2003-cü ildən 2007-ci ilədək Bakıda "Ortaq Türk
keçmişindən ortaq Türk gələcəyinə" Uluslararası
folklor konfransı keçirilmişdi. İkiillik
fasilədən sonra bu mötəbər tədbir yenidən 25
noyabrda Bakıda öz işinə başlayıb. İkigünlük
konfrans Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutu ilə KKTC Doğu Akdeniz
Universitetinin birgə tədbiridir.
"Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə"
VI Uluslararası folklor konfransı Azərbaycan
MEA-nın Rəyasət Heyətinin iclas salonunda
başlayıb. "Türk epik ənənəsində dastan"
məsələsinə həsr olunmuş elmi məclisdə türk
xalqlarının folklorunu və folklorşünaslığın
aktual problemlərini tədqiq edən Azərbaycan
alimləri və dünyanın müxtəlif məkanlarında
araşdırma aparan mütəxəssislər iştirak edirlər.
Tədbir iştirakçıları Türkiyə, Şimali Kipr Türk
Respublikası, Qazaxıstan, İran, Rusiya,
Türkmənistan, Gürcüstan və Ukraynadan gəlmiş
tədqiqatçıların dəyərli məruzə və çıxışlarını
maraqla qarşılayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor
İnstitutunun mətbuat xidmətinin məlumatına görə,
problematikası ilə elmi ictimaiyyətin diqqətini
cəlb etmiş konfransa elm adamları, KİV
nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin
Azərbaycandakı diplomatik nümayəndəliklərinin
əməkdaşları da qatılmışlar. |