Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 23 fevral 2010-cu il tarixli
Sərəncamına uyğun olaraq Azərbaycan
mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr
verərək müstəsna xidmətlər göstərmiş Üzeyir
Hacıbəylinin 125 illik yubileyi layiqincə qeyd
edilməkdədir. Naxçıvan Dövlət Universitetində də
bu münasibətlə təntənəli tədbir keçirildi.
Universitetin rektoru, akademik İsa Həbibbəyli
yubiley mərasimini açaraq adıçəkilən sərəncamın
dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas
alim Üzeyir Hacıbəylinin ədəbi-mədəni irsinə,
milli musiqimizə verilən yüksək qiymət kimi
dəyərləndirdi. Naxçıvan MR Ali Məclis sədrinin
göstərişi ilə müxtar respublikada keçirilən
silsilə yubiley tədbirlərinin əhəmiyyətindən
danışıldı. Qeyd olundu ki, müasir Azərbaycan
professional musiqi sənətinin, Şərqdə ilk
operanın banisi, "Leyli və Məcnun", "Şeyx
Sənan", "Əsli və Kərəm", "Koroğlu" kimi
operaların, "Ər və arvad", "O olmasın, bu
olsun", "Arşın mal alan" kimi musiqili
komediyaların müəllifi olan Üzeyir Hacıbəyli
Azərbaycan milli musiqisi ilə yanaşı, dünya
musiqisinə, klassik Avropa bəstəkarlarının
əsərlərinə dərindən bələd olmuşdur. İsa
Həbibbəyli Üzeyir bəyin elmi və
bədii-publisistik fəaliyyətindən, konservatoriya
tipli ilk milli ali məktəbin yaradıcısı, uzun
illər Azərbaycan Dövlət Konservatoriyasının
rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri və Azərbaycan EA İncəsənət İnstitutunun
direktoru kimi mühüm vəzifələrdə çalışaraq
Azərbaycan incəsənətinin inkişafında əvəzsiz rol
oynamasından danışdı. Rektor Naxçıvan Dövlət
Universitetinin konservatoriyasında dünya
şöhrətli bəstəkarın irsinin tədrisi və tədqiqi
ilə yanaşı, onun yaradıcılığına da mütəmadi
müraciət edildiyini xatırlatdı.
Sonra universitetin Tələbə Opera Studiyası
"Arşın mal alan" tamaşası ilə bir daha ürəkləri
fəth etdi.
NDU-nun müəllimləri - Soltan bəy obrazının
ifaçısı Sərdar Qurbanov, Telli rolunu yaradan
Leyla Abbasova, tələbələrdən Şəhriyar Zeynalov
(Süleyman), Zeynəb Yusifova (Cahan xala), Ayşən
İmanlı (Asya rolunda), Əli Bədiyev (Vəli)
bir-birindən yaddaqalan obrazlar canlandırdılar.
NDU-nun müəllimi Vahid Məmmədovun dirijorluğu
altında universitetin xalq çalğı alətləri
orkestrinin tamaşa boyu peşəkar müşayiəti isə
əsərə xüsusi rəng qatdı.
Uzun illər nəinki Azərbaycan, eləcə də dünya
incəsənətinin şedevri sayılan bu komik səhnə
əsəri özünün milli koloriti, şux musiqisi,
obrazların təbiiliyi ilə hər kəsin ruhunu
oxşadı.
Mehriban SULTAN |