Əməkdaşımız
Yeni il ərəfəsində İctimai Televiziya və Radio
Yayımları Şirkətində ədəbiyyat və incəsənət
departamentinin direktoru, yazıçı və tərcüməçi
İmir Məmmədli ilə görüşərək Yeni ilin bayram
kimi qeyd olunması, yolkanın bəzədilməsi tarixi
ilə bağlı söhbəti qələmə alıb.
- Radio verilişlərinizin birində şam ağacının
bəzədilməsi ilə bağlı fərqli faktlardan
danışdınız. Yolkanın Yeni ildə bəzədilməsi milad
bayramı ilə bağlıdır?
- Şam ağacının bəzədilməsi milad bayramının
atributuna sonradan çevrilib. Bu adət əvvəllər
qədim türklərə məxsus olub. Bəllidir ki, qədim
türklərdə "həyat ağacı" ilə bağlı maraqlı
təsəvvürlər var idi. Həmin inanca görə, "həyat
ağacı" yerin mərkəzindən göyə qədər ucalırdı.
Göy Tanrı anlayışı da bir növ bununla bağlıdır.
22 dekabrda gecə ilə gündüz bərabərləşən zaman
qədim türklər Tanrıya öz razılıqlarını bildirmək
məqsədi ilə "həyat ağacı"nın rəmzi olaraq şam
ağaclarını bəzəyərdilər. Onun ətrafına dolanaraq
Tanrıya dualar oxuyardılar. Maraqlı burasıdır
ki, həmin ağaclardan evlərdə də bəzəyər,
Tanrıdan gələn il üçün uğurlar diləyərdilər.
Qədim
zamanlarda ovçular da yanvar ayında şam
ağaclarından müxtəlif əşyalar və ət asardılar
ki, Tanrı onlardan razı qalsın, qarşılarına
bolluca şikar çıxarsın.
Həmin adətlər sonradan tədricən Avropaya keçdi
və nəticədə milad bayramının bu gün gördüyümüz
"Yolka" atributuna çevrildi. Xatırladım ki, ilk
dəfə XVI əsrdə Almaniyada milad şənliyində
bəzədilən yolka sonradan Fransaya, oradan da
Avropanın başqa ölkələrinə yayıldı.
- İmir müəllim, söhbət üçün çox sağ olun. Yeni
ildə sizə və çalışdığınız şirkətin bütün
əməkdaşlarına daha yeni uğurlar, cansağlığı
arzulayırıq.
- Bu əziz gündə Dünya azərbaycanlılarına, bütün
türk dünyasına qəzetiniz vasitəsilə xoş
arzularımı çatdırıram.
Söhbəti qələmə aldı:
Ş.MƏMMƏDOV |