Məmmədov
Kazım Ərşad oğlu
1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun
Böyük Mərcanlı kəndində anadan olmuşdu. 1986-cı
ildə kəndlərindəki orta məktəbi bitirmiş, elə
həmın il Gəncə İnşaat Texnikumuna daxil olmuşdu.
1988-ci ildə ordu sıralarına çağırılmışdı. Hərbi
xidmətini Çelyabinsk şəhərində yerinə yetirmiş,
1990-cı ildə ordudan tərxis olunmuşdu. Sonra
yarımçıq qalmış təhsilini davam etdirmişdi.
Kazım 1991-ci ildə Cəbrayıl rayon DİŞ-də
post-patrul xidmətində işə qəbul olunmuş və tez
bir zamanda cəbhəyə yollanmışdı. O, Zamzur
kəndindəki dinc əhalinin təhlükəsizliyini təmin
etmişdi. 1991-ci il noyabrın 15-də ermənilər
Zamzur kəndinə hücuma keçərkən Kazım yaşayış
yerlərinin birində müdafiə mövqeyi seçmişdi.
Döyüşdə ermənilər xeyli canlı qüvvə itirsə də,
Kazımın yerləşdiyi evi yandırmağa nail olmuşlar.
Kiçik çavuş K.Məmmədov elə həmin döyüşdə düşmənə
təslim olmadan qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Məmmədov Kazım Ərşad oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Böyük Mərcanlı kəndində dəfn olunub. Təhsil
aldığı məktəb onun adını daşıyır. Məktəbin
önündə büstü qoyulub. Adına üç mükafat təsis
edilib.
Məmmədov
Mövsüm Şahin oğlu
1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar
kəndində anadan olmuşdur. Rayonun Canhəsən kənd
ibtidai məktəbini bitirdikdən sonra orta
təhsilini 1984-cü ildə doğma kəndlərində başa
çatdırmışdır. Mövsüm 1985-ci ildə ordu
sıralarına əsgəri xidmətə çağırılmışdır. 1987-ci
ildə hərbi xidmətini müvəffəqiyyətlə başa
çatdıraraq, ordudan tərxis olunub Vətənə
dönmüşdür. O, əmək fəaliyyətinə Şuşa Elektrik
Şəbəkəsi Birliyində başlamışdır. 1990-cı ildən
həyatını daxili işlər orqanlarına bağlamışdır.
1992-1993-cü illərdə doğma Azərbaycanımızın
ayrılmaz bir hissəsi olan Qarabağda erməni
işğalçılarına qarşı gedən ağır döyüş
əməliyyatlarında bacarıqlı bir polis işçisi kimi
fəal iştirak etmişdir. M.Məmmədov 1994-cü ildə
Şuşa Rayon Polis Şöbəsinin post-patrul xidməti
bölüyünə komandir təyin edilmişdir. 1995-ci ildə
PPX-in komandiri vəzifəsinə irəli çəkilmişdir.
1998-ci ildə DİN-in Polis Akademiyasını
bitirmişdir. Şuşa Rayon Polis Şöbəsinin xidmət
üzrə rəis müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral
1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə
Məmmədov Mövsüm Şahin oğlu Azərbaycanin Milli
Qəhrəmanı adına layiq görülüb.
Ailəlidir.
Məmmədov
Natiq Bəşir oğlu
1975-ci il mayın 11-də Zaqatala rayonunun Əli
Bayramlı kəndində anadan olmuşdu. 1990-cı ildə
kəndlərindəki orta məktəbin səkkizinci sinfini
bitirdikdən sonra təhsilini Qax rayonundakı 3
nömrəli Texniki Peşə Məktəbində davam etdirərək
mexanizator peşəsinə yiyələnmişdi. 1993-cü il
mayın 13-də Zaqatala rayon Hərbi Komissarlığı
tərəfindən ordu sıralarına çağırılmışdı.
