Bakıdakı
29 nömrəli orta məktəbdə 2010-cu il "Ekologiya
ili"nə həsr olunmuş "açıq dərs" keçirildi.
Öncə Dövlət himni səsləndirildi. Sonra məktəbin
direktoru Ələddin Əliyev çıxış edərək bildirdi
ki, əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişaf
strategiyasını bu gün Prezident İlham Əliyev
uğurla davam etdirir. Məhz bu diqqət və qayğının
nəticəsidir ki, dövlət başçımızın sərəncamı ilə
ölkəmizdə 2010-cu il "Ekologiya ili" elan
edilmişdir. Məktəbin pedaqoji kollektivi də
xeyli iş görüb. Tədbiri keçirməkdə məqsədimiz
bu görülən işlərin davamı olaraq məktəbin üç
fənn müəlliminin komandalar şəklində keçdikləri
"açıq dərs"i dinləməkdir.
Sonra biologiya müəllimi Məhəbbət Tağıyeva,
coğrafiya müəllimi İmamət Əhmədova və kimya
müəllimi Fazilə Məmmədova keçdikləri "açıq dərs"
barədə qonaqlara məlumat verdilər. Şagirdlər 3
fənn üzrə ayrı-ayrı komandalar şəklində öz
yerlərində oturdular və hər komandaya aid
suallar paylandı.
Nəhayət, fənlər üzrə ayrı-ayrı komandaların
cavabları dinlənildikdən sonra coğrafiya I,
biologiya II və kimya komandası isə III yeri
tutdular.
Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri
fərmanla təltif olundu.
"Açıq dərs"də iştirak edən Xətai Rayon İcra
Hakimiyyəti başçısının müavini Xeyrulla
Hüseynli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları Böyükağa Əhmədov, Nigar Şərifova,
BDU-nun professoru Allahverdi Doluanov, dosent
Telman Xəlilov, Azərbaycan Dövlət Neft
Şirkətinin nümayəndələri Ceyhun Şıxəliyev və
Mikayıl Cabbarov hər üç fənn müəlliminin "açıq
dərs"indən razı qaldılar.
Qonaqlar bildirdilər ki, ekologiya mövzusunda
aparılan "açıq dərs"lər gənc nəslin sağlam və
hərtərəfli inkişafına zəmin yaradır və tərbiyəvi
təsirə malikdir. Bütün təhsil ocaqlarında bu
cür tədbirlərin keçirilməsi məqsədəuyğun hesab
edildi.
Şakir CƏFƏROV |