Noyabrın 23-də Azərbaycan Dövlət Neft
Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr
olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir.
Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi
olan ADNA 1920-ci ilin noyabrında yaradılmışdır.
Azərbaycan Dövlət Neft Akademiyası fəaliyyəti
dövründə milli təhsilimizin inkişafında xüsusi
rol oynamışdır. Bir çox ali məktəblər məhz
Dövlət Neft Akademiyasının bazasında
yaradılmışdır. Bu gün ADNA-da 53 kafedra, 724
nəfərdən ibarət professor-müəllim heyəti
fəaliyyət göstərir. Bir neçə elmi institutu və
18 elmi-tədqiqat laboratoriyasını birləşdirən
ADNA-da 7539 tələbə təhsil alır. Onlardan 593
nəfəri xarici ölkələrin vətəndaşıdır. İndi bu
təhsil ocağı 24 istiqamət üzrə bakalavr və
magistr pillələrində mütəxəssis hazırlayır.
Bu ilin fevralında Prezident İlham Əliyev
ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin
mütəxəssislərlə təminatı istiqamətində
xidmətlərini nəzərə alaraq, akademiyanın 90
illik yubileyinin yüksək səviyyədə keçirilməsi
ilə bağlı Sərəncam imzalamışdır.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider
Heydər Əliyev lektoriya zalı ilə tanış oldu.
Burada xalqımızın ümummilli liderinin həyat və
fəaliyyətinin bütün dövrləri əks olunmuşdur.
Müxtəlif vaxtlarda çəkilən fotoşəkillər dahi
rəhbərin ölkəmizin həyatının müxtəlif
sahələrinin tərəqqisi, təhsilin, mədəniyyətin və
xüsusilə də neft sənayesinin inkişafı ilə bağlı
həyata keçirdiyi irimiqyaslı işləri dolğun
təcəssüm etdirir.
Akademiyada Prezident İlham Əliyevin və
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata
keçirdikləri böyük işləri əks etdirən
fotoguşələr də yaradılmışdır.
Prezident İlham Əliyev ADNA-nın tarix muzeyi ilə
də tanış oldu. Dövlətimizin başçısının diqqətinə
çatdırıldı ki, muzeydə akademiyanın yaradılması,
inkişaf dövrləri tam əhatə edilmişdir. Burada
Azərbaycan neftinin tarixi, ölkəmizdə neft
sənayesinin inkişafı ilə bağlı hələ XIX əsrdən
bu yana görülən işlər, bir çox alimlərin
Azərbaycanın neft sənayesi ilə bağlı apardığı
tədqiqatları əks etdirən kitablar və sənədlər
nümayiş etdirilir. Akademiyanın həyatını, burada
təhsilin ilkin dövrlərini əks etdirən fotolar və
sənədlər də muzeyə gələnlərdə maraq doğurur.
Muzeyin ən qiymətli eksponatları sırasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin
1939-1941-ci illərdə bu ali təhsil ocağında
oxuduğunu əks etdirən sənədlər diqqəti daha çox
çəkir. Ümummilli lider hər zaman bu ali təhsil
ocağının inkişafını diqqətdə saxlamışdır. Ulu
öndər akademiyanın 60 və 80 illik yubileylərində
iştirak etməklə bu ali təhsil ocağına layiq
olduğu qiyməti vermişdir.
Muzeydə müasir Azərbaycanın neft sənayesində
görülən işlər, ulu öndər Heydər Əliyevin
müəllifi olduğu yeni neft strategiyasının
uğurlarını əks etdirən fotolar da maraq doğurur.
Muzeylə tanışlıqdan sonra dövlət və hökumət
nümayəndələrinin, xaricdən dəvət olunan
qonaqların iştirakı ilə akademiyanın 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
nitq söylədi.
