Biologiya təbiət fənlərinə aiddir. Canlılar
aləmindən bəhs edən biologiya fənni şagirdlərə
canlı təbiətin maddiliyini,
qanunauyğunluqlarını, canlıların yaranması,
quruluşu, yayılması, inkişafı, qorunması
funksiyası, ən başlıcası isə biososial varlıq
olan insanın öz orqanizminin quruluşu və həyati
xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır.
İnsanın davamlı inkişafı və sağlamlığın
qorunması ilə bağlı şagirdə bilik verir və
onlarda bacarıqlar - əməli vərdişlər
formalaşdırır. Biologiya fənninin tədrisi
sayəsində insanın bioloji və sosial mahiyyətini
başa düşən hər bir şagird özünün, yaxınlarının
sağlamlığının qorunmasına və sağlam həyat
tərzinə hazırlanmış olur.
Təbiət fənləri qrupuna daxil olan biologiya
fənni şagirdlərdən nəzəri biliklərin
müşahidələr və təcrübələr əsasında dərk
olunmasını tələb edir. Bioloji prosesləri başa
düşmək üçün şagirdlərdə sadə riyazi hesablamalar
aparmaq, müqayisəli təhlil etmək və məntiqi
düşünmək bacarığı olmalıdır.
Bu fənnin əsas məqsədi doğma təbiəti şagirdlərə
sevdirmək, canlı maddi aləmin tamlığı və vəhdət
təşkil etməsi haqqında elmi dünyagörüşü inkişaf
etdirmək, şagirdə nəinki böyük və müxtəlif
materialda araşdırma aparmaq və istiqamətlənmək,
həm də bioloji prosesləri, hadisələri bir-biri
ilə əlaqələndirməyi öyrətməkdir (ümumi bioloji
qanunauyğunluqlara əsaslanan biliklərlə).
Biologiya fənninin qarşısında duran əsas vəzifə
Azərbaycan Respublikasında ümumi təhsilin Milli
Kurikulumu çərçivə sənədində belə müəyyən
edilib:
Tam orta təhsil pilləsində şagirdlərdə həyatın
əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və
təkamülü, insanın mənşəyi, genetika və
seleksiyanın əsasları, ekologiyanın problemləri
və həlli yolları haqqında ətraflı təsəvvür
formalaşdırır, qlobal ekoloji problemlərin
aradan qaldırılması yollarını araşdırır,
seleksiyanın tətbiqi yollarını izah edir, canlı
maddi aləmin tamlığı və vəhdət təşkil etməsi
haqqında elmi dünyagörüşü və məntiqi təfəkkür
inkişaf etdirilir.
Orta məktəbi bitirən şagirdin bioloji
biliklərini formalaşdırmaq üçün kiçik
siniflərdən başlayaraq məqsədyönlü iş aparmaq
lazımdır. Məqsədə nail olmaq və yaxşı nəticələr
əldə etmək üçün müəllimlər:
- yaradıcı, işgüzar olmalı, yeniliklərlə
ayaqlaşmalı;
- kiçik siniflərdən başlayaraq şagirdlərdə
fənlərarası əlaqə yaratmalı, səbəb-nəticə
müəyyən edə bilmək bacarığını inkişaf etdirməli;
- şagirdlərdə müşahidə edib təcrübə aparıb
nəticə çıxara bilmək, nəzəri bilikləri tətbiq
edə bilmək bacarığı formalaşdırmalı;
- qiymətləndirmənin bütün formaları ilə davamlı
olaraq şagirdlərin biliyi haqqında məlumat
toplamalı və təhlil etməli;
- istedadlı şagirdlərlə fərdi iş aparılmalı,
eyni zamanda
- əyaniliyi təmin etmək üçün məktəbin təchiz
olunmuş kabineti olmalıdır.
Orta məktəbi bitirən hər bir gənc müstəqil
həyata qədəm qoyur. Məktəbin də əsas vəzifəsi
onu həyata hazırlamaqdır. Odur ki, şagirdlərin
bilik və bacarıqlarını yoxlamaq üçün sualları
tərtib edərkən həyati bacarıqlara əsaslanan elə
bioloji biliklərə üstünlük verilməlidir.
