Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə
məktəbinin yaradıcısı Konfutsi (e.ə. 551-479-cu
illər) əsasən böyük filosof, konfutsizm fəlsəfi
cərəyanının banisi kimi tanınır. Lakin o, həm də
təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni
zamanda təhsilin və pedaqoji fikrin inkişafına
verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk
böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində
Çin müasir bəşər sivilizasiyasında qədim
mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi
tanınır. Çinşünas alimlərin qənaətincə, Konfutsi
təlimi Çinə tarixi və mədəni şüur bəxş edib. Çin
mədəniyyəti üçün yazılı sözün kultu
xarakterikdir. Çin ədəbiyyatı Çinin böyük mənəvi
mədəniyyətinin əsasıdır. Konfutsiyə görə,
ədəbiyyat (ven) yüksək müdrikliyin yüksək
ifadəsidir, qədim mütləq həqiqətlər haqqında
müasirlərə məlumat verən yaxşı sözdür. Kitab
toxunulmaz, müqəddəs bir şeydir.
Konfutsinin
"Keçmişin ardınca getməkdən yaxşı heç nə yoxdur"
tezisinə Çin nümunəsi üzrə tərbiyənin əbədi
devizi kimi baxmaq olar. Çinlilər "Qədim,
möcüzəli daşlardan gələcəyin pillələrini qurun"
çağırışına əməl edərək uşaqlıqdan özlərində öz
xalqının zəngin mənəvi mədəniyyətinin
ənənələrini və irsini tərbiyə edirlər.
Konfutsinin 77-ci nəsildən törəməsi, professor
Kun Teçen yazır: "Konfutsinin pedaqoji təlimi
qədim ənənələrə əsaslanmış və gələcək nəsillər
üçün yol açmışdır. O, təkcə Çinin intellektual
tarixində deyil, həm də bəşər tarixində,
bütövlükdə, dünyada mühüm yer tutur".
Böyük maarifçi və pedaqoq ölümündən sonra artıq
Avropada Konfutsi kimi tanınırdı. Konfutsi "Kun
müəllim" mənasını verən Kun Futszi adının
latınlaşdırılmış şəklidir. Kun nəslin soyadıdır.
Konfutsinin əsil adı Tsyudur ki, bu da tərcümədə
"təpə" deməkdir.
Konfutsi eramızdan əvvəl 551-ci ildə Lu
çarlığında anadan olmuşdur. Lu o vaxtlar
parçalanmış Çinin ən böyük və mədəni cəhətdən ən
inkişaf etmiş çarlıqlarından biri idi.
Konfutsi yoxsullaşmış aristokrat ailəsindən
çıxmışdır. Onun atası Şu Lyan-xe Konfutsi 3
yaşında olarkən dünyasını dəyişmişdir. Atasının
ölümündən sonra o, anası Yan Çjen-Tszay ilə
birlikdə Lu çarlığının paytaxtı Tsyuyfu şəhərinə
köçmüşdür. Onun tərbiyəsi ilə anası məşğul
olmuşdur. Maddi vəziyyətinin çətinliyinə
baxmayaraq, anası oğluna yaxşı təhsil verməyə
çalışmışdır.
Hələ uşaqlıq illərində Konfutsi sözəbaxan
olması, böyüklərə ehtiram göstərməsi ilə
fərqlənirmiş və yaşına görə çox ağıllı,
dərrakəli, mühakiməli imiş. O, xalq
adət-ənənələrinə, mərasimlərinə böyük maraq
göstərir və qədim kitablara, biliklərə hörmətlə
yanaşırmış, 7 yaşı olanda anası onu oxumaq üçün
məktəbə qoyur. Burada o, Çjun Ni adını daşıyır.
Məktəbdə çalışqanlığı, təhsildə uğurları və
ciddiliyi ilə yaşıdlarını arxada qoyur və buna
görə də öz müəlliminin köməkçisi təyin olunur.
Konfutsi 17 yaşında olarkən anası vəfat edir. 19
yaşında o, ailə qurur və bir ildən sonra oğlu
dünyaya gəlir. Onu Li adlandırırlar.
Konfutsi gənclikdə məmur işləmişdir. Lakin
dövlət qulluğuna alışmadığından tezliklə
istefaya çıxmışdır. Onun yüksək mənəvi
keyfiyyətləri praktik həyatın reallıqları ilə
yazılmadığından bu onu siyasətdə uğursuzluğa
gətirib çıxarır. O, qərara gəlir ki, özünü
pedaqoji fəaliyyətə həsr etsin və rəvayətə görə,
22 yaşında müəllim olur.