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
Prezident İlham Əliyevin nitqi
-
Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Dövlət Neft Akademiyasının 90
illik yubileyi münasibətilə ürəkdən təbrik
edirəm, akademiyanın bütün professor-müəllim
heyətinə, bütün tələbələrinə uğurlar, cansağlığı
arzulayıram.
Azərbaycan Dövlət Neft Akademiyası ölkəmizin
aparıcı ali məktəblərindən biridir. Akademiyanın
çox böyük və şanlı tarixi vardır. 1920-ci ildə
təsis edilmiş bu ali məktəb bütün dövrlərdə
Azərbaycan elminə, Azərbaycan təhsilinə çox
böyük töhfələr vermişdir. Siz yaxşı bilirsiniz
ki, bu ali məktəbin müxtəlif dövrlərdə müxtəlif
adları olmuşdur. Politexnik İnstitutu kimi təsis
edilmiş, sonra Neft İnstitutu, Sənaye İnstitutu,
Azərbaycan Neft və Kimya İnstitutu və nəhayət,
Azərbaycan Neft Akademiyası adını qazanmışdır.
Ancaq daşıdığı addan asılı olmayaraq, bütün
dövrlərdə akademiyada təhsil alan tələbələr,
onların böyük əksəriyyəti həm Azərbaycanın, həm
Sovet İttifaqının, həm də başqa ölkələrin
neft-qaz sənayesinə böyük töhfələr vermişdir.
Bütün dövrlərdə burada təhsil yüksək səviyyədə
olmuşdur. Dövlət Neft Akademiyası Azərbaycanı
dünyaya tanıdan ali məktəb olmuşdur. Mən çox
şadam ki, bu gün bu gözəl ənənələr yaşayır,
davam etdirilir. Bu gün akademiyada çalışan
insanlar �
professor-müəllim heyəti, görkəmli alimlərimiz
müstəqil Azərbaycanın inkişafına dəyərli
töhfələrini verirlər, müstəqil Azərbaycan üçün
peşəkar kadrlar hazırlayırlar. O kadrlar ki,
uzun illər bundan sonra Azərbaycanın əsas
iqtisadi sahəsi olan neft-qaz sektorunun
inkişafında sözlərini deyəcəklər.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev
Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o
illər həmişə əziz illər kimi onun xatirəsində
qalmışdı. Heydər Əliyev inşaat fakültəsinin
memarlıq bölməsində oxumuşdur və mən yaxşı
bilirəm ki, onun o illərlə bağlı çox əziz
xatirələri var idi. Bəlkə də, gənclik illərinin
ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə
keçirdiyi dövrlə bağlı olmuşdur.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə Neft və Kimya İnstitutunun inkişafına
böyük diqqət göstərmişdir. Həm Sovet İttifaqı
zamanında, həm müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdə akademiyada gedən proseslər daim
onun diqqət mərkəzində olmuşdur. Akademiyanın
əməkdaşları yaxşı xatırlayırlar ki, 10 il bundan
əvvəl akademiyanın 80 illik yubileyində Heydər
Əliyev iştirak etmişdir, ürək sözlərini
bildirmişdir.
Akademiyanın hazırda beynəlxalq əlaqələri də
yüksək səviyyədədir. Mən çox şadam ki, bu gözəl
ənənə davam edir və Sovet İttifaqı zamanında,
təbii ki, mərkəzləşdirilmiş qaydada buraya
xaricdən tələbələr göndərilirdi. Ancaq bu gün
artıq xaricdən olan tələbələrin sayının artması
onu göstərir ki, bu ali məktəbdə təhsil,
həqiqətən, yüksək səviyyədədir. Burada təhsil
almaq üçün gələn xarici tələbələr, əminəm ki,
Azərbaycandan vətənə ən xoş arzularla
qayıdacaqlar. Müxtəlif dövrlərdə burada 10 minə
qədər xarici tələbə təhsil almışdır, onlar
istər-istəməz ömrünün sonuna qədər o illəri
xatırlayacaqlar. Onların həyatının müəyyən
hissəsi Azərbaycanla bağlıdır və əlbəttə ki,
beynəlxalq əlaqələrimizin gələcək inkişafı üçün
bu amil öz rolunu oynayacaqdır.
Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə
çox böyük diqqət göstərilir. Təhsil bizim
gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin
perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf
etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və
görürük ki, o ölkələr, sözün əsl mənasında,
inkişaf edir ki, orada təhsilin səviyyəsi
yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu
sahəyə daim diqqət göstərilsin, praktiki
tədbirlər görülsün, həm təhsil sisteminin
maddi-texniki bazası güclənsin, eyni zamanda və
ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm
orta, həm də ali məktəblərdə bu proses
ardıcıllıqla, vahid sistem şəklində
aparılmalıdır və aparılır.
Bildiyiniz kimi, bizim demək olar ki, bütün ali
məktəblərimizdə maddi-texniki baza
möhkəmlənibdir, təmir, yenidənqurma işləri
aparılıbdır, lazımi avadanlıqlar əldə edilibdir.
Orta məktəblərdə də buna oxşar proseslər gedir.
Son illər ərzində Azərbaycanda iki mindən artıq
məktəb tikilib və əsaslı təmir olunub,
avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz
elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz
gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış
olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini
artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud
olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq
edək. Elə etməliyik ki, təhsil sahəsində bütün
problemlər həllini tapsın. Bildiyiniz kimi,
dövlətin təhsil məsələlərinə olan diqqətini biz,
eyni zamanda, təhsilə ayrılan xərclər ilə də
ölçə bilərik. Bu xərclər ildən-ilə artır və
Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri
hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər
Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox
güman ki, təhsil xərcləri birinci yerdə
olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox
böyük səmərə ilə istifadə etməliyik. Bir daha
demək istəyirəm ki, son illər Azərbaycanda bu
sahədə dərinləşən islahatlar düzgün istiqamətdə
aparılır. Biz bütün dünyada gedən prosesləri
bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul
variantı seçməklə təhsilimizin səviyyəsini
artırmalıyıq.
Bununla bərabər, gənclərimiz, əlbəttə ki, milli
dəyərlər əsasında qurulmuş azərbaycançılıq,
müstəqillik ideologiyaları ilə
dəstəklənməlidirlər. Milli dəyərlərimiz bizim
üçün hər şeydən üstündür. Məhz milli
dəyərlərimiz, ənənələrimiz bizi əsrlər boyu
assimilyasiyadan qorumuşdur. Biz müxtəlif
imperiyaların, ölkələrin tərkibində yaşamışdıq,
müstəqillikdən məhrum idik. Ancaq buna
baxmayaraq, milli identikliyimizi saxlaya,
qoruya bilmişik. Məhz ona görə ki, milli
dəyərlərimizə münasibətimiz həmişə çox yüksək
səviyyədə olmuşdur. Bu gün də gənc nəslin
tərbiyə olunmasında, formalaşmasında və
Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil
ölkə kimi yaşamasında milli dəyərlərə
bağlılığımız müstəsna rol oynayır. Mən çox
istəyirəm ki, bizim bütün ali məktəblərdə
gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz
milli dəyərlərimizi unutmasınlar.
Bu gün biz qloballaşan dünyada yaşayırıq.
Qloballaşmanın həm müsbət, həm də ki mənfi
tərəfləri vardır. Bu barədə artıq açıq danışılır
və bu barədə dünyada gedən diskussiyalar çox
böyük maraq doğurur. Biz, əlbəttə ki, dünya
birliyinin bir parçasıyıq. Azərbaycan müstəqil,
gənc, dinamik və açıq ölkədir. Biz açıq qapılar
siyasəti aparırıq. Ancaq buna baxmayaraq, milli
dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, ana
dilimiz bizim üçün həm dayaqdır, həm əsasdır,
həm də ki, gələcəyə aparan yoldur. Mən çox
istəyirəm və çox şadam ki, gənclərimiz məhz
vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə
alırlar, böyüyürlər və ölkəmiz üçün gələcəkdə
böyük işlər görəcəklər.