2009-2010-cu tədris ilində Təhsil Nazirliyi
tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilmiş
buraxılış imtahanlarında biologiya fənnindən
məzunlara təklif olunmuş qiymətləndirmə
vasitələrinin təhlilinə nəzər salaq. Qeyd etmək
lazımdır ki, tərtib olunmuş test tapşırıqları
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş
dərsliklər və tədris proqramları əsasında
hazırlanmışdır.
1. Azərbaycanın hansı rayonunda çay bitkisi
becərilmir?
A) Lənkəran B) Astara C)
Zaqatala D) Göyçay E)
Masallı
VII sinfin "Bitkilər" bölməsini əhatə edən sadə
və ümumiləşdirici test tapşırığıdır.
Məqsəd hər gün istifadə olunan kənd təsərrüfatı
bitkilərini tanımaq, onlardan istifadə
qaydalarını bilmək, vegetativ və generativ
orqanları müqayisə edə bilmək, nəzəri bilikləri
praktikada tətbiq edə bilmək bacarığını aşkara
çıxarmaqdır. Təqdim olunan test tapşırığı
hafizəyönümlüdür. 70,66% şagirdlər bu tapşırığa
düzgün cavab vermişlər.
Düzgün cavab: D
2.Xemosintezedici bakteriyalara aid deyil:
A) nitrifikasiya bakteriyaları
B) süd turşusu bakteriyaları
C) hidrogen bakteriyaları
D) kükürd bakteriyaları
E) dəmir bakteriyaları
Sadə faktoloji test tapşırığıdır. Məqsəd
göbələkləri tanımaq, onları fərqləndirə bilmək,
təbiətdə və insan həyatında onların rolunu
müəyyən edə bilmək, ümumiləşdirmə, mühakimə və
tətbiqetmə bacarığını yoxlamaqdır. Nəticənin
52,79% olması biologiya müəllimlərinin bu sahəyə
diqqət artırmasını tələb edir.
Düzgün cavab: B
3. Aşağıdakılardan hansı balıqlarda yoxdur?
A) qabırğa B) böyrək C)
qaraciyər D) döş qəfəsi E)
mədəaltı vəzi
Zoologiya bölməsinə aid orta dərəcəli
ümumiləşdirici test tapşırığıdır.
Məqsəd təbiətdə canlı orqanizmlərin vahidliyi
sistemliliyi və müxtəlifliyini, canlıların
quruluşu və onların funksional
xüsusiyyətlərini müqayisə, təhlil və
tədqiqetmə bacarığını aşkara çıxarmaqdır.
55,56% müsbət cavab verilməsi onu göstərir ki,
şagirdlər kiçik siniflərdə daha həvəslə
oxuyurlar.
Düzgün cavab: D
4. İnsan orqanizmində çanaq boşluğunda
yerləşmir:
A)
sidik kisəsi
B)
böyrək
C) uşaqlıq D) prostat vəzi E)
düz bağırsaq
IX sinif materialına əsaslanan orta dərəcəli
faktoloji test tapşırığıdır. Məqsəd
ümumiləşdirmə, mühakimə və nəzəri biliklərin
tətbiqi bacarığını yoxlamaqdır. Tam orta
təhsilli hər bir insan öz orqanizminin
quruluşunu bilməli, sağlamlığını qorumağı,
zərərçəkənlərə ilk yardım etməyi bacarmalıdır.
48,43% düzgün cavab bu sahədə vəziyyətin
qənaətbəxş olmadığını göstərir.
Düzgün cavab: B
5. DNT-nin bir zəncirinin müəyyən hissəsində
nukleotidlərin ardıcıllığı -Q-S-Q-A-T-T- olarsa,
onda bu molekulun ikinci zəncirinin həmin
sahəsində neçə adenin (A) nukleotidi olar?
A) 1 B) 2 C) 3 D) 4
E) 5
X sinif "Sitologiya" bölməsi əsasında
hazırlanmış çətin, məntiq tələb edən test
tapşırığıdır.
Məqsəd müxtəlif bilik mənbələrindən istifadə
etmək, qazanılan bilikləri ümumiləşdirib nəticə
çıxarmağı bacarmaq qabiliyyətini yoxlamaqdır.
