Azərbaycan Texniki Universitetində 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və
Yeni il bayramına həsr olunmuş təntənəli tədbir
keçirildi.
Tədbir iştirakçıları əvvəlcə universitetin
foyesində ümummilli lider Heydər Əliyevin
xatirəsinə ucaldılmış büstün önünə təzə-tər
gül-çiçək dəstələri qoydular.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndikdən sonra tədbiri giriş sözü ilə
AzTU-nun rektoru, texnika elmləri doktoru,
professor Havar Məmmədov acaraq qeyd etdi ki, 31
dekabr Azərbaycan xalqının müstəqillik əldə
etdiyi vaxtdan bütün dünyada yaşayan
soydaşlarımıza bəxş etdiyi və ümummilli
əhəmiyyət kəsb edən bir gündür. Artıq 31 dekabr
Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi
daxil olmuşdu, lakin bunu rəsmiləşdirmək, dövlət
səviyyəsində tanıtmaq lazım idi. Bu işi
ümummilli liderimiz Heydər Əliyev etdi. Bu gün
artıq dünya azərbaycanlılarının milli bayramına
çevrilmişdir.
Böyük dövlət xadimi Heydər Əliyevin müəllifi
olduğu Azərbaycançılıq ideologiyası bu gün
dünyanın müxtəlif nöqtələrində yaşayan
həmvətənlərimiz üçün milli birliyimizin və
həmrəyliyimizin formulu kimi qəbul olunmaqdadır.
Bu formul müstəqil Azərbaycan dövlətinin
çiçəklənməsinə və möhkəmlənməsinə, bütün dünya
azərbaycanlılarının milli özünüdərkinə stimul
verən mühüm faktorlardan biridir. Heydər
Əliyevin qurduğu müstəqil Azərbaycanın sabahı
böyük zəhmət hesabına əldə olunmuş böyük tarixi
nailiyyətin qorunub saxlanılmasından asılıdır.
Dünya azərbaycanlılarının I qurultayının
keçirilməsi Azərbaycan xalqının milli
həmrəyliyini nümayiş etdirən bir fakt kimi
tarixə düşdü. Fərəhli haldır ki, bu ənənə ulu
öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
cənabları tərəfindən bu gün ləyaqətlə davam
etdirilir, respublikamız gündən-günə çiçəklənir,
inkişaf edir. Bu bizi sevindirir və işimizə daha
məsuliyyətlə yanaşmağa, daha həvəslə çalışmağa
şövq edir.
Tədbirin sonunda AzTU-nun rektoru, professor
Havar Məmmədov bir daha qonaqları və bütün
tədbir iştirakçılarını bayram münasibətilə
təbrik etdi, onlara öz dərin təşəkkürünü və
minnətdarlığını bildirdi.
***
Qafqaz Universitetinin müəllim və tələbələri 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü qeyd etdilər. Bu münasibətlə düzənlənən
bayram tədbirində dünya şöhrətli alim, cərrah və
ictimai xadim, "Varlıq" dərgisinin naşiri,
professor Cavad Heyət və digər qonaqlar da
iştirak etdilər.
Tədbiri açan aparıcılar 31 dekabrı tariximizin
ən şərəfli günü adlandıraraq həmin tarixin artıq
iki onillikdən çoxdur ki, dünyanın hər yerində
yaşayan soydaşlarımızın həmrəylik günü kimi qeyd
olunduğunu söylədilər və mərasim iştirakçılarını
bayram münasibətilə təbrik etdilər.
Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü
uğrunda müharibələrdə şəhid olmuş
həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad
edildi, Azərbaycanın və Türkiyənin Dövlət
himnləri səsləndirildi.
Sonra təbrik nitqi ilə çıxış edən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
nəinki respublikamızda yaşayan, habelə dünyanın
70-dən çox ölkəsinə səpələnmiş azərbaycanlılar
arasında milli birliyin yaranmasında həmrəylik
gününün böyük rol oynadığını vurğulayaraq onun
təsis olunmasını ümummilli lider Heydər Əliyevin
böyük tarixi xidməti kimi dəyərləndirdi. Türk
xalqları arasında birliyin də çox önəmli
olduğunu söyləyən rektor türk xalqının böyük
oğlu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər
Əliyevin xalqlarımız və ölkələrimizin
qardaşlıqları barədə dedikləri kəlamları
xatırlatdı. Azərbaycan Prezidenti İlham Əliyevin
"Bir millətin iki diasporu ola bilməz" ifadəsi
ilə iki qardaş xalqın birlik və həmrəyliyinə
necə böyük qiymət verdiyini diqqətə çatdırdı.
A.Saniç universitetin müəllim və tələbələrini
həm də qarşıdan gələn Yeni il münasibətilə
təbrik etdi.
Mərasimdə çıxış edən dünya şöhrətli alim,
professor Cavad Heyət tələbələri və müəllimləri
salamlayaraq onları görməkdən, onların
qarşısında çıxış etməkdən məmnun qaldığını
bildirdi, bunu məhz son illər getdikcə daha da
möhkəmlənən birlik və həmrəyliyin nəticəsi kimi
dəyərləndirdi.
