| 
								
								 Ölkə Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci 
								il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik 
								vasitələrin, psixotrop maddələrin və onların 
								prekursorlarının dövriyyəsinə qarşı, 
								narkomanlığın yayılması ilə mübarizə üzrə 
								Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə 
								əlaqədar Azərbaycan Müəllimlər İnstitutu Tələbə 
								Elmi Cəmiyyətinin xətti ilə "Narkotiklərə yox!" 
								devizi altında  narkomaniyaya qarşı  profilaktik 
								tədbirlər ayı elan olunmuş, dekabrda aylığa 
								yekun vurulmuşdur. Tələbələr narkotik 
								vasitələrin və psixotrop maddələrin zərəri, 
								narkomaniya ilə mübarizə yolları haqqında məqalə 
								və tezislərlə cəmiyyətdə sağlam həyat tərzini nə 
								dərəcədə dəstəklədiklərini və qoruduqlarını 
								tələbə elmi konfransında nümayiş etdirmişlər. 
								 
								
								"Sağlam cəmiyyətdə sağlam həyat tərzi" 
								mövzusunda konfransı giriş sözü ilə institutun 
								rektoru, professor A.Naxçıvanlı açmışdır. Siyasi 
								elmlər doktoru, millət vəkili A.Naxçıvanlı həm 
								özünün ictimai-siyasi fəaliyyətində, həm də 
								rəhbərlik etdiyi təhsil müəssisəsinin həyata 
								keçirdiyi bütün tədbirlərdə gənc nəslin 
								sağlamlığını, intellektual və fiziki inkişafını 
								daim diqqət mərkəzində saxladığını qeyd 
								etmişdir. Tələbələr arasında keçirilən sorğu 
								əsasında onların elmə, idmana maraqlarının 
								genişləndirilməsi üçün gənclərin ictimai 
								fəallıqlarının artırılması vacibdir. 
								Narkomaniyaya qarşı maarifləndirmənin roluna 
								toxunulmuşdur. 
								
								Konfransın işində Azərbaycan Respublikası təhsil 
								nazirinin müavini E.Qasımov, Narkomanlığa və 
								narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 
								mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun 
								rəhbəri A.Əliquliyev, Bakı şəhər Narkoloji 
								Dispanserin həkimi L.Cəfərova, Azərbaycan Dövlət 
								İqtisad Universitetinin elmi işlər üzrə 
								prorektoru, professor Ə.Bayramov, institutun 
								Sumqayıt filialının tələbələri və professor 
								-müəllim heyəti ilə yanaşı, ixtisasartırma 
								fakültəsinin müdavimləri də iştirak etmişlər. 
								
								Narkomanlığa və narkotik vasitələrin qanunsuz 
								dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət 
								Komissiyası işçi qrupunun rəhbəri A.Əliquliyev 
								narkomaniyaya qarşı mübarizədə ailə və 
								cəmiyyətin hər bir üzvünün məsuliyyət daşıdığı, 
								profilaktik iş apararkən narkotik asılılıqdan 
								qurtarmanın əsas prinsipləri haqqında geniş 
								məruzə etmişdir. Narkoloji dispanserin həkimi 
								L.Cəfərovanın Azərbaycanda narkomanlığın 
								törətdiyi fəsadlar - QİÇS, hepatit xəstəlikləri 
								barədə statistik məlumatları, narkomaniyaya 
								qarşı profilaktika qaydaları və abstensiya 
								haqqında çıxışları konfrans iştirakçıları 
								tərəfindən maraqla qarşılanmışdır. 
								
								Psixologiya elmləri doktoru, professor R.Əliyev 
								narkomaniyanın inkişaf etməsi və formalaşmasının 
								psixi və fiziki asılılıqlarını xarakterizə 
								etmişdir.  
								
								İnstitutun tələbələrindən İ.Əsgərov, 
								F.Bayramova, AMİ-nin Sumqayıt filialının 
								tələbəsi N.Əsgərova çıxış edərək narkotik 
								maddələr qəbulunun vurduğu bəlalardan 
								danışdılar. 
								
								XX yüzilliyin ümumbəşəri bəlasına çevrilmiş, bu 
								gün fiziki mənada insanların genefonduna 
								sarsıdıcı zərbə vuran, qarşısıalınmaz çətinlik 
								və xəstəliklər törədən narkomaniyanın konkret 
								səbəbləri konfransın yekununda 
								ümumiləşdirilmişdir. 
								
								Azərbaycan Dövlət İqtisad Universitetinin elmi 
								işlər üzrə prorektoru, professor Ə.Bayramov 
								konfransın gedişində tələbə - müəllim qarşılıqlı 
								əməkdaşlığını ürəkdən bəyəndiyini bildirmiş, 
								psixologiya üzrə fəlsəfə doktoru İ.Quliyevanın 
								"Narkomaniya və sağlamlıq" mövzusunda təqdimatı 
								konfrans iştirakçıları tərəfindən rəğbətlə 
								qarşılanmışdır. 
								
								Konfransın işinə nazir müavini E.Qasımov çıxışı 
								ilə yekun vurmuşdur.  
								
								
								Nazilə ABDULLAZADƏ,Azərbaycan Müəllimlər İnstitutunun
 elmi işlər üzrə prorektoru
 |