Təbii ki, hər bir şagird sadə riyazi biliklərə
malik olmalı, onlardan gündəlik həyatında
istifadə etməyi bacarmalıdır. Təəssüf ki, 25,17%
nəticə onu göstərir ki, şagirdlərin bir hissəsi
hələ də məntiqi təfəkkür tələb edən suallara
cavab verməkdə çətinlik çəkir.
Düzgün cavab: B
6. Bitkilərin təkamülündə idioadaptasiyaya misal
ola bilər:
A) toxuma və orqanların meydana gəlməsi
B) toxumla çoxalma
C) çiçəyin əmələ gəlməsi
D) köklərin əmələ gəlməsi
E) quraqlıq şəraitinə uyğunlaşma
Orta dərəcəli, faktoloji test tapşırığıdır.
Biologiya fənn kurikulumunda qeyd olunur ki, tam
orta təhsil pilləsində şagirdlərdə həyatın əmələ
gəlməsi, üzvi aləmin inkişafı və təkamülü,
canlı maddi aləmin tamlığı və vəhdət təşkil
etməsi haqqında elmi dünyagörüşü və məntiqi
təfəkkür inkişaf etdirilməlidir. Test
tapşırığının məqsədi də müqayisə, təhlil və
tədqiqetmə bacarığını yoxlamaqdır. 40,82%
nəticə onu göstərir ki, bu sahəyə diqqəti
artırmaq lazımdır.
Düzgün cavab: E
7. Antropogenezdə qədim insanlara aiddir:
A) avstralopitek B) kromanyon
C) neandertal D) pitekantrop
E) sinantrop
Orta, ümumiləşdirici fənlərarası test
tapşırığıdır.
Şagirdlər insanın təkamülü haqqında
məlumatlarla tarix dərsində də qarşılaşmışlar.
Tam orta təhsil pilləsində şagirdlərdə insanın
mənşəyi haqqında ətraflı təsəvvür
formalaşdırılır (fənn kurikulumu). Məqsəd
şagirdlərin bu mövzu haqqındakı biliklərini
ümumiləşdirib nəticə çıxarmaq bacarığını
yoxlamaqdır. Düzgün cavab verən şagirdlər
43,4% təşkil edir ki, bu da qənaətbəxş
sayılmır.
Düzgün cavab: C
8. Hüceyrələrdəki hansı bölünmə həm də reduksion
bölünmə adlanır?
A)
mitoz
B)
amitoz
C)
meyoz
D)
sadə
bölünmə
E) düzünə bölünmə
Orta dərəcəli elmi-məntiqi bioloji biliklərə
əsaslanan test tapşırığıdır.
Hər bir şagird canlıların quruluşu və onların
funksional xüsusiyyətlərini bilməli, onları
müqayisə və təhlil edib tətbiq etməyi
bacarmalıdır. Test tapşırığının hazırlanmasında
da məqsəd budur. 46,1% nəticə onu göstərir ki,
şagirdlər məntiqi testlərlə daha çox
işləməlidirlər.
Düzgün cavab: C
9. Genetikada insanın xromosomlarını öyrənməyə
əsaslanan metod necə adlanır?
A) biokimyəvi B) əkizlik
C) sitogenetik D)
hibridoloji E) genealoji
XI sinif materialları əsasında hazırlanmışdır.
Sadə terminoloji test tapşırığıdır. Tam orta
təhsil pilləsində şagirdlərdə genetika və
seleksiyanın əsasları haqqında ətraflı təsəvvür
formalaşdırır, seleksiyanın tətbiqi yollarını
izah edir, canlı maddi aləmin tamlığı və vəhdət
təşkil etməsi haqqında elmi dünyagörüşü və
məntiqi təfəkkür inkişaf etdirilir. Məqsəd
şagirdlərin sadə genetik biliklərə malik
olduğunu yoxlamaqdır. Düzgün yazılmış cavabların
38,92% olması belə deməyə imkan verir ki, hələ
də bir çox müəllimlərimiz "Genetika" bölməsini
yetərincə tədris etmirlər.
Düzgün cavab: C
10. V.İ.Vernadski Yerin "ağıllı" qatını necə
adlandırmışdır?
