Bakıdakı 8 nömrəli orta ümumtəhsil məktəbində
"Ekologiya ili"nə həsr olunmuş tədbir
keçirildi. Tədbirin təşkilatçısı ibtidai sinif
müəllimi Mina Hüseynzadə iştirakçıları
salamlayaraq onlara ölkə Prezidenti İlham
Əliyevin sərəncamı ilə elan olunan "Ekologiya
ili"nin əhəmiyyəti barədə geniş məlumat verdi.
...Səhnədə yaradılan Şirvanşahlar Sarayı
kompleksinin təsviri iştirakçılarda xoş ovqat
yaratdı. Sonra üçüncülərin "Gəlin, təbiəti
qoruyaq" mövzusuna həsr etdikləri ədəbi-bədii
kompozisiya nümayiş olundu. Şagirdlərin
ifasında Xəzər dənizi ətrafında yaşayan
türkdilli xalqların mədəniyyəti, incəsənəti,
tarixi, təbii sərvətləri xatırlandı, tamaşalar,
səhnəciklər göstərildi, mahnılar səsləndi və
təbiətin gözəlliklərindən söz açıldı.
Müxtəlif məqamlarda səslənən muğam parçaları və
ifa olunan "Lalələr" rəqsi kompozisiyanı daha da
rövnəqləndirdi. Sonda direktor Aytən Baxşıyeva
kompozisiyanın hazırlanmasında əməyi olan
ibtidai sinif müəllimi Mina Hüseynzadəyə öz
təşəkkürünü bildirdi. Qeyd etdi ki, təhsil
ocağında şagirdlərdə təbiətə məhəbbət hissləri
aşılayan tədbirlərin bundan sonra keçirilməsi
ənənəyə çevriləcək.
***
Bakıdakı 38 nömrəli orta məktəbdə isə
"Ekologiya məktəblilərin gözü ilə" mövzusuna
həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbir
başlamazdan öncə foyedə təşkil olunan sərgi
iştirakçıları məmnun etdi. Məktəbin VII sinif
şagirdi Münəvvər Kərimovanın ilmələrlə
toxuduğu "Çin səddi" rəsmi maraq doğurdu.
Sonra kimya elmləri namizədi, Beynəlxalq
ekologiya cəmiyyətinin Azərbaycan üzrə
inspektoru Aydın Əhmədzadə "Ekologiya nədir?"
mövzusunda geniş məruzə etdi, şagirdlərə ekoloji
biliklərə yiyələnməyin vacibliyini vurğuladı.
Şagirdlərdən Vəfa, Fidan, İlahə, Ləman,
Sürəyya, Nəzrin, Elminə ekologiya ilə bağlı
fikir mübadiləsinə qoşuldular. Gündüz Abbasov
və Yusif İbrahimov "Ekoloji pozuntular"ın acı
nəticələrindən bəhs edən slaydları nümayiş
etdirdilər.
Məktəbin direktoru Yaşar Əliyev tədris ocağının
ərazisində şagirdlərin yaxın köməkliyi ilə
müxtəlif ağac növlərinin və gül kollarının
əkilib və becərildiyini bildirdi.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı
Cəmilə Şahverdiyeva, direktor müavini Gülnarə
Vəliyeva, müəllimlər - Kəmalə Məhərrəmova,
Balaxanım Cavadova, Ülfət Abbasova, Lalə
İsmayılova və Zenfira Qafarova diskussiya
şəraitində keçən "dəyirmi masa"da fəal iştirak
etdilər.
Sifai SƏFƏROVA |