Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm
qalereyasında Azərbaycan Respublikasında
akkreditə olunmuş xarici ölkələrin diplomatik
nümayəndəliklərinin və beynəlxalq təşkilatların
nümayəndəliklərinin əməkdaşlarının uşaqları
arasında "Azərbaycan haqqında nə bilirəm?"
mövzusunda keçirilmiş I respublika müsabiqəsinin
yekununa həsr olunmuş mərasim keçirildi.
Tədbiri giriş sözü ilə təhsil nazirinin müavini
Elmar Qasımov açdıqdan sonra "Cücələrim"
ansamblının rəqs qrupu meydana dəvət edildi.
Uşaqların ifa etdiyi rəqs mərasim
iştirakçılarında xoş ovqat yaratdı.
Mərasimdə çıxış edən təhsil naziri Misir
Mərdanov tədbir iştirakçılarını salamlayaraq
bildirdi ki, ilk dəfə təşkil edilən bu müsabiqə
Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin təşəbbüsü və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə
keçirilib.
Müsabiqə ölkəmizdə akkreditə olunmuş diplomatik
nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında
Azərbaycan tarixi, təhsili, mədəniyyəti,
incəsənəti haqqında daha dolğun təsəvvür
yaratmaq, onları ölkəmizin ictimai həyatında
fəal iştiraka cəlb etmək məqsədi ilə təşkil
olunub. Bildirildi ki, 6-18 yaşlı uşaqlar
arasında inşa, şeir, rəsm, rəqs və müxtəlif əl
işləri nominasiyaları üzrə keçirilmiş müsabiqədə
Avropa İttifaqı nümayəndəliyi, Belarus
Respublikası, Çexiya Respublikası, Koreya
Respublikası, Qazaxıstan Respublikası, Pakistan
İslam Respublikası, Rusiya Federasiyasının
ölkəmizdəki səfirliklərinin əməkdaşlarının
uşaqları iştirak ediblər. Müsabiqəyə rəsm
nominasiyası üzrə 14, inşa nominasiyası üzrə 5,
şeir nominasiyası üzrə 1 iş təqdim edilib.
Sonra təhsil naziri ayrı-ayrı nominasiyalar üzrə
müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim
etdi. Qalibləri bir daha təbrik edən təhsil
naziri gələcəkdə bu müsabiqəyə qoşulan uşaqların
sayının daha da artacağına ümidini ifadə etdi.
Sonda nazir Misir Mərdanov mərasim
iştirakçılarını 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan
gələn Yeni il münasibəti ilə təbrik etdi.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova da qalibləri təbrik edərək bildirdi:
"Əziz uşaqlar, illər keçəcək, siz Azərbaycanda
qazandığınız uğuru daim xatırlayacaqsınız".
Mərasimdə xarici ölkə səfirliklərinin
nümayəndələri, Təhsil Nazirliyinin əməkdaşları,
Xarici İşlər Nazirliyinin idarə rəisi
Əlimirzamin Əsgərov, mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva, gənclər
və idman nazirinin müavini İntiqam Babayev və
başqaları iştirak edirdilər. Mərasimin sonunda
tədbir iştirakçıları qaliblərlə birlikdə xatirə
şəkli çəkdirdilər.
ƏDALƏT |