Noyabrın 25-də nazir Misir Mərdanovun iştirakı
ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi qaydası"
mövzusunda müşavirə keçirildi. Tədbirdə təhsil
nazirinin müavini İsgəndər İsgəndərov, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva, Təhsil Nazirliyi Aparatının məsul
işçiləri, nazirliyin şöbə müdirləri və struktur
bölmələrinin, həmçinin müəllim hazırlığı,
ixtisasartırma təhsili ilə məşğul olan təhsil
müəssisələrinin rəhbərləri, paytaxtın bir sıra
ümumtəhsil müəssisələrinin direktorları və
başqaları iştirak edirdilər.
Müşavirəni
təhsil naziri açaraq müzakirə olunan məsələnin
aktuallığından danışdı. Qeyd olundu ki, əlavə
təhsil Təhsil Nazirliyi tərəfindən diqqətdə
saxlanılan bir məsələdir və bu istiqamətdə
müəyyən işlər görülməkdədir.
Təhsil naziri Misir Mərdanov "Əlavə təhsilin
məzmunu, təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq
sənədin verilməsi qaydası" mövzusunda
məruzə-təqdimatla çıxış etdi.
İlk öncə nazir "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 5
sentyabr 2009-cu il tarixli, 156 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədilə
Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il
tarixli, 247 S nömrəli Sərəncamının 2.8-ci
bəndinə müvafiq olaraq Təhsil Nazirliyi
tərəfindən "Əlavə təhsilin məzmunu, təşkili və
əlavə təhsilin hər hansı bir istiqaməti üzrə
təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
qaydası"nın hazırlandığını və həmin sənədin
Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il
tarixli, 163 nömrəli qərarı ilə təsdiq
olunduğunu bildirdi. Təhsil naziri qeyd etdi ki,
ilk dəfə olaraq əlavə təhsilin bütün
istiqamətləri üzrə tənzimləyici qaydalar vahid
bir sənəddə öz əksini tapmışdır. Azərbaycan
təhsil sisteminə əlavə təhsilin yeni
istiqamətləri (dərəcələrin yüksəldilməsi,
yaşlıların təhsili) təcrübəsi daxil edilmişdir.
Əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun
çərçivəsi, təhsilin təşkili, təhsilə cəlb
olunanlar, monitorinq və qiymətləndirmə, verilən
təhsil sənədi, maliyyə mənbəyi və digər
məsələlər qaydalar şəklində müəyyən olunmuşdur.
Qeyd olundu ki, əlavə təhsil fasiləsiz təhsilin
və peşə hazırlığının tərkib hissəsi olmaqla,
peşə-ixtisas təhsilinin hər hansı pilləsini
bitirmək haqqında dövlət sənədi olan hər bir
vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin
edir və insan potensialının inkişafı, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi, onların
daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin
sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal, səmərəli iştirakının təmin edilməsi
vəzifəsini daşıyır.
Məruzə-təqdimatda əlavə təhsillə bağlı ümumi
müddəalardan söz açıldı. Əlavə təhsilin əsas
istiqamətləri - ixtisasartırma təhsili;
yenidənhazırlanma təhsili; stajkeçmə təhsili;
kadrların təkmilləşdirilməsi təhsili; təkrar ali
təhsil; təkrar orta ixtisas təhsili; dərəcələrin
yüksəldilməsi təhsili və yaşlıların təhsili
barədə geniş məlumat verildi.