31 dekabrı həmrəyliyin simvolu saydığını deyən
böyük alim təkcə həmin tarixin deyil, hər günün
həmrəylik günü olmasını arzuladı. Dəvətə görə
universitetin rəhbərliyinə təşəkkürünü bildirən
cərrah və türkoloq alim tələbələri və
müəllimləri bayram münasibətilə təbrik etdi.
Tədbirdə Cavad Heyətə universitetin plaketi
təqdim olundu. Görkəmli təbib kitablarını
universitetə hədiyyə etdi.
Bayram tədbiri istedadlı tələbələrin ifasında
bədii proqramla davam etdirildi.
***
Bakıdakı 46 nömrəli orta məktəbin akt zalında 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə tədbir keçirildi.
Tədbir şagirdlərin ifasında Dövlət himninin
səslənməsilə başlandı. Məktəbin direktoru Sevinc
Budaqova çıxış edərək təhsil ocağının IV-V
sinif şagirdlərinin böyük həvəslə hazırladıqları
bu bayram tədbirinin bütün dünyada yaşayan
azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında
birlik və həmrəylik yaratmaq işində mühüm rol
oynayacağını vurğuladı.
Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər,
onların ifasında milli rəqslər, mahnılar tədbir
iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda film nümayiş olundu.
Şagirdlərin "Gəlin, bir bayraq altında
birləşək!", "Eşq olsun bir olan Azərbaycana!"
çağırışları ilə tədbir başa çatdı.
***
Bakıdakı 152 nömrəli orta məktəbin akt zalında
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə "Gəlin, həmrəy olaq" adlı
tədbir keçirildi.
Məktəbin yuxarı sinif şagirdlərinin əllərində
üçrəngli bayrağımız səhnəyə gətirildikdən sonra
onların ifasında Dövlət himni səsləndi.
İştirakçıları salamlayan təhsil ocağının rəhbəri
Gülarə Verdiyeva Həmrəylik Günü haqqında geniş
məlumat verərək dünyada milyonlarla
azərbaycanlıların yaşadığını bildirdi. Qeyd etdi
ki, bütün dünya azərbaycanlıları həmrəylik
nümayiş etdirərək bu günü böyük qürur və iftixar
hissi ilə qeyd edirlər.
Şagirdlərdən Rauf, Gülöyşə, Minayə, Səkinə,
Günel, Amil, Könül, Səmra Həmrəylik Gününə aid
söylədikləri mahnılarla, şeirlərlə,
göstərdikləri teatr səhnələri ilə tədbiri
unudulmaz xatirəyə çevirdilər.
Tədbirin sonunda şagirdlərin hazırladığı
Həmrəylik Gününə həsr olunmuş film nümayiş
olundu.
***
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunan "Hay ver, eloğlu!" adlı
ədəbi-bədii, musiqili kompozisiyanı Bakıdakı
164 nömrəli orta məktəbdə seyr etdik. Tədbirin
təşkilatçısı, şair, puplisist Şəhla Gündüz
qonaqları salamlayaraq sözü məktəblilərə verdi.
Tədbir Nərminin, Leylanın, Jalənin, İldırımın,
Aytənin ifalarında türk millətini vəsf edən
şeirlərlə başladı. İsveçrədə yaşayan həmyerlimiz
Araz Elsəsin ifaları səsləndi. Nigar və İzel
türkün böyuklüyünü, gücünü, əzəmətini, qüdrətini
tərənnüm edən şeirlər söyləyib mahnılar
oxudular. "Təbrizim" şeiri isə tədbirə bir
nisgil və həsrət gətirdi. "Kimlik"
studiyasının xor kollektivi "Qərə qız" və "Bu
mənim ana dilimdir" mahnısını oxudu. Ayxanın,
Anarın və Sərxanın ifasında "Nadir şah"
səhnəciyi nümayiş olundu. Sənan Bayramzadə isə
türk ruhunun simvolu olan sazla "Sudan gələn
sürməli qız" xalq mahnısını məharətlə ifa etdi.
Ədəbii-bədii kompozisiya "Zaman birlik
zamanıdır" mahnısının sədaları altında başa
çatdı.
***
Bakıdakı 258 nömrəli orta məktəbdə də həmin gün
təntənə ilə qeyd olundu. 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə həsr
olunmuş tədbirdə əvvəlcə Azərbaycanın bölgələri
ilə tanışlıq oldu. Belə ki, siniflərdə
bölgələrimiz haqqında tədbir iştirakçılarına
geniş məlumat verildi. Tədbir məktəbin akt
zalında davam etdi.
Həmrəylik Günü haqqında tədbir iştirakçılarına
məlumat verən məktəbin direktoru Sədaqət
Hüseynova sözü gecənin aparıcılarına verdi.
Tədbirin aparıcıları bu günün yaranma
tarixindən və dünyada azərbaycanlılar
tərəfindən təntənə ilə qeyd olunmasından
danışdılar.
Şagirdlərin sevincinə qoşulan Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin nümayəndəsi Rza Ellazov və
Qadın Yazarlar Birliyinin sədri Nüşabə Məmmədova
belə tədbirlərin təhsil ocaqlarında
keçirilməsini müsbət qiymətləndirdilər.
Tədbir şagirdlərin ifasında mahnılarla,
söylədikləri şeirlərlə yadda qaldı.
"Azərbaycan müəllimi" |