Məhz bu sahədə o, böyük uğurlar qaz
anmışdır. Onun yanına qədim müdrikliklə (hikmət
elmi ilə) maraqlanan adamlar gəlməyə
başlamışdır. Konfutsi heç kimi rədd etməmiş,
təlim üçün hər hansı natural formada haqq ödəyən
hamını qəbul etmişdir. Adətən belə ödəmə forması
rolunda o dövrlərdə qaxac ət bağlaması çıxış
edirdi.
Öz görüşlərini təbliğ etmək məqsədi ilə Konfutsi
şagirdlərinin müşayiəti ilə qədim Çinin müxtəlif
çarlıqlarını gəzib dolaşmış, bu zaman çoxlu
çətinlik və müsibətlərlə üzləşmişdir. Lakin
hökumət tərəfindən dəstək görmədiyindən o, qədim
kilsə kitablarını qaydaya salmaq, öz təlim və
tədrisi ilə məşğul olmaq üçün Vətənə
qayıtmışdır.
O, həyatının böyük hissəsini fərdi müəllimliyə
həsr etmiş və o vaxt əsasən aristokratların
imtiyazı olan təhsilin cəmiyyətin əksər üzvləri
üçün əlçatan olmasına çalışmışdır. O, 3 mindən
çox şagird öyrətmişdir. Onlardan 72-si görkəmli
şəxsiyyətlər olmuşdur. Konfutsi məşhur "Yaz və
payız" qeydlərini tərtib etmiş, "Tarix kitabı",
"Şeir və mahnı kitabı" "Dəyişiklik kitabı" kimi
klassik kitabların redaktoru olmuşdur.
Konfutsinin yaşadığı dövrdə Çin bir sıra
pərakəndə çarlıqlardan (knyazlıqlardan) ibarət
idi: Vey, Lu, U, Tszin, Tsi, Çu və b. İğtişaş
dövrü idi və Konfutsinin dövlət fəaliyyəti ilə
məşğul olmaq cəhdləri onun pozulmuş ədalətli
qaydanı, idarə üsulunu bərpa etmək arzusu ilə
izah edilir.
Knyazların, çinovniklərin müqaviməti ilə
qarşılaşan Konfutsi ideal idarəetmənin necə
olması barədə kitab yazmağı qərara alır. O,
tarixə müraciət edir, ondan siyasətlə,
mənəviyyatla, hökmdarların və təbəələrin
vəzifələri ilə bağlı öz görüşlərini
aydınlaşdıran misallar götürür. Onun əsəri olan
"Yaz və payız" belə meydana gəlir. Həmin əsərdə
"ağıllı idarəetməni və insanların əxlaqının
(davranışının) əsasları" prinsipləri
aydınlaşdırılmışdır.
Konfutsi varlığın ümumi məsələlərinin işlənib
hazırlanması ilə xüsusi məşğul olmamış və
dünyanın və insanın mənşəyi haqqında məsələni
araşdırmağı qarşısına məqsəd qoymamışdır. O, hər
şeydən əvvəl, mərkəzində ailənin, cəmiyyətin
üzvü olan insanın durduğu etik-siyasi təlimin
müəllifidir.
Konfutsi maarifə böyük diqqət yetirmiş,
tədrisin, toplanmış məlumatların dərk
olunmasının əhəmiyyətini xüsusi qeyd etmiş,
insanları praktik fəaliyyətlərində öz
biliklərini əldə rəhbər tutmağa çağırmışdır.
Konfutsi belə hesab edirdi ki, təlim-tədris
prosesində adam daha yaxşı və əxlaqlı olur,
çatışmazlıqlarını və düzgün olmayan
hərəkətlərini düzəltməyə çalışır. O, xalqın
maariflənməsi uğrunda çıxış edir və hesab edirdi
ki, bununla xalqı onun özünün seçə bilmədiyi
düz yolla getməyə vadar etmək olar, ona görə
ki, bu ancaq insanları idarə etmək
qabiliyyətinə malik, öz nümunəsi ilə onları
ardınca apara bilən az adama müyəssər olan
yüksək müdriklikdir. Təhsilli idarəedənlər,
hökmdarlar təbəqəsinin mövcud olmasının
zəruriliyini Konfutsi belə əsaslandırırdı. Bu
zaman o, təlimi humanitar fənlərlə
məhdudlaşdırır və əmək vərdişlərinin
qazanılmasına qətiyyən əhəmiyyət vermirdi.