İxtisasartırma təhsili sahəsində mövcud
vəziyyətlə müşavirə iştirakçılarını tanış edən
təhsil naziri bildirdi ki, 26 mart 2004-cü il
tarixli, 245 saylı əmrlə "Müəllimlərin
ixtisasartırma təhsilinə olan tələbatının
qabaqcadan öyrənilməsi mexanizmi" təsdiq
edilmişdir. Həmin mexanizmə görə müəllimlərin
ixtisasartırmaya olan tələbatının öyrənilməsi
bir neçə mərhələdən - dərslərin dinlənilməsi və
müzakirəsindən; anket sorğularının
aparılmasından; müəllimin
özünüqiymətləndirməsindən; məktəb rəhbərliyi
tərəfindən şagirdlərin bilik səviyyəsinin
monitorinqindən və fənn metodbirləşmələri ilə
müsahibələrin aparılmasından ibarətdir. Bütün
bunlara əsasən müəllimin ixtisasartırma
təhsilinə olan tələbatı müəyyənləşdirilir,
ümumiləşdirilir və sifarişlər şəklində
formalaşdırılaraq şəbəkəyə daxil olan müvafiq
ixtisasartırma müəssisələrinə göndərilir. Həmin
müəssisələr, öz növbəsində, hər bir tələbata
uyğun tədris plan və proqramları hazırlayıb
sifarişçiyə təklif edir. Beləliklə, hər bir
müəllim öz tələbatını ödəyən ixtisasartırma
təhsili almaq imkanı əldə edir.
İxtisasartırma təhsili sahəsində mövcud
vəziyyəti ətraflı təhlil edən nazir Misir
Mərdanov 2009-cu ilin mayında respublikanın
bütün ixtisasartırma təhsili müəssisələrində
monitorinqin aparıldığını və həmin monitorinqin
nəticələrinin Təhsil Nazirliyinin 24 oktyabr
2009-cu il tarixli kollegiya iclasında müzakirə
edildiyini və ixtisasartırma təhsili sahəsində
yeni modelin tətbiqinə keçməklə əlaqədar qərar
qəbul edildiyini söylədi.
Nazir qeyd etdi ki, ixtisasartırma təhsili ali,
orta ixtisas və ilk peşə-ixtisas təhsili
pillələrinin hər hansı birini bitirmək haqqında
dövlət sənədi olan kadrların fasiləsiz təhsil
almaq imkanını təmin etmək məqsədi ilə əlavə
təhsil müəssisələri tərəfindən həyata keçirilən
təhsil növüdür. İxtisasartırma təhsilinin əsas
məqsədi hər bir işçinin və ya mütəxəssisin
ixtisası üzrə intellektual və peşə hazırlığı
səviyyəsinin yüksəldilməsini və
təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən
əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin
sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal və səmərəli iştirakını təmin etməkdir. Ali,
orta ixtisas və ilk peşə-ixtisas təhsili
pillələrinin hər hansı birini bitirmələri
haqqında dövlət sənədi olan kadrlar bir
ixtisasartırma dövründə müəyyən edilmiş minimum
ixtisasartırma təhsilində iştirak etməlidirlər.
İxtisasartırma təhsili əyani və distant
(məsafədən) formada həyata keçirilə bilər.
Qaydalarda modul-kredit sisteminə əsaslanan
ixtisasartırma təhsilinin tətbiqi nəzərdə
tutulub. Modul-kredit sistemi ixtisasartırma
təhsilinin 3 modul üzrə təşkilini nəzərdə tutur.
I Modul: təhsilin ümumi əsasları (pedaqoji,
psixoloji məsələlər, təhsil sistemi, təhsilin
əsasları, təhsilin idarə olunması, təhsilin
iqtisadiyyatı və maliyyələşməsi və s.); II
Modul: ixtisas sahələri (ixtisas üzrə
yeniliklər, kurikulum, tədris metodikaları,
müasir təlim strategiyaları, qiymətləndirmə
mexanizmləri); III Modul: təhsildə innovasiyalar
və yeni tendensiyalar (İKT, xarici dil,
inklüzivlik, gender məsələsi və s.).
İxtisasartırma təhsili krediti müəyyən
ixtisasartırma proqramının həcmini və məzmununu
əks etdirən və ədədlə ifadə olunan şərti
anlayışdır. İxtisasartırma təhsili üzrə bir
təhsil krediti proqramın 6 təlim saatına bərabər
tutulur. Hər bir modul üzrə toplanan kreditlərin
minimum həddi ixtisasartırmanın kurikulum
çərçivəsi ilə müəyyən edilir. Ayrı-ayrı
kateqoriyadan olan rəhbər və pedaqoji kadrlar
üçün hər bir modul üzrə toplanan kreditlərin
minimum həddi müxtəlif ola bilər.
Yeni ixtisasartırma modelinin üstünlüklərindən
söz açan təhsil naziri onları iştirakçıların
diqqətinə çatdırdı. Nazir daha sonra
yenidənhazırlanma təhsili barədə danışdı. Qeyd
edildi ki, yenidənhazırlanma təhsili ilkin baza
təhsili proqramları ilə yenidən əldə ediləcək
ixtisasın baza təhsili proqramı arasındakı
fərqin bir tədris ilinə hesablanmış saatdan çox
olmaması şərtilə mütəxəssislərə verilən əlavə
təhsildir. Proqramlar arasındakı fərq
yenidənhazırlanma təhsili verən müəssisə
tərəfindən müəyyən edilir.
Yenidənhazırlanma təhsili sahəsində mövcud
vəziyyətə də toxunan təhsil naziri bununla bağlı
müşavirə iştirakçılarına geniş məlumat verdi.
Məruzə-təqdimatda həmçinin əlavə təhsilin digər
əsas istiqamətləri - stajkeçmə təhsili;
kadrların təkmilləşdirilməsi təhsili; təkrar ali
təhsil; təkrar orta ixtisas təhsili; dərəcələrin
yüksəldilməsi təhsili və yaşlıların təhsili ilə
bağlı məsələlər ayrı-ayrılıqda geniş şərh
olundu, mövcud vəziyyət təhlil edildi və əlavə
təhsilin hər bir istiqaməti üzrə hazırlanmış
xüsusi cədvəllər müşavirə iştirakçılarının
diqqətinə çatdırıldı.
Nazir Misir Mərdanov yeni qaydaların tətbiqi ilə
əlaqədar hazırlanmış sənədlər barədə də ətraflı
söz açdı. Verilən məlumatdan aydın oldu ki,
əlavə təhsil proqramlarının qiymətləndirilməsi
prosesinin tənzimlənməsi qaydaları;
ixtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsi və lisenziyalaşdırılması
mexanizmi; ümumtəhsil məktəbləri və məktəbəqədər
təhsil müəssisələrinin pedaqoji kadrlar üçün bir
ixtisasartırma dövrünü və bu dövr üçün
ixtisasartırma təhsilinin minimum həddini
müəyyən edən kurikulum çərçivələri hazırlanıb.
Daha sonra qaydanın tətbiqi ilə əlaqədar
hazırlanması tələb olunan digər sənədlər
müşavirə iştirakçılarının nəzərinə çatdırıldı.
Geniş və ətraflı məruzə- təqdimatının sonunda
nazir Misir Mərdanov müzakirə olunan məsələnin
olduqca vacib və mühüm əhəmiyyət kəsb etdiyini
deyərək, əlavə təhsil üzrə yeni qaydanın tətbiqi
ilə əlaqədar ali, orta ixtisas və əlavə təhsil
müəssisələrinin, rayon (şəhər) təhsil şöbələri
(idarələri), nazirliyin birbaşa tabeliyində olan
təhsil müəssisələrinin, Təhsil Nazirliyinin,
Təhsil Problemləri İnstitutunun və onun
nəzdindəki Təhsildə Tətbiqi Tədqiqatlar Mərkəzi
və Kurikulum Mərkəzinin qarşısında duran
vəzifələrə toxundu.Həmin istiqamətdə görülməsi
vacib olan işlərdən danışdı.
Sonda nazir Misir Mərdanov müşavirə
iştirakçılarına bu işin həyata keçirilməsində
daha məsuliyyətli olmağı və tələbkarlıq
göstərməyi tövsiyə etdi.
Geniş diskussiya şəraitində keçən müşavirədə
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev, Strateji
təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri Fərzəli Qədirov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rektoru Yusif
Məmmədov, Azad Müəllimlər Birliyinin sədri
Məlahət Mürşüdlü, Azərbaycan Müəllimlər
İnstitutunun prorektoru Rahim Əzizov, Lənkəran
Dövlət Universitetinin rektoru Asəf İsgəndərov
çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz
fikir və mülahizələrini söylədilər.
Samirə KƏRİMOVA |