Seyfəlidə təlim keçən Natiqin döyüş yolu Ağdam,
Füzuli, Tərtər bölgələrindən keçmişdi. O, bu
döyüş bölgələrində komandirləri tərəfindən ona
verilmiş hər bir tapşırığı xüsusi peşəkarlıqla
yerinə yetirərək erməni işğalçılarına qarşı
fədakarlıqla mübarizə aparmışdı. 1994-cü il
oktyabrın 4-də bacarıqlı bir əsgər kimi xüsusi
təyinatlı dəstənin tərkibində Gəncə şəhərinə
göndərilmişdi.
N.Məmmədov həmin vaxt Gəncədəki qiyamın
yatırılmasında fəal iştirak edərək vəzifə
borcunu yerinə yetirərkən qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr
1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə
Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn
olunub. Əli Bayramlı kəndindəki uşaq bağçası
onun adını daşıyır.
Məmmədov
Nizami Murad oğlu
1958-ci il yanvarın 12-də Xankəndi şəhərində
anadan olmuşdu. N.Gəncəvi adına 4 nömrəli şəhər
orta məktəbini bitirdikdən sonra 1975-1977-ci
illərdə İrkutsk vilayətində hərbi xidmətdə
olmuşdu. Əsgəri xidmətini başa çatdıraraq
əvvəlcə Xankəndi Şəhər Yaşıllaşdırma İdarəsində,
sonra isə Qarabağ İpək Kombinatında çalışmışdı.
Bir müddət sonra arzusunu reallaşdırmaq üçün
Bakı Xüsusi Milis Məktəbinə daxil olmuş və oranı
bitirərək Xankəndi Şəhər Polis Şöbəsində
növbətçi köməkçisi işləməyə başlamışdı. O,
Xankəndində milli münasibətlər gərginləşən zaman
Şuşa RPŞ-nə göndərilmişdi. 1988-1989-cu illərdə
erməni işğalçılarının ölkəmizə təcavüzü zamanı
Nizami Kərkicahan, Qaybalı kəndlərində yerləşən
özünümüdafiə dəstələrinə silah-sursat
çatdırılmasına kömək etmişdi. Malıbəyli,
Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə
vuruşmuşdu.
N.Məmmədov 1992-ci il martın 29-da Şuşa Şəhər
Polis Şöbəsinin bombalanması zamanı həlak olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Məmmədov Nizami Murad oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bərdə rayonunun Dəymədağlı kəndində dəfn
olunub.
Məmmədov
Sahil Ələmdar oğlu
1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın
Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (
Nizami) kəndində anadan olmuşdur. Altı yaşından
Bakı şəhərinə gəlmişdir. 1981-ci ildə Bakıxanov
qəsəbəsindəki 96 nömrəli orta məktəbi
bitirmişdir. 1982-ci ildə hərbi xidmətə
çağırılmışdır. O, 1983-cü ildə Moskva
vilayətinin Krasnoqorsk şəhərində xidmət edərkən
hərbi rəhbərliyin göndərişi ilə SSRİ DİN-in
Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə
daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna
Respublikasının Çerniqov, sonra isə Kiyev
şəhərlərinə göndərilmişdir. 1991-ci ilin
oktyabrında sovet ordusu sıralarından tərxis
olunmuşdur. 1992-ci il yanvarın 2-də Azərbaycan
Respublikası DİN-in Daxili Qoşunlar İdarəsinin
hərbi polis alayında rota komandirinin müavini
kimi fəaliyyətə başlamışdır. Daha sonra o,
Ağkənd, Dərəli, Qazançı kəndlərində zastava
rəisi təyin edilmişdir.
Polkovnik-leytenant S.Məmmədov 1994-cü ildən
DİN-in Pasport, Viza və Qeydiyyat İdarəsində baş
inspektor vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Məmmədov Sahil Ələmdar oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Ailəlidir.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |