Noyabrın 22-dən 25-dək Azərbaycan Dövlət Neft
Akademiyasında bu ali təhsil ocağının 90 illik
yubileyinə həsr olunmuş "Neft-qaz, neft emalı və
neft-kimya" mövzusunda beynəlxalq elmi konfrans
keçirilib. Konfransda ölkəmizin müxtəlif təhsil
və elm ocaqlarının nümayəndələri ilə yanaşı
Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Rumıniya,
Ekvador və Çin Xalq Respublikasından gəlmiş alim
və mütəxəssislər iştirak edirdilər.
Elmi
konfransın noyabrın 22-də keçirilən plenar
iclasını təşkilat komitəsinin sədri, ADNA-nın
rektoru, akademik Siyavuş Qarayev açaraq
qonaqları və nümayəndələri salamladı, forumun
işində onlara uğurlar arzuladı.
Rektor S.Qarayev Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin ADNA-nın 90
illik yubileyinin keçirilməsi, habelə yubiley
münasibəti ilə akademiyanın 66 əməkdaşının
dövlətimizin ən yüksək mükafatları və fəxri
adları ilə təltif edilməsi barədə imzaladığı
sərəncamları ölkə rəhbərliyinin bu ali məktəbə
və ümumiyyətlə, təhsil sisteminə göstərdiyi
diqqət və qayğı kimi qiymətləndirdiklərini
söylədi. Hər bir konfransın müəyyən bir müddət
ərzində görülmüş elmi işlərin nəticəsi haqqında
hesabat olduğunu vurğulayan rektor yubiley
konfransının da bu baxımdan əldə olunmuş elmi
nailiyyətlərin nümayişinə həsr olunduğunu dedi
və əmin olduğunu bildirdi ki, konfrans yeni
əlaqələr qurmaq, informasiya mübadiləsi üçün
imkan yaradacaq, dinamik inkişaf yolunda olan
Azərbaycanın dünya iqtisadi sistemində rolu və
yeri haqqında təəssüratlar formalaşdıracaqdır.
Sonra təbrik üçün söz Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanova verildi. Təbrik
çıxışına konfrans iştirakçılarını və qonaqları
salamlamaqla başlayan təhsil naziri çox böyük
bir bayrama toplaşdıqlarını qeyd edib ADNA-nın
90 illiyini Azərbaycan tarixinin ən böyük
yubileylərinin biri kimi qiymətləndirdi. Yubiley
ərəfəsində ADNA-nın bir qrup əməkdaşı tərəfindən
bu ali təhsil ocağının zəngin tarixini özündə
əks etdirən çox mükəmməl bir kitab
hazırlandığını diqqətə çatdıran nazir həmin
kitabın çap olunmasında əməyi olanlara
minnətdarlığını bildirdi.
Təhsil
naziri ölkə Prezidentinin ADNA-nın 90 illik
yubileyinin keçirilməsi ilə bağlı sərəncamına
əsasən yubilyar təhsil ocağında ciddi quruculuq,
abadlıq və təmir işləri aparıldığını qeyd edərək
Prezidentin bir neçə gün öncə imzaladığı
sərəncamlarla akademiyanın çoxsaylı professor və
müəllimlərinə fəxri adların, mükafatların
verilməsini ölkə başçısının bu mötəbər elm və
təhsil müəssisəsinə qayğısının nəticəsi kimi
dəyərləndirdi, öz adından və akademiyanın
kollektivi adından Azərbaycan dövlətinin
başçısına minnətdarlığını bildirdi.
Nazir çıxışının sonunda yubiley münasibətilə
akademiyanın kollektivini, təltif olunanları bir
daha təbrik edib, onlara cansağlığı və
fəaliyyətlərində daha böyük uğurlar arzuladı.
Plenar iclasda ADNA-nın Geoloji kəşfiyyat
fakültəsinin 1956-cı il məzunu, AMEA Geologiya
İnstitutunun direktoru, akademik Akif Əlizadə,
Kimya-texnologiya fakültəsinin 1980-ci il
məzunu, Azərbaycan Dövlət Neft Şirkətinin
vitse-prezidenti David Məmmədov, Almaniyanın
Köln Tətbiqi Elmlər Universitetinin professoru
Reza Talebi-Daryani və başqaları çıxış edərək
yubiley münasibəti ilə akademiyanın kollektivini
təbrik etdilər, akademiyanın ölkəmizdə, habelə
bir sıra xarici dövlətlərdə neft-kimya
sənayesinin inkişafındakı rolundan, burada
aparılan yüksək səviyyəli tədris-təlim
işlərindən, elmi axtarışlardan, akademiyanın
xarici ölkələrin ali məktəbləri ilə səmərəli
əməkdaşlıq əlaqələrindən söz açdılar.
Plenar iclasdan sonra elmi konfrans öz işini
bölmələrdə davam etdirdi. 4 gün ərzində 7 bölmə
üzrə 250-dən çox məruzə dinlənilərək müzakirə
olundu. Konfrans noyabrın 25-də öz işini başa
çatdırdı.
Yusif ƏLİYEV |