Bakıdakı
106 nömrəli orta məktəbin 1999-2000-ci il
təvəllüdlü şagirdləri idmanın mini-futbol növü
üzrə uğur qazanıblar. Komandanın rəhbəri Rəcəb
Vəliyevin sözlərinə görə, yetirmələri Qaradağ
rayonu üzrə keçirilən yarışlarda fərqlənərək
Bakı şəhər məktəbləri arasında keçirilən
spartakiadaya vəsiqə qazanıblar. 11 rayonun
məktəblilərinin iştirak etdiyi turnirdə II yeri
tutan komanda gələn il də müxtəlif yarışlarda
iştirak edəcək. Komandanın məqsədi mini-futbol
yarışlarında daha uğurlu nəticələr əldə
etməkdir.
***
139 nömrəli orta məktəbin IX sinif şagirdi Elxan
Gülmalıyev idmanın "karate-kobudo" növü ilə
məşğul olur. Uşaq yaşlarından idmana böyük maraq
göstərən Elxan valideynlərinin dəstəyi ilə 11
yaşında idman məktəbinə üzv yazılır. 12-13
yaşlarında o, Bakı və respublika yarışlarında
yüksək nəticə göstərərək beynəlxalq turnirlərə
vəsiqə qazanır. O, 14 yaşında ikən 14-15 yaş
qrupları arasında 57 kq çəki dərəcəsində
keçirilən Avropa çempionatında ustalıq nümayiş
etdirərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Arzusu həmişə ölkəmizi beynəlxalq
turnirlərdə layiqli təmsil etməkdir.
***
166
nömrəli məktəbin şagirdi Zülfiyyə Hüseynova 5
ildir ki, idmanın badminton növü ilə məşğul
olur. O, hazırda yeniyetmələr arasında yığma
komandanın üzvüdür. Zülfiyyə Qaradağ rayon
birinciliyində I yeri tutaraq Bakı turnirinə
vəsiqə qazanıb. 2007-ci ildə Bakı və Azərbaycan
birinciliyində qələbə qazanaraq beynəlxalq
turnirdə iştirak edib. O, bu il
Sankt-Peterburqda keçirilən badminton üzrə
beynəlxalq turnirdə fərqlənərək fəxri kürsünün
yüksək pilləsinə qalxıb. Məktəbin digər
şagirdi Zülfüqar İmanovun da idman sahəsində
uğurları kifayət qədərdir. O, idmanın boks növü
ilə məşğul olur. 1994-cü il təvəllüdlü, 91 kq.
çəki dərəcəsində olan Zülfüqar uşaq yaşlarından
idmana olan həvəsi ilə "Neftçi" idman klubuna
üzv yazılır. O, 15-16 yaşlarında dəfələrlə
Azərbaycan və Bakı birinciliyində iştirak edərək
fəxri kürsünün yüksək pillələrinə qalxıb. Bu il
Bakı və respublika çempionu olaraq beynəlxalq
turnirə vəsiqə qazanıb. Arzusu ölkəmizi həmişə
beynəlxalq turnirlərdə layiqli təmsil
etməkdir.
Rəşad ZİYADOV |