Şimal-Şərqi Azərbaycan digər etnoqrafik
bölgələrdən bununla fərqlənir ki, bu bölgədə
başqa rayonlarda rast gəlinməyən etnoslar
məskunlaşıblar, yaxud başqa yerlərdə nadir
hallarda rast gəlinən etnoslar bu yerdə tarixin
müxtəlif zamanlarında yurd-yuva salıblar.
Bu məskunlaşma "maddi mədəniyyətlərdə spesifik
xüsusiyyətlərin təsirini xeyli dərəcədə
gücləndirmiş, etnik özünəməxsusluğun izlərini
kifayət qədər möhkəm qoruyub saxlamışdır".
Şimal-Şərqi Azərbaycan ərazisinin tarixi
mədəniyyət nümunələrinin hərtərəfli öyrənilməsi
ona görə aktualdır ki, burada "müxtəlif etnik
köklərdən baş alıb gələn mədəniyyət ünsürlərinin
qarşılıqlı təmas və təsiri nəticəsində...Emaddi
mədəniyyətin sintezi baş vermiş, mədəni-tarixi
qovuşma prosesi getmişdir". Bu məsələləri
dissertasiya şəklində araşdırmış tarix elmləri
namizədi, dosent Əmirxan İsayev geniş
ictimaiyyətin, tarix fakültəsi tələbələri və
magistrantların ehtiyacını nəzərə alaraq 16 çap
vərəqi həcmində "Şimal-Şərqi Azərbaycanın maddi
mədəniyyəti" (tarixi-etnoqrafik tədqiqat) adlı
monoqrafiya (Bakı-2010) nəşr etdirmişdir. (Elmi
redaktorlar tarix elmləri doktorları,
professorlar Ş.Səlimov və N.Quliyeva, rəyçilər
tarix elmləri namizədləri, dosentlər N.Cəfərov
və K.Məmmədovdur).
Kitabın girişində müəllif mövzunun aktuallığını
əsaslandırmış, bu sahədəki araşdırmalara
münasibətini bildirmişdir. Monoqrafiyanın
sonrakı səhifələrində Şimal-Şərqi Azərbaycanın
etnik tarixinə nəzər salınmış, bölgənin müasir
etnik durumu təhlil edilmişdir.
İkinci fəsildə müəllif məskənlər və evlər
məsələsini yaşayış məskənləri, məskunlaşmaya
təsir edən amillər; həyətlər, yaşayış evləri
yarım bölmələrində zəngin faktlar əsasında
təsvir və tədqiq etmişdir. Bu fəsildə daş evlər,
ağac evlər, kərtmə (dərbəndi) evlərdən söhbət
açılmış, təsərrüfat tikililərinə ayrıca
səhifələr həsr olunmuşdur.
Əsərdə maraqla oxunan, zəngin informasiyalı
məsələlər "Geyim və bəzəklər" adlı üçüncü
fəsildə tarixi-etnoqrafik faktlara istinad
edilməklə qələmə alınmışdır.
Dördüncü fəsil yeməklər və içkilər haqqında
tarixi-etnoqrafik mövzuya həsr olunmuşdur.
Monoqrafiya geniş nəticə ilə sona çatır.
Çoxsaylı ədəbiyyatdan istifadə yolu ilə
hazırlanmış kitabın sonunda verilmiş şəkillər
nəzəri-tarixi etnoqrafik materialların dərk
olunmasında əyani faktlar kimi dəyərlidir.
Ş.MƏMMƏDOV |