A) biosfer B) noosfer C)
litosfer D) troposfer
E) stratosfer
Sadə ümumiləşdirici test tapşırığıdır. Biologiya
fənn kurikulumunda qeyd olunur ki, XI sinfin
sonunda şagird:
Ekoloji amillərin canlıların həyatında rolunu
şərh edir, regional ekoloji problemlərl, ekoloji
amillərin canlıların həyatında rolunu izah edir.
Məqsəd bu bacarığın yoxlanılmasıdır. 31,43%
göstərici şagirdlərdə bu bacarıqların zəif
olduğunu göstərir.
Düzgün cavab: B
Qeyd etmək lazımdır ki, test tapşırıqları
hazırda müəllim və şagirdlərin əlində olan 11-ci
sinif buraxılış imtahanları üçün hazırlanmış
"Test bankı"ndan hazırlanmışdır. Buna
baxmayaraq, bir çox məktəblərdə imtahana
hazırlığın səviyyəsi yüksək olmamış, müəllimlər
şagirdlərlə zəif iş aparmışlar.
2010-2011-ci dərs ilinin yoxlama və buraxılış
imtahanlarında da ancaq proqram materiallarından
istifadə olunacaq bəzi mürəkkəblik dərəcəsinə
görə orta və çətin sayılan test tapşırıqlarının
həlli nümunələrinə baxaq:
1. Qida zəncirlərində həm produsent, həm də
konsument kimi iştirak edə bilən ibtidai
orqanizm hansıdır?
A) Adi amöb B) Dizenteriya amöbü
C) Yaşıl evqlena D) İnfuzor-tərlik E)
Malyariya paraziti
Verilən test tapşırığı orta çətinliyə malik
mövzulararası test tapşırığıdır.
VII sinif zoologiyadan "İbtidailər" və XI sinif
ümumi biologiyadan "Ekologiya" bölmələrini əhatə
edir. Şagirdlər bu test tapşırığını yerinə
yetirmək üçün biogeosenozun əsas strukturunu
müəyyən edən canlılar qrupu, yəni produsentlər,
konsumentlər və redusentlər haqqında məlumata
malik olmalıdırlar. Onlar bilməlidir ki,
produsentlər üzvi maddələr istehsal edən
avtotrof orqanizmlər, xüsusən yaşıl bitkilərdir.
Konsumentlər isə hazır üzvi maddə ilə qidalanan
heterotrof orqanizmlərdir. Şirin su hövzəsinin
ekosistemində ibtidai birhüceyrəli heyvan olan
yaşıl evqlena işıqda bitkilər kimi avtotrof
qidalanır, uzun müddət qaranlıqda qaldıqda isə
rəngsizləşir və hazır üzvi maddələrlə
qidalanmağa başlayır. Yəni birinci halda o,
produsent, ikinci halda isə konsumentdir.
Düzgün cavab: C
2. Üzvi aləmin təkamülü prosesində
aşağıdakılardan hansı aromorfoza misal ola
bilər:
A) quşlarda istiqanlılıq
B) skatda yastı bədən forması
C) balinakimilərdə dərialtı qalın piy qatı
D) şalada bədənin qoruyucu rəngi
E) lentşəkilli qurdlarda bağırsağın reduksiyaya
uğraması
Bu test tapşırığı X sinif üzvi aləmin təkamülü
mövzusu əsasında hazırlanmışdır.
Mürəkkəblik dərəcəsinə görə çətin test tapşırığı
sayılır. Məqsəd üzvi aləmin təkamülü prosesinin
istiqamət və yollarını fərqləndirə və tətbiq edə
bilmək bacarığını müəyyənləşdirməkdir. Məlumdur
ki, aromorfoz ümumi quruluş yüksəlişinə aparan,
orqanizmlərin mürəkkəbləşməsi ilə bağlı olan
böyük təkamül dəyişkənliyidir. Aromorfoz böyük
sistematik vahidlərin meydana çıxmasına gətirib
çıxarır. Verilmiş test tapşırığındakı B), C),
D), E) distraktorlarında idioadaptasiyaya, yəni
mühit şəraitinə uyğunlaşmağa xidmət edən xırda
təkamül dəyişkənliklərinə misallar verilmişdir.
Quşlarda və məməlilərdə istiqanlılıq isə ilk
əvvəl qan-damar və tənəffüs sistemi
orqanlarının, ümumilikdə bütün orqanizmin
mürəkkəbləşməsi ilə əlaqədardır.
