Noyabrın 25-də TPİ-də Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu
və Naxçıvan Müəllimlər İnstitutunun birgə
təşkilatçılığı ilə "Azərbaycan təhsili yeni
inkişaf mərhələsində" mövzusunda respublika
elmi-praktik konfransı öz işinə başladı.
Konfransda TPİ-nin direktoru, professor Abdulla
Mehrabov müasir dövrdə ali təhsil sisteminin
inkişafının metodoloji problemləri mövzusunda
çıxış etdi. Bildirdi ki, ali təhsil sisteminin
inkişafının müasir mərhələləri elmi
nailiyyətlərin vacib nəticələrini özündə əks
etdirən yeni təhsil standartlarının işlənməsi
və tətbiqi ilə xarakterizə olunur. Tələb
olunan informasiyanın gənclər tərəfindən qəbul
olunaraq mənimsənilməsində olan problemlər
ilbəil artdığından və mürəkkəbləşdiyindən
tədris- təlim prosesində bunların xarakterik
xüsusiyyətlərinin nəzərə alınması zərurəti
yaranır. Qeyd edildi ki, son illərdə inkişaf
etmiş ölkələrin ali təhsil sistemində artıq
kompetensial tədris-təlim prosesinin qurulması
və səriştəli yanaşma modeli geniş tətbiq
olunmağa başlanmışdır. Araşdırmalar göstərir ki,
bu səbəbdən gənclərin düşüncə tərzi hazırda
abstrakt, köhnəlmiş nəzəriyyələr əsasında
qurulmuş və çox da tədqiq olunmayan bəsit
emosional xarakter daşıyır.
Konfransda bildirildi ki, ali təhsil
müəssisələri idarəetmədə onların fəaliyyət
göstərdikləri mühitin tələblərini nəzərə alaraq,
keyfiyyətli kadr hazırlığının təmin edilməsi,
adambaşına maliyyə sisteminə keçidin təmin
olunması istiqamətində geniş, səmərəli işlər
görməlidirlər.
Sonra pedaqoji elmlər doktoru, professor
Y.Kərimov, kimya üzrə fəlsəfə doktoru, dosent
K.Haqverdiyev, BDU-nun dissertantı İ.Tağıyev və
başqaları mövzu ətrafında çıxış etdilər.
Konfransda 5 bölmə üzrə 112 məruzənin müzakirəsi
planlaşdırılmışdır.
Konfrans öz işini müxtəlif bölmələr üzrə davam
etdirir.
Şakir CƏFƏROV |