Konfutsi belə hesab edirdi ki, ədəb qaydaları
insanın əxlaqının, davranışının əsasını təşkil
edir və ona görə də o, adamları hər şeydən öncə
əxlaq nöqteyi-nəzərindən qiymətləndirirdi. Onun
fikrincə, bütün adamlar öz təbiəti etibarilə
bir-birlərinə yaxındır. Lakin onlara müxtəlif
vərdişlər xasdır. Bəziləri yaxşı, mehriban və
əxlaqlıdır, digərləri pis, yaramaz və qəddardır.
Yüksək məziyyətlərə malik adamları Konfutsi
"Alicənab ərlər" adlandırır və bu
keyfiyyətlərdən məhrum olan "miskin adamları"
onlara qarşı qoyurdu. O hesab edirdi ki,
alicənab adamlar daim özlərini təkmilləşdirməli,
öz səhvlərini düzəltməli, ideal qaydaları və ya
əxlaq normalarını gözləməlidir.
Konfutsi insanın hökmən yiyələnməli olduğu iki
məziyyəti xüsusi qeyd edirdi: borc (və ya
ədalətlilik) və insanpərvərlik (və ya
insansevərlik).
Borc - insanı hər bir halda əxlaqlı davranmağa
sövq edən daxili təmənnasız niyyətdir. Borc
hökmdarla təbəələri arasındakı münasibətləri
tənzimləyir, insanlara ictimai qaydaları
pozmamağı aşılayır.
İnsanpərvərlik - insanlara sevgidir.
"Başqalarına özünə olduğu kimi baxmaq
vəziyyətində olmaq - bax bunu humanizm
incəsənəti adlandırmaq olar". "Özünə
arzulamadığını başqalarına da etmə", - deyə o
qeyd edirdi. Konfutsinin anlamında bu keyfiyyət
bütün məziyyətlərin cəmidir: "Özünə qalib gəlmək
və "əxlaq normalarına" qayıtmaq - deməli,
humanist insan olmaqdır".
Konfutsi və onun ardıcılları belə hesab
edirdilər ki, birinci növbədə, öz qohumlarını
sevmək lazımdır. Sonra isə artıq digərlərini.
Buna görə də oğulluq ehtiramı (hörməti) və
qardaş məhəbbətinə onlar tərəfindən
insanpərvərlik anlayışının vacib tərəfləri kimi
baxılırdı. Uşaqlar sözəbaxan olmalı və
valideynlərinə hörmət etməlidirlər, valideynlər
də, öz növbəsində, uşaqları sevməli, onlara
münasibətdə yumşaqlıq (iltifat) rəhimdillik
nümayiş etdirməlidirlər, kiçik qardaşlar böyük
qardaşlara xidmət etməlidirlər. Yalnız nümunəvi
oğul və qardaş yaxşı təbəə ola bilər. Dostlar
arasındakı münasibətlərdə açıqlıq (saflıq) və
düzlük vacibdir. Onda dostluq onları
nəcibləşdirir, yüksəldir və biliklər əldə etməyə
və əxlaqını təkmilləşməyə kömək edir.
Konfutsinin etik-siyasi təlimində əsas
prinsiplər "Jen (insanpərvərlik, insanlıq) və
"li" (normalar, əxlaq qaydaları) tərbiyə və
təlimlə ən sıx şəkildə bağlıdır. 2500 illik
tarixi olan Konfutsi təliminin əbədiyaşarlığının
əsas səbəbi də bundan qaynaqlanır. Bundan başqa,
tədqiqatçıların qənaətinə görə, Konfutsi elə
çoxsaylı və mötəbər bir pedaqoji məktəb
yaratmışdı ki, onun vəziyyəti məhz Konfutsi
ənənələrinin özəyini əxlaqi kamilləşmə və
mədəniyyətin simvolik dil dəyərləri təşkil
etdiyindən qədim Çin cəmiyyətindəki siyasi
mübarizələrin gözlənilməz təsirlərindən, demək
olar ki, asılı olmamışdır. Şəxsi meyil və
istəklərinin necə olmasına baxmayaraq, Çin
hökmdarlarının heç biri mədəniyyətdən və əxlaq
tərbiyəsindən yüksəkdə duran siyasət və
ideologiya ortaya qoya bilməmişdir. Məhz buna
görə də Konfutsi irsini rədd etmək cəhdləri
həmişə uğursuzluqla nəticələnmişdir. Belə
cəhdlərdən biri ilk Çin imperatoru Tsin
Şixuandinin çarlığı vaxtında olmuş və sülalənin
süqutu ilə nəticələnmişdir. Son dəfə Konfutsi
təlimini "mədəni inqilab" dövründə Mao-Tsezedun
"basdırmağa" cəhd etmişdir.