Biz elə etməliyik ki, Azərbaycanın uzunmüddətli
inkişaf strategiyasını icra edək. Bu
strategiyanın müxtəlif istiqamətləri vardır. İlk
növbədə, Azərbaycan bu gün müstəqil ölkə kimi
tam formalaşıbdır. Mən hesab edirəm ki, biz bir
neçə il bundan əvvəl, artıq keçid dövrümüzü başa
vurmuşuq. Bu gün artıq Azərbaycan keçid dövrünü
yaşayan ölkə deyil və bu, bizim uğurumuzdur. Biz
bir ictimai-siyasi quruluşdan başqa
ictimai-siyasi quruluşa çox böyük sürətlə və
uğurla keçə bilmişik.
Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi
cəhətdən müstəqil, azad, açıq, öz resurslarına
güvənən ölkədir. Bizim iqtisadi uğurlarımız
siyasi uğurlarımızı dəstəkləyir və siyasi
təşəbbüslərin irəli sürülməsi üçün böyük
dayaqdır. Ona görə, iqtisadi potensialın
gücləndirilməsinə yönəldilmiş addımlar, eyni
zamanda, Azərbaycanın müstəqilliyini gücləndirən
amillərdir.
Bu gün Azərbaycanın iqtisadiyyatı çoxşaxəli
iqtisadiyyatdır. Keçən il başlanan və hələ də
dünyada davam edən iqtisadi böhran bunu bir daha
göstərmişdir. Biz bu böhrandan şərəflə çıxa
bilmişik. Bu ağır sınaqdan ona görə şərəflə çıxa
bilmişik ki, iqtisadiyyatımız düzgün əsaslar
üzərində qurulubdur.
Mən Azərbaycanın uzunmüddətli inkişaf
perspektivlərini çox böyük nikbinliklə qeyd
edirəm. Biz hər beş il üçün strateji xətt
əsasında müvafiq planlar, proqramlar tərtib
edirik. Onların hamısı artıqlaması ilə icra
edilir. Bizim böyük təbii resurslarımız vardır.
Əlbəttə ki, bu da imkanlarımızı artırır. Ancaq
dünyada təbii resurslarla zəngin olan bir çox
ölkələr var ki, orada bu resurslar heç də hər
zaman uğur gətirmir, uğurun əldə olunması üçün
şərait yaratmır. Əksinə, varlılarla kasıblar
arasında fərq daha da böyüyür. Biz, əlbəttə ki,
neft strategiyamızı və iqtisadi
prioritetlərimizi müəyyən edərkən həm müsbət,
həm mənfi təcrübəni öyrənmişik. Azərbaycanda son
altı il ərzində yoxsulluq səviyyəsinin 49
faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir.
Bu onu göstərir ki, Azərbaycanda təbii
resurslardan əldə olunmuş gəlirlər ədalətli
bölünür. Onu göstərir ki, Azərbaycan
cəmiyyətində təbəqələşmə getmir, əksinə,
insanlar arasında gəlir baxımından fərqlər
azalır.
Onu göstərir ki, Azərbaycanda çox mükəmməl və
şəffaf idarəetmə, o cümlədən resursların idarə
edilməsi sahəsində sistem yaradılıbdır. Bir
sözlə, iqtisadi islahatların davam etdirilməsi,
siyasi islahatlarla tamamlanması siyasəti
Azərbaycanda bundan sonra da davam
etdiriləcəkdir.
Qarşımızda duran vəzifələri icra etmək üçün, ilk
növbədə hazırda, bizə peşəkar kadrlar lazımdır.
Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə
ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf
edir. Biz iqtisadi islahatlardan ölkəmizin
sənayeləşməsinə qədər çox qısa və uğurlu yol
keçmişik. Bu gün Azərbaycanda yaradılmış və
yaranmaqda olan, müasir dünya standartlarına
cavab verən sənaye müəssisələri iqtisadi
inkişafımızı onilliklər bundan sonra da təmin
edəcəkdir.
Əfsuslar olsun ki, təbii resurslar gec-tez
tükənir. Nə vaxtsa biz də bu vəziyyətlə
üzləşəcəyik. Biz hazır olmalıyıq. Biz hazır
olmalıyıq ki, neft-qaz resurslarımız 50 ildən,
100 ildən sonra azalanda güclü sənaye
potensialımız olsun, Azərbaycan dövləti
qeyri-neft sektorunun inkişafı hesabına yaşasın
və yaxşı yaşasın. Ona görə sənayemizin inkişafı,
iqtisadi islahatlarımız bizdə çox peşəkar,
müasir kadrlar hazırlanmasını tələb edir. Bu
sahədə başlıca vəzifə, əlbəttə ki, ali
məktəblərin üzərinə düşür. Əlbəttə, biz bundan
sonra da çalışacağıq ki, gənclərimizi dünyanın
aparıcı ali məktəblərinə göndərək. Bildiyiniz
kimi, bu proqram artıq bir neçə ildir ki, icra
edilir.
Hər il yüzlərlə gəncimiz Azərbaycan Dövlət Neft
Fondunun hesabına dünyanın aparıcı ali
məktəblərinə ezam olunur, orada oxuyur. Ümid
edirəm ki, onların böyük əksəriyyəti Vətənə
qayıdacaq və öz biliklərini Vətənin inkişafına
sərf edəcək.
Ancaq, bu, yaranan peşəkar kadr problemini həll
etmir. Əsas kadr hazırlığı, əlbəttə ki, ölkə
daxilində həll olunmalıdır. Bu məqsədlə biz,
yenə də demək istəyirəm ki, təhsil sahəsində
kompleks tədbirlərin görülməsini nəzərdə tuturuq.
Uşaqlarımız kiçik yaşlarından
informasiya-kommunikasiya texnologiyaları ilə
tanış olmalıdırlar. Bu sahədə çox böyük
irəliləyiş əldə olunubdur. Bu gün
məktəblərimizdə hər 20 şagirdə bir kompüter
vardır. Halbuki, bir neçə il bundan əvvəl
məktəblərdə min şagirdə bir kompüter var idi. O
da elə dekorasiya naminə orada qoyulmuşdu, heç
kim ondan istifadə edə bilmirdi. Biz nəinki bu
proqramı tezliklə icra etdik, hətta indi ən
ucqar kəndlərdə kompüter sinifləri vardır. Mən
hər dəfə ucqar bölgələrdə olarkən yoxlayıram,
baxıram və görürəm ki, bu kompüterlər işləyir.
Yəni bu, dekorasiya üçün qoyulmayıb ki, mənə
göstərsinlər. Yoxlayıram, baxıram, görürəm ki,
uşaqlarımız ən ucqar dağ rayonlarında,
paytaxtdan uzaqda yerləşən bölgələrdə artıq
informasiya-kommunikasiya texnologiyaları ilə
tanışdırlar.
Bizim artan iqtisadi inkişafımız artıq
reallıqdır. Biz yaxşı bilirik ki, beş ildən,
yaxud da ki, 10 ildən sonra Azərbaycanın
iqtisadi və sənaye potensialı nədən ibarət
olacaqdır. Kadr hazırlığımızı da o artan
səviyyəyə uyğunlaşdırmalıyıq.
