Bu ilin aprel-may aylarında Kürdə suyun
səviyyəsinin qalxması və qrunt sularının üzə
çıxması nəticəsində Kürdəmir rayonundakı Carlı
kənd orta məktəbi uçmuşdu.
Respublika Fövqəladə Hallar Nazirliyinin
keçirdiyi baxışdan sonra "İntelligent qrup" MMC
avqust ayında burada 220 şagird yerlik yeni
məktəb binasının tikintisinə başlamışdı. Artıq
binanın tikintisi başa çatmışdır.
AzərTAc xəbər verir ki, oktyabrın 20-də yeni
məktəb binasının açılış mərasimi keçirilmişdir.
Rayon mərkəzindən və Fövqəladə Hallar
Nazirliyindən gəlmiş qonaqların iştirak
etdikləri tədbirdə məktəbin direktoru Gülməmməd
Eyvazov müasir üslubda tikilən və tədrisin
yüksək səviyyədə təşkili üçün hər cür şərait
yaradılmış yeni binaya görə rayon rəhbərliyinə,
nazirliyə və inşaatçılara minnətdarlığını
bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin
Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə
respublikamızda, o cümlədən Kürdəmirdə
sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan,
həyata keçirilən yeni layihələrdən, təbii
fəlakətin nəticələrinin aradan qaldırılması
istiqamətində görülən işlərdən danışmışdır. O,
qısa müddətdə tikilib istifadəyə verilmiş məktəb
binasının kənddə təhsilin yüksək səviyyədə
təşkilinə imkan verəcəyini bildirmiş, müəllim və
şagirdlərə uğurlar arzulamışdır.
Fövqəladə Hallar Nazirliyinin idarə rəisi
İbrahim Quliyev çıxış etmişdir.
Axırda rəmzi qırmızı lent kəsilmiş, qonaqlar
sinif otaqları və fənn kabinetlərini gəzmiş,
yaradılmış şəraitlə tanış olmuşlar. |