Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu
milli mənəvi dəyərlərin daşıyıcısına çevrilərək
əsrlərdən bəri insanlarımızın yaddaşına
vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk
olunmuşdur.
Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin
əbədiləşdirilməsi və onların adlarının daim yad
edilməsinin gənc nəslin mədəni-tarixi irsə
bağlılıq ruhunda tərbiyə olunması baxımından
müstəsna əhəmiyyətini nəzərə alaraq
QƏRARA ALIRAM:
1. Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun
abidəsinin ucaldılması üçün Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra
Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2010-cu il |