Ona görə bir daha demək istəyirəm ki, peşəkar
kadrların hazırlanması bu gün nəinki təhsil
sahəsində, yaxud da ki, hansısa ayrı bir
neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında
duran ən vacib problemlərdən biridir və biz
bütün sahələrdə buna nail olmalıyıq. Baxın, bu
gün Azərbaycana dünyada mövcud olan ən qabaqcıl
texnologiyalar gətirilir. Bütün sahələrə ən
qabaqcıl, ən gözəl xidmət infrastrukturunu
müəyyən edən avadanlıq gətirilir. Tikinti gedir,
ölkə müasirləşir. Biz ən gözəl nümunələri
Azərbaycana gətiririk, istər memarlıq, istər
texnologiya sahələrində. Biz elə etməliyik ki,
ölkəmiz, sözün əsl mənasında, müasir ölkə olsun.
Biz bəzi hallarda çalışırıq ki, zamanı
qabaqlayaq. Hələ dünyada təzə-təzə yaranan
avadanlığı Azərbaycana gətiririk və onlardan
istifadə etmək üçün təcrübə toplayırıq. Ona
görə, bir daha demək istəyirəm ki, kadrların
hazırlanması ümumxalq işimizdir. Əlbəttə ki, bu
məsələnin əsas yükü ali məktəblərin üzərindədir.
Ümid edirəm ki, biz bu sahədə daha da ciddi
nəticələri görəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan Dövlət
Neft Akademiyasının ölkəmizin inkişafında
müstəsna xidmətləri vardır. Heydər Əliyev neft
strategiyasının icrası nəticəsində biz neft-qaz
sənayesinin inkişafına, yenidən qurulmasına,
canlanmasına nail ola bilmişik. Burada
əyləşənlər, əlbəttə, yaxşı bilirlər ki, vaxtilə
neft ölkəsi kimi dünyada özünü tanıdan
Azərbaycan 1990-cı illərin əvvəllərində artıq o
şöhrətini itirirdi. Çünki qaz hasilatı böyük
dərəcədə aşağı düşmüşdü. Biz özümüzü qazla təmin
edə bilmirdik. Beləliklə, ölkəmizin böyük
hissəsi qazsız qalmışdı. Neft hasilatı kəskin
surətdə aşağı düşmüşdü və artıq biz özümüz
özümüzü neftlə güclə təmin edə bilirdik. Əgər
belə davam etsəydi, əlbəttə ki, bu gün
Azərbaycan nəinki neft-qaz sahəsində,
ümumiyyətlə, iqtisadi cəhətdən bəlkə də ən
geridə qalmış ölkələrin arasında ola bilərdi.
Nəzərə alsaq ki, 1990-cı illərin əvvəllərində
gedən xoşagəlməz proseslər, iqtisadiyyatın və
sənayenin tənəzzülü, siyasi böhran, vətəndaş
qarşıdurması və sair mənfi amillər ölkəmizi
uçurum kənarına qoymuşdu. Əgər biz iqtisadi
sahəni də əlavə etsək və əgər bu sahədə
irəliləyiş olmasaydı, onda ölkəmizin,
ümumiyyətlə, gələcəyi haqqında ən pessimist
proqnozlar özünü doğrulda bilərdi. Ona görə
Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi, neft
strategiyasının icrası nəticəsində biz bu sahədə
və bütövlükdə ölkədə gedən proseslərdə ciddi
dönüş yarada bildik. Hasilatın artırılması,
xarici investisiyaların cəlb olunması,
investorlar üçün cəlbedici şəraitin yaradılması,
milli maraqların tam şəkildə qorunması,
beynəlxalq əlaqələrimizin genişləndirilməsi,
neft-qaz kəmərlərinin tikintisi, böyük neft-qaz
yataqlarının işlənilməsi, "Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" neft-qaz layihələrinin icrası
nəticəsində bu gün biz bu uğurlardan danışa
bilirik. Biz realist olmalıyıq.
