XX
əsrin 60-cı illərində futbol üzrə SSRİ
çempionatında bir fırtına əsirdi. "Neftçi"
fırtınası. Bu dövrdə, demək olar, şəhər
əhalisinin böyük bir hissəsi futbolla yatıb,
futbolla oyanırdı. Stadiona iynə atsaydın yerə
düşməzdi. Xalq öz komandasını o qədər böyük
məhəbbətlə sevirdi ki, bunu sözlə ifadə etmək
çətindir. O, dövrdə xalqın məhəbbətini qazanan
və bəlkə də "Neftçi" qədər sevilən bir futbolçu
vardı: Anatoli Banişevski.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də
Bakıda anadan olmuşdu. O, Azərbaycanın futbol
tarixində silinməz izlər qoyub. Banişevski
istedadlı, qabiliyyətli olmaqla yanaşı,
sadiqliyi ilə də seçilib. Bakıda dünyaya gələn
Banişevski bütün həyatını bu şəhərə həsr edib.
16 yaşında "Neftçi"yə (o vaxtkı "Neftyanik")
cəlb olunan gənc Anatoli 1963-cü ildə komandanın
əsas heyətində debüt edib. O, peşəkar karyerası
ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız
"Neftçi" klubunda çıxış edib. "Neftçi"nin
1966-cı ildə SSRİ çempionatının bürünc medalını
qazanmasında onun böyük əməyi olub.
A.Banişevski SSRİ yığmasının məşqçi korpusunun
da diqqətindən kənarda qalmayıb. Parlaq oyun
nümayiş etdirən hücumçu 19 yaşında Nikolay
Morozov tərəfindən SSRİ yığma komandasına cəlb
edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini
doğruldub və yığmada keçirdiyi 3-cü oyunda
het-trikə imza atıb. Bundan başqa, A.Banişevski
1966-cı ildə İngiltərədə keçirilmiş dünya
çempionatında iştirak edib.1968 və 1972-ci
illərdə təşkil olunmuş Avropa çempionatlarına da
qatılan həmyerlimiz son yarışda gümüş mükafata
layiq görülüb.
Ümumiyyətlə,
A.Banişevski SSRİ çempionatının güclülər
dəstəsində 212 matçda (81 qol), birinci liqada
isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ
yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19
dəfə fərqlənib. Banişevskinin məşhur "Marakana"
stadionunda Braziliya yığmasının qapısına
təxminən 35-40 metrdən vurduğu qolu
braziliyalılar hələ də unutmayıblar və bu qol
dillər əzbəri olub. SSRİ çempionatı və kuboku, o
cümlədən SSRİ yığma komandasında üst-üstə
100-dən çox qol vurduğuna görə bombardirlərin
"Qriqori Fedotov klubu"nun üzvü idi.
Karyerasını başa vurduqdan sonra bir müddət
işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi
fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi"
olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik
etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən
ayrılmaq qərarına gəlib. O, 1984-1988-ci illərdə
Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.
Afrikadan qayıtdıqdan sonra isə sağalmaz
xəstəliyə düçar olub. Anatoli Banişevski 1997-ci
il dekabrın 10-da vəfat edib. 2007-ci ildə
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
Anatoli Banişevskinin yaşadığı evin qarşısına
xatirə lövhəsi vurulmuşdur.
O, Azərbaycan futbolçusu idi və etiraf etməliyik
ki, bütün meyarlar baxımından XX əsrdə
Azərbaycanın ən güclü futbolçusu Anatoli
Banişevskidir. Dünyasını dəyişən idmançılar
haqda yazılarda adətən, "yaşasaydı,
doğmalarının, yaxınlarının arasında olacaqdı"
ifadəsi işlədilir. Lakin həmin deyimin
Banişevskiyə və onun kimi əfsanəvi futbolçulara
aidiyyəti yoxdur, çünki onlar həmişə yaşayırlar.
Niyazi RƏHİMOV |