2500 il ərzində çinlilər əmin olmuşlar ki,
onların vətəni şəraitində Konfutsi təlimi
ölməzdir, çünki doğrudur.
Konfutsi hesab edirdi ki, tərbiyə və təhsil
insan üçün mövcud olmaqdan ötrü maddi vəsaitlər
əldə etmək qədər zəruridir. Konfutsinin
şagirdləri ilə söhbətlərinin qeydlərindən ibarət
olan "Lun yuy" ("Söhbətlər və mülahizələr")
kitabında belə bir hadisə nəql olunur. Bir dəfə
Konfutsi özünün tələbələrindən Jan Yu adlı
birisi ilə Vey çarlığına gəlir. Konfutsi
yetirməsindən soruşur ki, olduqları yerdə nə
qədər adam yaşayır. Jan Yu cavab verir ki,
əhalisi o qədər sürətlə artır ki, məlum deyil
sonra necə olacaq. Konfutsi deyir: "onu
zənginləşdirin", "Biz onu zənginləşdirdik, bəs
sonra nə etmək lazımdır", - deyə şagirdi
soruşur. "Onu tərbiyə edin", - deyə Konfutsi
cavab verir.
Bununla əlaqədar Çin pedaqogika tarixçiləri qeyd
edirlər ki, Konfutsi burada özünün, bir növ: "Şu
- fu -tszyao" formulunu (xalq - zənginlik -
tərbiyə) söyləmişdir. Başqa sözlə, insanlar
əvvəlcə tox olmalı və geyinməli, yaşayış
minimumuna malik olmalı, bundan sonra onların
tərbiyəsi həyata keçirilməlidir.
Konfutsi belə hesab edirdi ki, hökmdarlar xalqın
maariflənməsi üçün çalışmalıdırlar. Bunun üçün
məktəb və digər təlim-tərbiyə müəssisələrinin
şəbəkəsini genişləndirmək lazımdır.
O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı
çıxmış və Çində sosial vəziyyətindən asılı
olmayaraq bütün insanların daxil ola biləcəyi
ilk xüsusi məktəb yaratmışdır. O deyirmiş ki,
"təlimdə insanlar arasında fərq olmamalıdır".
Konfutsi öz məktəbini Lu çarlığının paytaxtı
Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində
yaratmışdı. Məktəb öz ölçülərinə görə böyük olub
iki binadan ibarət idi: "Tan" adlanan yerdə
şagirdlər məşğul olur, "Ney"də yaşayırmışlar.
Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox
sevdiyi ərik ağacının altında keçirilərmiş.
Məktəb özünün "Sin tan" ("ərik mehrabı") adını
da buradan almışdır.
Məktəb böyüklər üçün idi. Konfutsi öz şagirdləri
sırasına sosial mənşəyindən asılı olmayaraq
biliklərə can atanları qəbul edirdi. O deyirdi:
"Əgər adam bilik almaq arzusu ilə yanmırsa, onda
mən onu öyrətməyəcəyəm".
O, öz məktəbində vaxtı və tədris məşğələlərinin
məzmununu reqlamentləşdirmirdi, mühazirələr
oxumurdu, onların biliyini yoxlamırdı. Təlim və
tərbiyə tez-tez evristik xarakter daşıyır,
sərbəst, azad söhbət prosesində baş verirdi.
Konfutsi öz şagirdləri üzərində müşahidələr
aparır, onları öyrənir, daim onlarla kontaktda
olur, hətta səyahət zamanı məşğələlər keçirdi.
Çin xalqının ən yaxşı və öncül ağılları həmişə
Konfutsi təliminin pozitiv tərəflərini
xatırlamış, onun maarifçilik ideyalarını,
insanların həyatına və işlərinə marağını
qiymətləndirmişlər. Konfutsinin biliklərə,
həqiqətə olan davamlı cəhdi, onun humanizmi və
yüksək mənəvi ideallar uğrunda mübarizəyə
çağırışlarının çinlilərin onlarca nəsli üçün
nəhəng tərbiyəvi əhəmiyyəti olmuşdur.
Hazırladı:
Yusif ƏLİYEV |