Düz
11 il öncə, bir az da dəqiq desək, 1999-cu il
mayın 6-da Kərimovlar ailəsinə Tanrı bir dünya
sevinc bəxş etdi. Sonralar Firdus adını
daşıyacaq gözəl bir qız dünyaya göz açdı.
Firdus hələ uşaqlıqdan qeyri-adi istedadı ilə
ətrafındakıları heyrətləndirirdi. O, 4 yaşı
olarkən əlifbanı sərbəst oxuyur, rəsm çəkir,
müxtəlif boyaları bir-birindən ayırırdı. 6
yaşında isə T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayında "Cücələrim" ansamblının
solisti seçildi. Milli və dünya xalqlarının
rəqslərini məharətlə ifa etdiyinə görə dəfələrlə
o, fəxri fərman və diplomlarla
mükafatlandırılıb. İdmanın dama növü ilə də
məşğul olan Firdus öz yaşıdları arasında
keçirilən dama yarışlarında dəfələrlə birincilik
qazanıb. Artıq Firdus dördqat Azərbaycan
çempionu olmaqla I dərəcəli damaçı adını
daşıyır. Bu günlərdə o, növbəti qələbəsi ilə
də öz pərəstişkarlarını sevindirib. Bakı şəhər
məktəbliləri arasında keçirilən dama üzrə XXIII
spartakiadanın qalibi adını qazanaraq I dərəcəli
diplomla təltif olunub.
Yeniyetmə qız Bakıdakı 189 nömrəli orta
məktəbin VI sinfində təhsil alır. Nümunəvi və
əlaçı şagirddir. F.Kərimova məktəbdə fəaliyyət
göstərən "İstedad" şagird studiyasının fəal
üzvlərindəndir. Təhsil ocağında vaxtaşırı
keçirilən "Vətən dərsləri"nin, müxtəlif
tədbirlərin fəal iştirakçısıdır. Onun
"Şirvanşahlar" qoruq - muzeyində keçirilən
"Vətən dərsləri"ndə Xurşidbanu Natəvanın
"Qərənfil" rədifli qəzəlini özünəməxsus tərzdə
söyləməsi, M.Ə.Sabirin satirik şeirlərini,
C.Cabbarlının əsərləri əsasında hazırlanmış
səhnəcikləri xüsusi ustalıqla və məharətlə
ifa etməsi maraqla qarşılanıb.
Məktəbin direktoru Bela Cəlilova rəhbərlik
etdiyi təhsil ocağında belə istedadlı və
bacarıqlı şagirdi ilə qürur hissi
keçirdiyini söylədi. Bildirdi ki, onun
müxtəlif səhnə əsərlərində canlandırdığı
rollardan olan fotoşəkillərdən ibarət guşə
yaratmaq fikrindədir.
Sifai SƏFƏROVA |