Düzgün cavab: A
3. DNT molekulunda QUOTE nukleotidlərinin
nisbəti neçəyə bərabərdir?
A) 2 B) 1 C) 0 D) 4
E) 10
Hesablama xarakterli orta səviyyəli test
tapşırığıdır. Tapşırığı yerinə yetirmək üçün
şagird X sinif "Sitologiya" bölməsi üzrə
biliklərə malik olmalıdır. O, DNT molekulunun
ikiqat zəncirinin quruluşunu, komplementarlıq
prinsipini, nukleotidlərin həndəsi və kimyəvi
quruluş uyğunluğunu yaxşı bilməlidir. Məlumdur
ki, DNT molekulu iki zəncirlidir. Zəncirlər
bir-biri ilə azot əsasları olan hissədə
qarşı-qarşıya durur. Komplementarlıq prinsipinə
əsasən adenin (A) timinə (T), quanin (Q) isə
sitozinə (S) uyğundur və onlar arasında hidrogen
rabitəsi yaranır. Deməli, zəncirdə adenin
nukleotidlərinin sayı timinə, quanin
nukleotidlərinin sayı da sitozinə bərabərdir:
A=T və S=Q.
Sadə riyazi məntiqə görə, A+Q=T+S yəni,
Düzgün cavab: B
4. Drozofil milçəyinin toxumluğunda meyoz
prosesinə neçə ilkin cinsi hüceyrə daxil
olmalıdır ki, alınan spermatozoidlərdə
xromosomların ümumi sayı 80-ə bərabər olsun
(2n=8)?
A) 10 B) 5 C) 4 D) 20 E)
40
Hesablama testləri kateqoriyasına daxil olan
çətin mövzulararası test tapşırığıdır.
Bu tapşırığı yerinə yetirmək üçün şagird ümumi
biologiyadan "Orqanizmlərin çoxalması və
inkişafı" və "Genetikanın əsasları" bölmələrini
əsaslandırmağı bacarmalıdır. Nəzəri biliklərini
praktik olaraq tətbiq edib tapşırığın cavabını
aşağıdakı kimi hesablamalıdırlar: çoxhüceyrəli
heyvanlarda cinsiyyət hüceyrələrinin
formalaşması prosesi cinsiyyət vəzilərində gedir
ki, bu qametogenez prosesi adlanır. Erkək cinsi
hüceyrələrin yaranması prosesində ilkin
cinsiyyət hüceyrəsi yetişmə zonasında meyoz
yolla bölünür. Nəticədə bir ilkin cinsiyyət
hüceyrəsindən dörd spermatozoid əmələ gəlir və
onlarda xromosom sayı haploid olur. Məsələnin
şərtində verilmişdir ki, alınan
spermatozoidlərdə xromosomların ümumi sayı 80-ə
bərabərdir. Əgər bir spermatozoiddə
xromosomların haploid sayı n=4 olarsa, onda
80:4=20 spermatozoidlərin ümumi sayı alınır.
Nəzərə alsaq ki, bir ilkin cinsi hüceyrədən 4
spermatozoid əmələ gəlir, onda 20:4=5 ilkin
hüceyrə alınır. Deməli, drozofil milçəyinin
toxumluğunda meyoz prosesinə 5 ilkin cinsi
hüceyrə daxil olmuşdur.
Düzgün cavab: B
5. Buğda toxumunda ehtiyat qida maddələri
toplanır:
A) rüşeymin bütün hissələrində
B) toxumun qabığında
C) endospermdə
D) ləpədə
E) rüşeym gövdəciyində
Bu test tapşırığı mövzulararası, orta çətinlik
dərəcəsinə malikdir.
