Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
dekabrın 24-də Abşeron rayonunun Masazır
qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə
müasir tələblər səviyyəsində inşa olunmuş 3
nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış
olmuş, "Şən yuva" uşaq bağçasının açılışında
iştirak etmişdir.
Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış
kompleksinə gələn Mehriban xanım Əliyevaya
məktəblilər gül dəstəsi təqdim etdilər.
Azərbaycanın birinci xanımı əvvəlcə yaşayış
kompleksində 2009-cu ildə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin
binasında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 500 şagird yeri olan məktəb
zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada
uşaqların müasir tələblər səviyyəsində təhsil
almaları üçün hər cür şərait yaradılmışdır.
Birinci mərtəbənin foyesində ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin təhsilə
diqqət və qayğılarını əks etdirən fotostendlər
qurulmuşdur.
Məlumat verildi ki, şagirdlərin təlim-tərbiyəsi
və təhsili ilə 45 pedaqoq məşğul olur. Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni
məktəb" proqramı çərçivəsində inşa olunmuş bu
təhsil ocağında kompüter, fənn otaqları, ən
müasir avadanlıqla təchiz olunmuş
laboratoriyalar vardır. Mehriban xanım Əliyeva
kimya və fizika fənlərinin tədris olunduğu
siniflərə baxdı, məktəblilərin
informasiya-kommunikasiya texnologiyalarına
yiyələnmələri üçün yaradılmış kompüter otağı ilə
tanış oldu.
Bildirildi ki, kompüterlərin hamısının İnternetə
çıxışı vardır. Məktəbin binasının qızdırılması
üçün fərdi qazanxana quraşdırılmışdır. Ətrafdakı
ərazidə abadlıq və yaşıllaşdırma işləri
aparılmış, müxtəlif ağaclar və gül kolları
əkilmişdir.
Mehriban
xanım Əliyevaya məlumat verildi ki, məktəbin
ərazisində futbol və voleybol meydançaları
vardır. Həmin ərazidə Fondun təşəbbüsü ilə
beşmərtəbəli idman məktəbi inşa olunur. Gələn il
istifadəyə verilməsi planlaşdırılan idman
məktəbi bütün qəsəbə üçün nəzərdə tutulmuşdur.
İdman məktəbində bir böyük və üç kiçik idman
zalı, üzgüçülük hovuzu inşa edilir.
Sonra Heydər Əliyev Fondunun prezidenti "Şən
yuva" uşaq bağçasının açılışında iştirak etdi.
Bağça uşaqları Mehriban xanım Əliyevaya gül
dəstəsi təqdim etdilər.
Azərbaycanın birinci xanımı uşaq bağçasının
rəmzi açılışını bildirən lenti kəsdikdən sonra
burada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, mansardla birlikdə 3
mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün
hər cür şərait yaradılmışdır. Yaşlarına müvafiq
olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi
ilə 20 müəllim və tərbiyəçi məşğul olacaqdır.
Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi
çərçivəsində inşa olunan bu müəssisənin tikinti
işlərinə ötən il başlanılmış və qısa zamanda
başa çatdırılmışdır.
Bağçanın birinci mərtəbəsinin foyesində
ümummilli lider Heydər Əliyev, Prezident İlham
Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara
diqqət və qayğılarını əks etdirən fotoguşələr
yaradılmışdır. Burada kiçik yaş qrupu bölməsi,
yeməkxana, kitabxana, mətbəx, həkim otağı
yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək
olan uşaqlara təhsilin ilkin mərhələsi ilə
yanaşı, rus və ingilis dilləri də tədris
ediləcəkdir. Bunun üçün bağça hər cür dərs
ləvazimatı ilə təchiz olunmuşdur. Uşaqlara
burada rəqs və musiqi də öyrədiləcəkdir. Fondun
prezidentinə məlumat verildi ki, bağçada
uşaqların asudə vaxtlarının səmərəli təşkili,
əylənmələri üçün qış və yay oyun zalları vardır.
Mehriban xanım Əliyeva yeməkxanada və mətbəxdə
yaradılmış şəraitlə tanış oldu. Kiçik yaş
qrupunda uşaqlarla görüşən Fondun prezidenti
onların yataq şəraiti ilə də tanış oldu.
İstiliklə təchizat üçün ayrıca qazanxana
tikilmiş, bağçanın ətrafında abadlıq işləri
aparılmışdır. Burada uşaqların istirahəti və
əylənməsi üçün müxtəlif attraksionlar
quraşdırılmışdır.
Görülmüş işlərdən razılığını bildirən Mehriban
xanım Əliyeva bağçanın kollektivinə gələcək
fəaliyyətlərində uğurlar arzuladı.
AzərTAc |