Əlbəttə, bu gün biz çalışırıq ki, neft-qaz
amilindən asılı olmayaq. Bizim strateji xəttimiz
bundan ibarətdir. Biz istəyirik ki, qeyri-neft
sektoru inkişaf etsin. Ancaq gərək biz bütün
məsələlərə reallıq baxımından yanaşaq. Əgər
bizdə bu güclü təbii resurs olmasaydı,
qeyri-neft sektorunu nəyin hesabına inkişaf
etdirə bilərdik?! Pulumuz, maliyyə resurslarımız
yox idi. 1990-cı illərin əvvəllərində xəzinə boş
idi. Orada olan-qalan vəsait də talan edilmişdi.
1990-cı illərin əvvəllərində xarici maliyyə
qurumları Azərbaycana çox riskli ölkə kimi
baxırdı və bizə heç kim kredit vermək istəmirdi.
Bu gün biz bu problemlə üzləşmirik. Azərbaycana
xaricdən istənilən həcmdə maliyyə resursları
gətirə bilərik və bəzi hallarda bizə olan təklif
tələbatımızdan daha da artıqdır. Ancaq o illərdə
kim bizə kredit verə bilərdi, bilə-bilə ki, o
kredit heç vaxt qaytarılmayacaqdır.
Ona görə neft strategiyasının icra edilməsi
bizim üçün yeganə çıxış yolu idi. Ancaq biz o
strategiyanı Heydər Əliyevin rəhbərliyi ilə çox
çətin geosiyasi vəziyyətdə icra etməyə
başlamışdıq. Biz hamımız yaxşı bilirik ki,
neft-qaz təşəbbüslərimiz bəzi hallarda böyük
müqavimətlə üzləşirdi. Bəzi hallarda ölkə
daxilində, - əfsuslar olsun ki, belə hallar da
olub, - bir çox hallarda ölkəmizin xaricində.
Əgər o təzyiqlərə dözməsəydik, qətiyyət və
cəsarət göstərməsəydik, biz bu yoldan kənara
çıxa bilərdik və o, bizim ölkəmiz üçün faciə ola
bilərdi. Ona görə bu tarixi biz yaxşı bilirik və
yaddan çıxarmamalıyıq. Bu gün, bəli, Azərbaycan
dünya enerji bazarında özünəməxsus yeri ilə
oturuşmuş ölkə, etibarlı tərəfdaş kimi özünü
göstəribdir. Hər kəs bununla razılaşmalıdır və
razılaşır. Çünki bu, reallıqdır, reallığı inkar
etmək olmaz. Ancaq bu reallıq göydən düşməyib.
Bu reallığı səylərimizlə, bəzi hallarda, sözün
yaxşı mənasında, inadkarlığımızla, qətiyyətlə və
cəsarətlə özümüz yaratmışıq.
Bu gün Azərbaycanın neft-qaz sektoru intibah
dövrünü yaşayır. Neft hasilatımız 1990-cı
illərin əvvəlində olan hasilatla müqayisədə 5-6
dəfə artıbdır, qaz hasilatımız da həmçinin.
Perspektivlərimiz daha da ürəkaçandır. Həm neft,
həm qaz sektorunda indi aparılan işlər bir neçə
ildən sonra yeni bir vəziyyətin yaranmasına
gətirib çıxaracaqdır. Biz artıq dünya enerji
xəritəsində öz imzamızı qoymuşuq. Təşəbbüsümüzlə
çəkilən neft-qaz kəmərləri bütün yolları, bütün
bazarları bizim üçün açıq edibdir. Bizim
şaxələndirilmiş infrastrukturumuz, maliyyə
resurslarımız vardır. Biz əldə olunan gəlirləri
Neft Fondunun yaradılması və fəaliyyəti
nəticəsində qoruya bilmişik. İldən-ilə Neft
Fondunda yığılan vəsait artır. Baxmayaraq ki,
keçən böhran ilində neftin qiyməti 4-5 dəfə
aşağı düşmüşdü, yenə də biz o vəsaitdən elə
qənaətlə istifadə etdik ki, həm ölkədə işlər
getsin, həm də orada məbləğ azalmasın. Bu məbləğ
getdikcə artır.