Bu test tapşırığının öhdəsindən gəlmək üçün
şagird VI sinif "Toxum" bölməsinə və ümumi
biologiya "Orqanizmlərin çoxalması və inkişafı"
mövzularına müraciət etməlidir. Test tapşırığını
yerinə yetirmək üçün şagirdlər çiçəkli
bitkilərdə ikiqat mayalanma prosesini, toxumun
quruluşunu, birləpəli və ikiləpəli bitkilərin
toxumlarını bir-birindən fərqləndirməyi
bacarmalıdırlar. Məlumdur ki, çiçəkli bitkilərdə
ikiqat mayalanmadan sonra mayalanmış yumurta
hüceyrə diploid rüşeymə, mərkəzi hüceyrə isə
onun ehtiyat qidasını təmin edən triploid
xromosom yığımlı endospermə çevrilir. Nəticədə
toxumun formalaşması prosesində əksər ikiləpəli
bitkilərin toxumunda endosperm inkişaf etmir və
ehtiyat qida maddələri rüşeymin hissələrində
toplanılır. Birləpəli bitkilərin toxumunda isə
endosperm yaxşı inkişaf edir. Buğda bitkisi də
birləpəli olduğu üçün onun toxumunda ehtiyat
qida maddələri endospermdə toplanır.
Düzgün cavab: C
6. Hansı göbələk parazit deyil?
A) qov göbələyi
B) çovdar mahmızı
C) sürmə
D) yalançı tülküqulağı
E) kartof göbələyi
Ümumiləşdirici xarakterə malik VII sinif
həcmində orta çətinlik dərəcəli test
tapşırığıdır.
Bu testə düzgün cavab vermək üçün şagird
göbələklərin quruluşunu, qidalanma üsulunu
bilməli və onları fərqləndirməyi bacarmalıdır.
Hafizə yönümlü bu test tapşırığında şagird
parazit göbələklərinin adlarını bilməli, onları
zəhərli göbələklərlə qarışdırmamalıdır.
Göbələklər üsuluna görə saprofit və parazit
olur. D distraktorundan başqa digər cavabların
hamısında parazit göbələklər verilmişdir. Bu
cavablarda verilmiş göbələklər digər bitkilərin
üzərində yaşayaraq onların hazır üzvi maddələri
hesabına qidalanır. Bəzən şagirdlər zəhərli
göbələkləri də səhvən parazit kimi qəbul edir,
saprofit və parazit qidalanma üsullarını
bir-birindən ayıra bilmirlər. Ona görə də
düzgün cavabı da tapmağa çətinlik çəkirlər. D
distraktorundakı yalançı tülküqulağı göbələyi
qidalanma üsuluna görə saprofit papaqlı
göbələkdir. Yəni saprofitlər bitki və heyvan
qalıqları ilə qidalanır. Deməli, yalançı
tülküqulağı göbələyi parazit deyil.
Düzgün cavab: D
7. Əgər insanda baş-beyin yarımkürələrinin ənsə
payı zədələnərsə, hansı analizatorun işi pozula
bilər?
A) eşitmə B) dəri-əzələ C)
görmə D) dad E) qoxu
IX sinif həcmində orta dərəcəli mühakimə
xarakterli test tapşırığıdır.
Bu tapşırığa cavab vermək üçün şagird "Sinir
sistemi" və "Analizatorlar" fəsillərini yaxşı
bilməli, onlar arasında əlaqə yaratmalıdır.
Adətən şagirdlər bu tipli test tapşırıqlarının
həllində bir qədər çətinlik çəkirlər, çünki
qoyulan tapşırığı yerinə yetirmək üçün dərslikdə
verilən faktları məntiqlə mətndən distraktorlara
gətirmək lazımdır. "Baş-beyin yarımkürələri"
mövzusunda hər bir analizatorun mərkəzi hissəsi
haqqında məlumat verilir. Və şagird baş-beyin
yarımkürələrində bu mərkəzlərin yerini bildikdən
sonra asanlıqla test tapşırığını yerinə yetirə
bilər. Baş-beyin yarımkürələrinin ənsə payında
görmə hissiyyatının qabıq mərkəzi yerləşir.
Təbii ki, bu nahiyə zədələndikdə görmə
hissiyyatı pozular.
Düzgün cavab: C
Buraxılış imtahanları üçün test tapşırıqlarının
hazırlanması sahəsində daim yeni-yeni işlər
görülür, qiymətləndirmə vasitələri yeniləşir və
təkmilləşir. 2010-2011-ci dərs ilində
mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış
imtahanlarında biologiya fənnindən 12 sualın
salınması şagirdlərin biliyinin obyektiv
qiymətləndirilməsi üçün şərait yaradır.
Təhsil Nazirliyi Monitorinq
və qiymətləndirmə şöbəsi |