
kənizinə" çevrildiyi bir vaxtda müsəlman
Şərqində yüksək səviyyəli elmi fəlsəfi təlimlər
var idi" - fikrinə istinad edən müəllif yazır:
Qərbdə dünyəvi elmlərin qadağan edildiyi, yalnız
dini elmlərin öyrənildiyi bir dövrdə Şərq
intibahı Qərbə təsir göstərmişdi. İngilis
şərqşünas alimi U.M.Vott "Orta əsr Avropasına
İslamın təsiri" kitabında yazırdı: "Şərq
alimlərinin tədqiqatları olmasaydı, Avropada elm
və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi".
14 çap vərəqi həcmində olan kitabın girişində
Fərrux müəllim N.Tusi, R.Vinter, C.Nehru kimi
elmi təfəkkür sahibləri və ictimai xadimlərin
fikir və mülahizələrinə əsaslanmaqla Yaxın, Orta
və Uzaq Şərqdə yaşamış və yaşayan şumer, hind,
çin, türk, ərəb, fars, tacik və b. xalqların
"təlim-tərbiyə ilə bağlı min illər boyu
yaratdığı nəzəriyyə və təcrübə ilə" tələbə,
magistrant və pedaqogika tarixçilərini tanış
etmək məqsədilə "Şərqdə pedaqogika tarixi"
tədris vəsaitini araya-ərsəyə gətirmişdir.
Qədim Şumer məktəblərində təlimin əsas məqsədi
sənət öyrətmək olmuş, həmçinin ilahiyyat,
coğrafiya, nəbatat, zoologiya, mineralogiya,
qrammatika ilə də bağlı savad verilmişdi.
Ebubbaların (ilk məktəblərin) mirzələrinin
ailələrində, sonralar məbəd və saraylarda
yarandığını qeyd edən müəllif Şumer
məktəblərində mövcud olmuş proqramlardan bəhs
etmiş, məktəb təhsilinin tədricən genişlənərək
aristokratlarla, ruhanilərlə yanaşı,
sənətkarları və tacirləri də əhatə etdiyini
göstərmiş, şumerlərin ailə tərbiyəsinə yüksək
qiymət verdiyindən, əxlaq tərbiyəsi ilə bağlı
fikirlərin əksini tapmış nəsihətlərdən,
"Bilqamıs" dastanının pedaqoji dəyərlərindən
bəhs etmişdir.
Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla
kişi arasında qarşılıqlı münasibətlərin
xarakterini əks etdirmiş, misirlilər daş, ağac,
dəri, heyvan sümüklərində heroqliflərlə
yazmışlar. F.Rüstəmov pedaqoji metod və
vasitələrdən bəhs etmiş, təlimin peşələrə
hazırlıq məqsədi daşıdığından, hakim qrupların
inhisarında olan kahinlər və imtiyazlı adamlar
(1) və xırda məmurlar hazırlayan (2) məktəblər
haqqında söhbət açmışdır. Bu baxımdan qədim
türklərdə tərbiyə ilə bağlı paraqraf da özünün
dərin məzmunu və üslub tərzi ilə seçilir.
Kitabın ən böyük fəsli "Orta əsrlərdə Şərqdə
məktəb və pedaqoji fikir" adlanır.
Fərrux Rüstəmov dünya ictimai fikri və
pedaqoji-əxlaqi dəyərlərinin formalaşmasında
İslamın rolunu və yerini görkəmli alimlərin
fikir və mülahizələrinə söykənməklə
dəyərləndirmişdir. "Qurani-Kərim"də tərbiyə
məsələləri çox köklü şəkildə qoyulmuşdur.
Müəllif yazır ki, İslamda uşağın tərbiyəsi
baxımından inkişafı iki dövrə bölünür. Və
kitabda həmin dövrlər səciyyələndirilmişdir.
İslamda tərbiyənin baş metodoloji prinsipi
müəyyənləşdirildiyini vurğulayan müəllif
bilavasitə tərbiyə ilə bağlı ayələri 2 qrupda
təsnif etmiş, bunları oxuculara çatdırmış, elm
sözünün 850 dəfə qeyd edildiyi Quranda
tərbiyənin İlahi səciyyə daşıdığını, İslamda
tərbiyənin insan fitrəti ilə bağlılığını, ümumi
səciyyə daşıdığını, inandırıcı və qaneedici
olmasını, İslamda tərbiyəyə fərdi və ictimai
məsuliyyət kimi yanaşıldığını qeyd, şərh və
təhlil etmişdir. Kitabın müqaviq hissəsində
İslam müqəddəslərindən Məhəmməd Peyğəmbərin
(s.ə.s.) ədəb, əxlaq, natiqlik məharəti, iş və
cavanlıq, həya və namus, valideynlər, qadın,
sədəqə, nəfs, qeybət haqqında fikirlərinin
təqdim edilməsi onun dəyərini artırmışdır.
Həmçinin Həzrəti Əlinin fikirləri, oğlu İmam
Həsənə (ə) vəsiyyəti hissələri də öyrədici və
məzmunludur.
Kitabda Qaraxanlı türklərində tərbiyə
məsələlərinə işıq salınmışdır. M.Kaşqarlı, Yusif
Xas Hacib, Əhməd Yüknəki, Əhməd Yasəvi kimi
qüdrətli təfəkkür sahibləri türk tərbiyə sistemi
haqqında bir-birini zənginləşdirib dərinləşdirən
fikirlər qələmə almış, sufi və milli dəyərlərin
vəhdəti kimi tarixləşən sətirlər irs qoymuşlar.
