Naxçıvanda
yaşayan qələm sahibləri təkcə muxtar respublika
və ölkə mətbuatında deyil, xarici mətbuat
səhifələrində də tez-tez öz yazıları ilə çıxış
edirlər. Belə mətbuat orqanlarından biri də
Ankarada nəfis tərtibatla nəşr olunan
"Gümüşkalem" adlı aylıq elm, sənət və ədəbiyyat
dərgisidir. Dərginin bu il nəşr olunan 4, 6, 7
və 8-ci sayları şair Vaqif Məmmədovun
yaradıcılığına geniş yer ayırmışdır. Həmin
saylarda həmyerlimizin ədəbi tərcümeyi-halı ilə
yanaşı, "Vətən sığır ürəyimə", "Azərbaycan",
"Salam, oğuz elləri", "Qış lövhələri" və
"Füzulinin qəbri önündə" şeirləri çap
olunmuşdur.
Dərginin noyabr sayında çap olunmuş, Vaqif
Məmmədovun "Gümüşkalem"in redaktoruna ünvanlanan
məktubunda qədim Azərbaycan torpağı olan
Naxçıvanın Azərbaycan tarixinə Heydər Əliyev
kimi siyasətçilər, Əcəmi Əbubəkroğlu kimi
memarlar, Bəhruz Kəngərli kimi rəssamlar, Cəlil
Məmmədquluzadə, M.S.Ordubadi, Hüseyn Cavid,
Məmməd Araz kimi dahi yazıçı və şairlər, Yusif
Məmmədəliyev kimi elm adamları bəxş etməsindən
bəhs olunur. Jurnalın həmin son sayında
V.Məmmədovun təqdimatında şair Xanəli Kərimlinin
tərcümeyi-halı və fotoşəkli ilə yanaşı,
"Qoşayarpaq misralar" silsiləsindən şeirləri,
naxçıvanlı şairlər Asim Yadigarın və İbrahim
Yusifoğlunun qısa ədəbi tərcümeyi-halları da
dərc olunmuşdur.
Mehriban SULTAN |