Biz bu gün istənilən böyük maliyyə resurslarını
tələb edən layihəni öz gücümüzlə icra edə
bilərik. Bu, böyük uğurdur, böyük dəyərdir.
Müstəqillik ancaq güclü iqtisadiyyat üzərində
qurula bilər. Müstəqillik bizim üçün hər şeydən
üstündür. Bundan üstün bir şey ola bilməz. Biz
bu müstəqilliyi möhkəmləndirməliyik. Müstəqil
siyasət aparmaq, iqtisadi, o cümlədən enerji
sahəsində müstəqil təşəbbüsləri irəli sürmək
böyük imkanlar tələb edir, həm maliyyə, həm
iqtisadi, həm siyasi cəhətdən. Azərbaycan
cəmiyyətində bu məsələlərlə bağlı vahid fikrin
formalaşması, əlbəttə ki, mövqelərimizi
gücləndirir. Bir daha demək istəyirəm ki,
neft-qaz sektorunda vaxtilə Azərbaycan
tərəfindən irəli sürülmüş və bu gün irəli
sürülən layihələr həlledici rol oynayır. Bu gün
Azərbaycanın iştirakı olmadan enerji sahəsində
və həmçinin nəqliyyat və iqtisadiyyat
sahələrində heç bir təşəbbüs irəli sürülə
bilməz. Azərbaycanın iştirakı və razılığı
olmadan hər bir halda bu geniş bölgədə enerji
məsələləri öz həllini tapa bilməz. Bizim isə bu
sahədə siyasətimiz birmənalıdır. Biz enerji
resurslarımızdan ancaq əməkdaşlığın dərinləşməsi
üçün istifadə etməyə çalışırıq, buna nail olmaq
istəyirik. Biz enerji imkanlarımızdan heç vaxt
başqa məqsədlə istifadə etməmişik və
etməyəcəyik. Biz bu imkanlardan ancaq bölgədə
ölkələr arasındakı dostluq, mehriban qonşuluq
münasibətlərinin gücləndirilməsi, milli
maraqlarımızın təmin edilməsi və Azərbaycanın
qüdrətlənməsi üçün istifadə edirik və edəcəyik.
Əlbəttə ki, uğurlu neft strategiyamızın davam
etdirilməsi üçün Azərbaycan Dövlət Neft
Akademiyasının çox böyük rolu vardır. Əgər
1994-cü ildə imzalanmış kontraktın icrasında
mütəxəssislərimiz iştirak etməsəydilər, biz
kontraktın imzalanmasından cəmi 3 il keçəndən
sonra ilk nefti hasil edə bilməzdik. Bu, dünya
enerji-neft praktikasında nadir bir təcrübə idi.
Adətən, kontrakt bağlanandan 10 il, bəzən 15
ildən sonra birinci neft hasil edilir. Bizdə isə
1994-cü ildə kontrakt bağlandı, 1997-ci ildə ilk
neft hasil edildi. Mütəxəssislərimiz, Dövlət
Neft Akademiyasında təhsil almış mütəxəssislər,
mühəndislər, alimlərimiz bu neft strategiyasının
uğurla icra edilməsində çox böyük rol
oynamışlar. Mən bunu çox yüksək qiymətləndirirəm
və demək istəyirəm ki, gələcəkdə görüləcək işlər
çoxdur. Neft-qaz strategiyamız uğurla icra
edilir və bu, uzunmüddətli strategiyadır.
Onilliklər bundan sonra Azərbaycan bu sahədə, bu
bölgədə aparıcı rolunu qoruyub saxlayacaqdır.
Əziz dostlar, mən bu gözəl yubiley münasibətilə
sizi bir daha ürəkdən təbrik etmək istəyirəm.
Sizə cansağlığı və yeni uğurlar arzulayıram. Sağ
olun. |