Professor F.Rüstəmov həm də Azərbaycanda
pedaqoji elmin tarixini, onun ayrı-ayrı
dövrlərinin inkişaf səviyyəsini dərindən
öyrənmiş, "Azərbaycanda pedaqoji elmin inkişafı
yolları" adlı sanballı bir əsər yazmışdır
(2003).
Çoxlu sayda qəzet və jurnal məqalələri,
ayrı-ayrı əsərlərə verilmiş rəylər, opponent
çıxışları... Fərrux Rüstəmovun qələmindən
çıxmışdır. Professor H.Əhmədovun əsərlərinin 5
cildliyinin tərtibində də onun böyük əməyi
vardır.
F.Rüstəmovun "Qərb pedaqogika tarixi" kitabı bir
növ "Şərqdə pedaqogika tarixi" kitabının davamı
olan, Təhsil Nazirliyinin təsdiq etdiyi
(23.08.1999) "Pedaqogika tarixi" proqramının
tələblərinə uyğun yazılmış bir dərs vəsaitidir.
Ayrı-ayrı xalqların görkəmli tarixi-siyasi
xadimlərinin, sənət adamları və pedaqoji fikir
nümayəndələrinin təlimləri, əsərləri səbr və
təmkinlə izlənilmiş, obyektivlik və elmilik
prizmasından araşdırılmışdır.
Bir hikmətli kəlam var: Unutsaq unudularıq. Sən
keçmişə güllə atsan, gələcək səni topa tutar.
Fərrux müəllimi həmyaşıdlarından, həmkarlarından
fərqləndirən, eləcə də həmyaşıdlarına və
həmkarlarına sevdirən cəhətlərdən biri onun
yaxın keçmişdə yaşayıb yaratmış pedaqoqlar
nəslinə olan dərin hörmət və ehtiramı, onların
elmi-pedaqoji yaradıcılığına olan səmimi,
xeyirxah və humanist münasibətidir. 1999-cu ildə
onun çap etdirdiyi "Pedaqogika kafedrasının
tarixi: sələflər və xələflər" kitabı təxminən 7
çap vərəqi həcmində olub, ADPU-nun Ümumi
pedaqogika kafedrasının özül daşını qoyanlara,
burada çalışaraq haqq dünyasına qovuşanlara,
hazırda orada elmi-pedaqoji fəaliyyət
göstərənlərə layiqli töhfədir.
***
Azərbaycanda pedaqoji və psixoloji elmlərin
cəmiyyət həyatına daha geniş nüfuz etdiyi bir
zamanda pedaqogika ilə bağlı dərslik və dərs
vəsaitinə böyük ehtiyac yarandı. Bu sahədəki
boşluğu doldurmaq baxımından Fərrux müəllimin
Gürcüstan Pedaqoji Elmlər Akademiyasının həqiqi
üzvü, professor Əmrulla Paşayevlə birlikdə
hazırladıqları kitab-dərslik 2002-ci ildə nəşr
olunmuşdur.
Hələ gənclik illərindən tədqiqatçı əməyi, şəxsi
keyfiyyətləri, çoxsaylı əsərləri ilə müasiri
olan tanınmış pedaqoq, psixoloq və metodist
alimlər, geniş pedaqoji ictimaiyyət tərəfindən
hörmət, sevgi və rəğbətlə qarşılanan professor
Fərrux Rüstəmov, demək olar ki, hər gün işləyir:
oxuyur, qeydlər aparır, səhifələri səhifələr
üstünə yığıb əsərlər hazırlayır. Yorulmur,
usanmır və burada Ş.Badler adlı bir əcnəbi
müdrikin fikri yada düşür: Çox işlədikcə daha
yaxşı işləyir və o qədər də həvəslə işləmək
istəyirsən.
Uğurlar olsun, Fərrux müəllim.
***
Böyük Ömər Xəyyam demişdir:
Bir ucsuz-bucaqsız dairədə sən,
İki cür insanı xoşbəxt görərsən.
Bir qismi hər şeyi bilən, o biri
Xəbərsiz yaşayan dünya işindən.
Hər şeyi bilməklə, daha doğrusu, bilib
öyrənməklə ömrü tarixə çevirmək ən böyük
xoşbəxtlikdir.
Tarix çox şeyi unudur, çox adam əsrlərin qara
pərdəsinə bürünüb yoxa çıxır. Təkcə torpağa, bu
torpaqda yaşayan xalqa, xalqın adət-ənənələrinə,
adət-ənənələrin müqəddəs və ülvi mahiyyətinə
bağlananlar, halal əməyi, xeyirxah əməlləri ilə
insanların mənəviyyatında iz qoyanlar
yaşayırlar. Sağ ikən ürəklərdə özlərinə abidə
ucaldır, xatirələrdə əbədiləşirlər. Belələri
Allahın nuruna layiq görülənlərdir. S.Qəzvini
yazmışdır:
Tanrı da düşməndir mənəm deyənə,
Elmini əməldə göstərməyənə.
Elmini əməldə göstərən Fərrux Rüstəmovun
Azərbaycan pedaqoji elmini yeni əsərlərlə
zənginləşdirəcəyinə ümid və inamla:
Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının əməkdar jurnalisti
|